DünyaSiyasət

NATO-nun aqoniyası

NATO-nun 32 üzvü var. Onun illik büdcəsi $1,4 trilyondur. Büdcə xərclərinin 60%-i ABŞ tərəfindən maliyyələşdirilir. Yəni qalan 31 ölkə büdcə xərclərinin 40%-ni ödəyir. ABŞ və Kanadada NATO bazalarının olmadığını nəzərə alsaq, deyə bilərik ki, ABŞ-ın NATO üzrə bütün xərcləri Avropa ilə bağlıdır.

Ukrayna müharibəsində ABŞ açıq-aydın gördü ki, ABŞ-sız Avropa Rusiyaya qarşı heç bir gücə malik deyil. Avropa bütün bacardığı imkanlarla ABŞ-ı Rusiya ilə birbaşa müharibəyə cəlb etməyə çalışır. ABŞ-da bir qrup düşünür ki, konvensional müharibədə Rusiya ABŞ üçün heç bir təhlükə yaratmır, Rusiyanı ABŞ-dan okean ayırır. Avropa isə Rusiya ilə qonşudur. Belə olan halda niyə ABŞ Rusiya ilə sonu qeyri-müəyyən olan müharibəyə girməlidir?

Qrenlandiyanı “Rusiya və Çindən qorumaq” üçün bütün Avropanın adaya 37 hərbçi göndərdiyini görəndən sonra 20 yanvarda Ağ Evdə verdiyi brifinqdə Tramp dedi ki, Amerika həmişə NATO ölkələrini müdafiə edib, onların köməyinə gəlib, bəs ABŞ-a qarşı təhlükə olarsa, NATO ölkələri onun köməyinə gələcəkmi? Sonra da əlavə etdi ki, mən bunu, sadəcə, düşünmək üçün dedim.

Həmin gün Tramp Bobby D adlı bir şəxsin “Biz nə vaxt anlayacağıq ki, düşmən kənarda deyil? Rusiya və Çin – yalançı təhlükədir, əsl təhlükə – BMT və NATO-dur.” postunu Truth Social hesabında şərhsiz paylaşdı (şərh bölməsində).

21 yanvarda məlum oldu ki, ABŞ-ın müharibə naziri NATO-nun bir çox proqramlarında ABŞ-ın iştirakını minimuma endirmək barədə sərəncam verib. Bu isə həmin proqramların ABŞ tərəfindən maliyyələşdirilməsinin azaldılmasına və ya dayandırılmasına, həmçinin onlarda iştirak edən ABŞ hərbçilərinin ixtisar edilməsinə səbəb olacaq.

23 yanvarda isə müsahibələrindən birində Tramp dedi ki, niyə NATO həmişə Avropa ölkələrini müdafiə etməlidir? Onu ABŞ-la Meksika sərhədlərinin miqrantlardan qorunmasına da cəlb etmək olar. Məncə, bu ABŞ hərbçilərinin Avropadan çıxarılıb, ABŞ-a gətirilməsinə haqq qazandırmaq üçün düşünülmüş bəhanədir – adı NATO qoşunu olacaq, lakin ABŞ-da yerləşdiriləcəklər.

Tramp Avropadakı qoşunlarının hamısını və ya böyük qismini (vəziyyətdən asılı olaraq) ABŞ-a qaytaracaq. Buna görə də o, NATO-nun Avropada gələcəyinə pessimistcəsinə baxır və Avropanın özü özünü qorumalı olduğunu deyir. Amerika qoşunlarının Avropada saxlanmasına çəkilən xərcləri ölkəsinin QLM-lərdən təmizlənməsinə yönəltmək istəyir. Yəni NATO-nun taleyi sual altındadır.

Danimarka ilə ABŞ arasında münasibətlər pisiləşəcək. Bu NATO-daxili münaqəşəni gücləndirəcək. NATO-nun parçalanması reallaşacaq.

ABŞ Qrenlandiyada mövcud olan separatçılıq meyllərinə dəstək verəcək, inuitlərin narazılıqlarını körükləyəcək və adanın müstəqillik əldə etməsinə çalışacaq. Müstəqil olandan sonra isə onun ABŞ-ın təsiri altına düşməsi labüddür.

 ABŞ Monro doktrinasına qayıdacaq və Avropadan çıxacaq.

XIX-XX əsrlərdə ABŞ üçün heç bir hərbi təhdid yox idi. Nəinki sərhəd qonşularında, bütün Amerikada ABŞ-a qarşı dayana bilən güc yox idi. Bu da Amerikanı bir çox xərclərdən azad edirdi: daxildə böyük ordu saxlamırdı, sərhəd qoşunları, demək olar ki, yox idi, sərhədlərin möhkəmləndirilməsinə böyük xərc çəkmirdi və s. ölkə daxilində az hərbi qüvvə saxladığı üçün bu qüvvələri xaricə göndərə, başqa qitələrdə maraqlarını qoruya bilirdi.

XXI əsrdə ABŞ sərhədlərini daha ciddi qorumağa məcbur olacaq. Çin artıq Kanada iqtisadiyyatında böyük paya malikdir. ABŞ Çini məğlub edə bilməzsə, Çin 10 il ərzində Kanadanı tam təsiri altına alacaq. Güclənən Çinin ABŞ-ın birbaşa sərhədində olması ABŞ üçün dəhşətli yuxu kimidir. Bu haldan sığortalanmaq üçün ABŞ Kanadanı indidən Çin üçün bağlı etməlidir. Bunun üçün isə ya Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır (ən yaxşı halda), ya da Kanada ABŞ-ın tam nəzarətinə keçməlidir (ən pis halda).

Tramp ABŞ-ı NATO-dan çıxardacaq və ya o, NATO-nun dağılacağını (və ya amorf struktura çevriləcəyini) nəzərə alıb. Çünki əgər NATO deyiləndə ABŞ hərbi gücü nəzərdə tutulursa, NATO ABŞ-ın nəyinə lazımdır?

Həm də NATO ABŞ-ın Qərbi Avropadakı maraqlarını qorumaq üçün yaradılmışdı. Artıq Avropa çöküş dövrünü yaşayır, ABŞ da Avropanı çökdürmək üçün əlindən gələni edir. Belə olan halda NATO nəyə lazımdır? ABŞ Avropada olan-qalan maraqlarını ABŞ ordusu ilə də qoruya bilər.

Trampa silahlı qüvvələri öz ölkəsində daha çox lazım olacaq – miqrantlarların deportasiyası, sərhədlərin mühafizəsi, Meksikada narkokartellərlə mübarizə, Qrenlandiya və Kanadada strateji obyektlərin mühafizəyə götürülməsi, ABŞ daxilində kriminalitetlə mübarizə, mümkün küçə nümayişlərindən sığortalanma, Çin ətrafında silahlı qüvvələri artırma və s. məqsədlər üçün.

ABŞ Monro doktrinasına qayıdır. Lakin bu dəfə o yalnız Şimali Amerika ilə kifayətlənə bilər, Cənubi Amerikanı qorumağa gücü çatmır. Şimali Amerikanı qorumaq üçün isə ona böyük ordu lazımdır (sərhədlər çox uzundur).

Əlqərəz, proqnozlar doğruldu: NATO-nun dağılması və ya amorf struktura çevrilməsi başladı.

NATO hələlik bir struktur kimi qalsa da, artıq mənasız bir quruma çevrilib. Bu qurumun dayağı ABŞ idi. Ona etibar yoxdursa, faktiki dayaq yoxdur. Dayaq yoxdursa – qurum da yoxdur.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Maduronun oğurlanmasından 2 gün keçdi. Bu hadisə necə baş verdi və nə gözlənilir?

redaktor

Ramiz Mehdiyevə yaxın olan icra başçıları:-TƏLAŞ İÇİNDƏDİRLƏR…

redaktor

İtalyan mafiyasının başçısı restoranda həbs edildi – Bir il əvvəl həbsdən qaçıb

redaktor