1969-cu il yanvarın 22-də sovet vətəndaşları Mərkəzi televiziya yayımlanan canlı reportaja baxırdılar. Moskvada iki kosmik gəminin – “Soyuz-4” və “Soyuz-5” heyətlərinin təntənəli qarşılanması mərasimi keçirilirdi. Bu təntənə səbəbsiz deyildi.
Həmin ərəfədə sovet kosmonavtikası müəyyən durğunluq yaşayırdı. 1965-ci ilin martında kosmonavt Aleksey Leonov (“Vosxod-2”) dünyada ilk dəfə açıq kosmosa çıxdı. Amma müəyyən texniki nöqsanlarını və planlaşdırılan işlərlə bağlı perspektivsizliyini nəzərə alaraq “Vosxod” gəmilərindən imtina etmək, “Soyuz” gəmilərinin hazırlanmasını gözləmək qərara alındı. Nəticədə pilotlu uçuşlarda iki ildən çox fasilə yarandı.
Amerikalılar isə həmin dövrdə “Gemini” proqramı çərçivəsində 10 pilotlu uçuş həyata keçirdilər və sovet kosmonavtlarına məxsus bir sıra rekordları təzələdilər. 1967-ci il başlayanda ABŞ astronavtlarının sayı sovet kosmonavtlarından artıq iki dəfə çox idi.
Sovetlərin ən uzunmüddətli uçuşu (“Vostok-5“, Valeri Bıkovski) 4 sutka 22 saat 56 dəqiqə sürmüşdü. Amerikalılar bunu əvvəlcə 7 gün 22 saat 55 dəqiqəyə (“Gemini-5”, Qordon Kuper və Çarlz Konrad”, daha sonra isə 13 gün 18 saat 35 dəqiqəyə (“Gemini-7” Frenk Borman, Ceyms Lovell) qədər artırdılar.
Əgər Leonov cəmi 12 dəqiqə açıq kosmosda olmuşdusa, Yucin Sernan (“Gemini-9A”, Tomas Stafford ilə birikdə) 2 saat 8 dəqiqə oldu. Amerikalıların bir nailiyyəti xüsusilə önəmli idi: 1966-cı il martın 16-da iki kosmik aparatın – pilotlu “Gemini-8” (heyət: Nil Armstronq və Devid Skott) və pilotsuz “Agena-VIII” aparatlarının kosmosda birləşməsini həyata keçirdilər. Cəmi dörd ay sonra “Gemini-10” (Con Yanq və Maykl Kollinz) bu nailiyyəti yenidən təkrar etdi.
Kosmik uçuşlar lap əvvəldən SSRİ və Amerika arasında rəqabətə çevrildiyindən və prestij məsələsi olduğundan, sovet rəhbərliyi, əlbəttə, bu baş verənlərdən məmnun deyildi və pilotlu uçuşların bərpasını tələb edirdi. Bu tələsdirmənin rolu var idi, ya yox, amma “Soyuz” modelli kosmik gəminin ilk uçuşu faciə ilə yekunlaşdı.
1967-ci ilin aprelində nəzərdə tutulan plana görə, “Soyuz-1” (Vladimir Komarov) və “Soyuz-2” (Valeri Bıkovski, Aleksey Yeliseyev və Yevgeni Xrunov) gəmiləri bir-birinin ardınca kosmosa uçmalı və orada dünyada ilk dəfə olaraq iki pilotlu gəminin birləşməsini həyata keçirilməli idilər. Bundan sonra Yeliseyev və Xrunov öz gəmilərini tərk edərək birincisinə keçəcək və onunla Yerə qayıdacaqdılar.
Amma “Soyuz-1” uçuşa başlayandan problemlə üzləşdi. Günəş batareyaları panellərinin ikisindən biri açılmadı və aparat elektrik enerjisi ilə tam təchiz olunmadı. Dünyada kosmosa ikinci dəfə uçan ilk adam olan Vladimir Komarovun cəhdləri nəticə vermədikdə, uçuşu erkən yekunlaşdırmaq və “Soyuz-2”-ni göndərməmək qərara alındı. Amma geri qayıdan zaman naməlum səbəblərdən əsas paraşüt açılmadığından eniş aparatı böyük sürətlə yerə çırpıldı və Komarov həlak oldu.
Bundan sonra pilotlu uçuşlar daha ilyarım təxirə salındı. 1968-ci ilin oktyabrında bərpa edilən uçuşun məqsədi bir qədər dəyişdirildi. “Soyuz-2” gəmisi pilotsuz uçacaqdı, bir gün sonra qalxacaq pilotlu (Georgi Bereqovoy) “Soyuz-3” gəmisi isə kosmosda ona birləşəcəkdi. Amma həm texniki nöqsanlar, həm də kosmonavtın səhvi ucbatından birləşmə alınmadı.
Əvəzində üç ay sonra hər şey istənilən kimi baş tutdu, həm də daha əvvəlki plana qayıtmaqla. Yanvarın 14-də “Soyuz-4” (Vladimir Şatalov), ertəsi gün isə “Soyuz-5” gəmiləri (Boris Volınov Aleksey Yeliseyev və Yevgeni Xrunov) kosmosa qalxdı. Yanvarın 16-da UTC vaxtı ilə 08.20-də iki gəminin birləşməsi baş verdi. Yeliseyev və Xrunov açıq kosmos vasitəsilə “Soyuz-4”-ə keçdilər. Bir gün sonra “Soyuz-4”, ertəsi gün isə “Soyuz-5” yerə qayıtdı.
Bununla da bir neçə ilkə imza atıldı. İlk dəfə pilotlu iki aparat kosmosda birləşdi, ilk dəfə 4 kosmonavtın olduğu orbital stansiya yaradıldı, ilk dəfə kosmosa bir aparatda qalxıb, başqa aparatda enmək baş verdi. Leonovun uçuşundan sonrakı 4 ilə yaxın müddətdə yalnız amerikalıların nailiyyətlərini izləyən SSRİ, nəhayət, özü ciddi uğur qazandı.
Təsadüfi deyildi ki, sovet rəhbərliyi bu uğuru layiqincə qeyd etmək qərarına gəldi. Yanvarın 22-də Moskvada təntənəli keçid və qəbul mərasimi planlaşdırılırdı, Kremlin qurultaylar sarayında böyük toplantı keçiriləcək, kosmonavtlara ali dövlət təltifləri verləcəkdi. Mərkəzi televiziya da kosmonavtların təntənəli keçidini canlı göstərirdi.
Amma qəfildən yayın kəsildi. Ciddi hadisənin baş verdiyi şübhəsiz idi və bunu tam gizlətmək mümkün deyildi. Çünki canlı yayından əlavə, xeyli adam kosmonavtların pişvazına çıxmışdı. Ertəsi gün TASS agentliyi məlumat yayaraq kosmonavtlara atəş açıldığını bildirdi. Qərb mətbuatı isə hədəfinin sovet rəhbəri Brejnev olduğunu iddia etdi. Əslində TASS da, Qərb mətbuatı da haqlı idi. Hədəf Brejnev idi, amma səhvən kosmonavtlara atəş açılmışdı. Atəş açan ordu leytenantı Viktor İlyin idi.
***
Viktor İvanoviç İlyin 1947-ci ildə Leninqrad şəhərində anadan olmuşdu. Alkoqolik valideynləri onu uşaq evinə vermişdilər. Oradan da uşaqsız ailə övladlığa götürüb böyütmüşdü.
İlyin peşəkar hərbçi deyildi. Leninqrad topoqrafiya texnikumunu bitirdikdən sonra çağırışçı olaraq həqiqi hərbi xidmətə aparılmışdı. Texnikumda hərbi kafedra olduğuna görə xidmətini əsgər kimi deyil, zabit kimi (kiçik leytenant), elə Leninqrad yaxınlığındakı Lomonosov şəhərində keçirdi.
Yanvarın 20-də axşam İlyin hərbi hissə növbətçisinin köməkçisi növbəsinə daxil olur. Ertəsi gün növbətçi səhər yeməyi zamanı yeməkxanaya gedəndə silah otağının açarı İlyinin əlinə keçir. O, bundan istifadə edərək iki Makarov tapançası və dörd güllə darağı götürərərk hərbi hissəni tərk edir.
Leninqrad hava limanına gələn İlyin Moskvaya bilet alır. O zaman dünya təyyarə terroru ilə hələ yaxından tanış deyildi. Yalnız İsraildə bəzi təhlükəsizlik tədbirləri görülməyə başlanılmışdı. SSRİ-də isə hərbi formada olan adam üçün iki tapançanı təyyarəyə keçirmək çətin olmadı.
Moskvaya gələn İlyin gecələmək üçün bir tanışının (və ya qohumunun) evinə gedir. Ev sahiblərinə qəfil gəlişini kosmonavtları canlı görmək istəməsi ilə izah edir.
Hərbi hissədə isə İlyinin özü ilə silah götürdüyünü bilmədiklərindan, onu öz qüvvələri ilə tapmağa çalışırlar. Hərbçinin xidmət yerini özbaşına, xüsusən də növbə vaxtı tərk etməsi ciddi pozuntu sayılırdı və hərbi hissə komandiri üçün böyük başağrı ola bilərdi. Ona görə də komandanlıq belə halları ört-basdır etməyə çalışır, günahkarı öz səlahiyyətləri çərçivəsində cəzalandırırdı.
Yalnız axşam növbənin təhvil-təslim vaxtı iki tapança və dörd güllə darağının yoxa çıxdığı aşkar edildi və bundan sonra həm daha yüksək hərbi instansiyalar, həm də hüquq mühafizə orqanları məlumatlandırıldı. Araşdırmalardan sonra İlyinin Moskvaya uçduğu ortaya çıxdı.
***
Viktor İlyinin qaldığı evin sahibi milis nəfəri idi. O, həmin gün xidmətdə olmadığından mülki formada evdən çıxdıqda, İlyin onun formasını geyinmək qərarına gəlir. Çünki onun kosmonavtları qarşılayan kütlənin içində ola biləcəyini təxmin edən KQB əməkdaşları hərbi formada birini axtarırdılar. Həm də milis forması ona istədiyi yerdə mövqe tutmağa imkan verir.
Kosmonavtları gətirən kortejdə bir neçə avtomobil vardı. Mərasimin qəhrəmanları – Şatalov, Volınov, Yeliseyev və Xrunov birinci avtomobildə idilər. Hava şaxtalı olduğundan yolun xeyli hissəsini üstüörtülü maşında hərəkət etdilər. Yalnız “Udarnik” kinoteatrının yanında üstüaçıq avtomobilə keçdilər və onları qarşılayan moskvalıları salamlaya-salamlaya Kremlə doğru irəlilədilər.
Kortejdəki digər maşınlar üstüörtülü idilər. İkinci maşında da kosmonavtlar vardı – daha əvvəl kosmosa uçan Valentina Tereşkova, Aleksey Leonov, Georgi Bereqovoy və Andriyan Nikolayev. Leonid Brejnev isə yalnız dördüncü avtomobildə idi.
Təbii ki, İlyinin kimin hansı avtomobildə olması barədə məlumatı yoxdu. O, təxmin edir ki, ilk avtomobildə kosmonavtlar, ikincisində Brejnev olacaq və ikinci avtomobilə atəş açmağı planlaşdırır. O, Kremlin Borovitski darvazası yaxınlığında mövqe tutur. Kortejin sürəti burada daha aşağı olacağından dəqiq atəş açmaq üçün əlverişli yerdir.
Saat 14.00-dan bir qədər keçəndən sonra İlyin kortejin yaxınlaşdığını görür. Birinci avtomobilin üstüaçıq olması onun üçün gözlənilməz olsa da, orada kosmonavtların gəlməsi öz təxmininin düzgünlüyünə inamını artırır. Artıq bir müddətdir ki, tapançaların qoruyucusunu qaldırıb, əllərində hazır tutub, amma kənardan görünməsin deyə, əllərini şinelin qollarına çəkərək saxlayıb. Soyuq havada belə duruş təbii görünür.
İkinci avtomobil yaxınlaşdıqda İlyin hər iki əlini yuxarı qaldıraraq bir neçə metrdən atəş açmağa başlayır. Sayılı saniyələr ərzində iki tapançadakı 16 güllədən 11-ni ata bilir. Bundan sonra eskortdakı motosikletçilərdən biri onun üzərinə hərəkət edərək yerə yıxır və İlyin təhlükəsizlik əməkdaşları tərəfindən həbs olunur.
Kosmonavtlara ciddi xəsarət toxunmadı. Sınan şüşələr ön oturacaqdakı Bereqovoyu yüngül yaraladı, arxada oturan Leonovun isə güllə şinelinə sürtülür. Onlar az sonra Qurultaylar sarayında baş tutan təntənəli toplantıda iştirak etdilər. Əvəzində avtomobilin sürücüsü İlya Jarkov ağır yaralandı və 8 gün sonra vəfat etdi.

Hadisədən bir müddət sonra SSRİ Ali sovetinin sədri Nikolay Podqornı kosmonavtlar Şatalov, Volınov, Yeliseyev və Xrunova Sovet İttifaqı Qəhrəmanı ulduzunu təqdim edir
Elə həmin gün İlyinin ilk dindirilməsi keçirilir. KQB sədri Yuri Andropovun da iştirak etdiyi sorğu-sualda İlyin Brejnevin xalqa zidd siyasət yürütdüyünü, onun əvəzinə bir başqasının, məsələn Mixail Suslovun rəhbər olmasını ölkə üçün daha faydalı saydığını söyləyir. O, ilk cavablarından müstəntiqdə qeyri-adekvatlıq təəssüratı oyadır.
Bir il davam edən istintaq Viktor İlyinə heç kəsin kömək etməməsi, terror aktını təkbaşına düşünüb həyata keçirməsi qənaətinə gəlir. Öz növbəsində ekspertiza onun psixi cəhətdən sağlam olmaması barədə rəy verir. 1970-ci ilin martında hərbi məhkəmə İlyini cinayət məsuliyyətindən azad edir və məcburi müalicəsi barədə hökm çıxarır.
Bu hadisədən sonra Leonid Brejnevin təmkinli davranışı diqqət çəkir. Əgər belə bir iş Stalinin başına gəlsəydi, şübhəsiz, xeyli tutulan və güllələnən olacaqdı. Xüsusən də nəzərə alsaq ki, İlyin Stalinin heç sevmədiyi, iki dəfə kütləvi “təmizləmə” apardığı Leninqraddan idi. Brejnev isə öz sələfi kimi paranoyaya uğramır, nə müdafiə, nə daxili işlər nazirlərini, nə KQB sədrini, nə də Leninqrad rəhbərliyindən kimsəni cəzalandırmır.
İlyin psixiatriya müəssisələrində 20 il keçirdikdən sonra 1990-cı ildə azadlığa buraxıldı. Mətbuatda, internetdə rast gəlinən son məlumatlara görə, indi də Sankt-Peterburqda yaşayır.
