Qərbin “dəyərlər” nağılının sonu, riyakarlığının ifşası, dünya nizamında realizmin bərpası və Azərbaycanın soyuqqanlı və strateji siyasəti:
30 il ərzində Avropa təsisatları və beynəlxalq təşkilatlar bizi inandırmağa çalışırdılar ki, guya mücərrəd “dəyərlər” real milli maraqlardan üstündür.
Vaxtilə bizə “yumşaq güc”dən mühazirə oxuyan, tərəfdaşlarını uydurma “dəyərlər” prinsipi əsasında seçdiyini bəyan edən Avropa liderləri, bu gün Hindistanla və yaxud dünənə qədər özlərinə rəqib, hətta təhlükə hesab etdikləri Çinlə strateji iqtisadi əməkdaşlıq sənədləri imzalayırlar.
Avropa Komissiyasının rəhbərliyinin Hindistanla tələsik imzaladığı genişmiqyaslı saziş Avropa İttifaqının müştəri axtaran bir təchizatçıya çevrildiyinin acı etirafıdır. İllərdir bizə qarşı əsassız ittihamlar irəli sürən Kanadanın Çinlə imzaladığı “Prinsipial Razılaşma” və Çin istehsalı olan elektromobillərə tətbiq edilən gömrük rüsumlarını 100 faizdən 6.1 faizə endirməsi son onilliyin ən böyük geosiyasi kurs dəyişikliyi olmaqla yanaşı, Qərb siyasi elitasının prinsipsizliyini nümayiş etdirir.
Həyasızcasına və ədalətsizcəsinə daim Azərbaycana təzyiq göstərməyə cəhd edən bəzi Avropa lideləri bu gün Davos Forumunun dəhlizlərində məsxərə obyektinə çevriliblər.
İndi bəzi Avropa dövlətləri təlaş içində silahlanmadan, hərbi sənayeyə milyardlar ayırmaqdan danışırlar. Onlar hələ indi dərk ediblər ki, təhlükəsizliyi gözəl sözlərlə, kağız üzərindəki bəyanatlarla təmin etmək mümkün deyil.
Bu gün ABŞ, Çin, Rusiya və Avropa İttifaqının bir-biri ilə kəskin rəqabət apardığı bir vaxtda, Prezident İlham Əliyevin vaxtında verdiyi soyuqqanlı və strateji addımlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyi və sağ qalması üçün qarant dövlətə çevirdi.
Bizə qarşı aparılan azərbaycanofobiya və qarayaxma kampaniyalarını düzgün qiymətləndirərək, Azərbaycan üçün emosional “sevilən dövlət” obrazını deyil, praqmatik “əvəzolunmaz tərəfdaş” statusunu hədəfləyən Azərbaycan Prezidenti məqsədinə tam nail oldu.
Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, həm ABŞ-la, həm Vaşinqtonla ciddi qarşıdurmada olan Çinlə, həm Çinlə rəqabət aparan Avropa İttifaqı ilə, o cümlədən qardaş Türkiyə və qonşu Rusiya ilə strateji əməkdaşlıq əlaqələrinə malikdir.
Adətən qlobal nəhənglər toqquşanda kiçik dövlətlər əzilir. Lakin İlham Əliyev bu düsturu tərsinə çevirdi. Bakı öz suverenliyini kağız parçasına çevrilmiş beynəlxalq sənədlərlə deyil, dəyişdirilməsi mümkün olmayan reallıqlarla – daxili sabitlik, iqtisadi müstəqillik və güc, boru kəmərləri, logistika mərkəzləri və “Yaşıl Enerji” kabelləri ilə təmin etdi. İndi böyük güclər bizim müstəqil seçimlərimizə və əməkdaşlıq formatımıza hörmətlə yanaşmaq məcburiyyətindədirlər.
Davos sammitinin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, yeni qlobal təhlükəsizlik mexanizmi olan “Sülh Şurası”nın (Board of Peace) təsis edilməsidir. Azərbaycanın bu qurumun Nizamnaməsini təsisçi üzv dövlət kimi imzalaması tarixi hadisədir.
BMT, Avropa Şurası və digər köhnəlmiş təsisatlar sistemi Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətləri “normativ” təzyiqlərlə, əsassız qətnamələrlə məhdudlaşdırmaq üçün alətə çevrilmişdi.
Yeni “Sülh Şurası” isə bizim diplomatik zəfərimizdir.
Burada iki vacib məqam var. Birincisi, Azərbaycan artıq qlobal təhlükəsizliklə bağlı qərarların qəbulunda səsvermə hüququna malik söz sahibidir.
İkincisi isə, Sülh Şurası Azərbaycanın “Effektiv Suverenlik” modelini – yəni mücərrəd liberal şüarları deyil, real sabitliyi, iqtisadi müstəqilliyi və milli dövlətçiliyi üstün tutan inkişaf modelini beynəlxalq səviyyədə legitimləşdirdi.
Bu gün Orta Dəhlizin açar dövləti olan Azərbaycan yeni Sülh Şurasının fəaliyyəti və logistikası üçün həyati əhəmiyyət kəsb edir. Bu yeni platforma müasir dövrün daha konkret və amansızcasına effektiv bir mexanizmidir və Azərbaycan burada öz layiqli yerini tutmuşdur.
