DünyaSiyasət

Putin Qrenlandiyaya 1 milyard dollar qiymət qoydu

Rusiya prezidenti Vladimir Putin yanvarın 21-də deyib ki, Qrenlandiyaya hansı ölkənin sahib olması Rusiyanı maraqlandırmır, ABŞ ilə Danimarka bu məsələnin öz aralarında həll etməlidir.

“Qrenlandiyada nə baş verməsinin bizə heç bir dəxili yoxdur”, – o, Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.

Putin 1867-ci ildə Rusiyanın Alyaskanı ABŞ-yə 7.2 milyon dollara, 1917-ci ildə isə Danimarkanın Vircin adalarını Vaşinqtona satdığını xatırladıb, bunların belə torpaq satışına nümunə yaratdığını deyib. Onun sözlərinə görə, Qrenlandiyanı Danimarkadan almaq təxminən 1 milyard dollara başa gələ bilər və Vaşinqton bunu ödəyə bilər: “Danimarka daima Qrenlandiyanı koloniya kimi idarə edib, ona qarşı sərt, bəzən də zalım olub. Amma bu, tamamilə başqa bir məsələdir, indi artıq heç kim buna maraq göstərmir”.

Rusiyanın Ukraynada təcavüzkar müharibəsində Kopenhagen Kiyevi dəstəkləyib. Onun maliyyə və hərbi dəstəyi isə Rusiyanın qəzəbinə səbəb olub.

Rutte: NATO müttəfiqləri Arktikada təhlükəsizliyi gücləndirməlidir

ABŞ prezidenti Donald Tramp ilə Qrenlandiya üzrə çərçivə razılaşması NATO müttəfiqlərindən Şimali Arktikada təhlükəsizlik məsələlərini gücləndirməyi tələb edəcək, bu yöndə ilk nəticələr bu il görünəcək. Bunu NATO-nun baş katibi Mark Rutte yanvarın 22-də “Reuters”ə deyib.

Rutte Davos Forumu çərçivəsində müsahibəsində vurğulayıb ki, indi NATO komandirləri əlavə təhlükəsizlik tələblərinin detallarını hazırlamalıdır və əmindir ki, NATO-nun qeyri-Arktik müttəfiqləri də bu işə qatılmaq istəyəcək.

“NATO-da rütbəli komandirlərimizlə bir araya gələrək lazım olanı hazırlayacağıq”, – Rutte vurğulayıb. O, hətta bu ilin əvvəlində bu işin görüləcəyinə ümidini bildirib.

Danimarkanın baş naziri Mette Frederiksen yanvarın 22-də bildirib ki, NATO ilə Qrenlandiyanın suverenliyi barədə heç bir danışıqlar aparılmayıb.

Donald Tramp
Donald Tramp

Tramp Qrenlandiyada güc tətbiqini istisna edir, tarif planından da geri çəkilir

ABŞ prezidenti Donald Tramp Davosda çıxışından bir neçə saat sonra Qrenlandiya siyasətinə qarşı çıxan Avropa ölkələrinə tarif tətbiqi planından geri çəkilib.

“Birləşmiş Ştatların Qrenlandiyanı əldə etməsinin müzakirəsi üçün dərhal danışıqlar istəyirəm”, – Tramp deyib.

Danimarkanın xarici işlər naziri ‍Lars ‍Lökke Rasmussen ölkəsinin danışıqlara hazır olduğunu bildirib.

Tramp Davosda çıxış edərkən Avropa Parlamenti elan edib ki, iyulda razılaşdırılmış ABŞ-Aİ ticarət sazişinin təsdiqlənməsi üzrə işi dondurur.

Tramp isə Davos çıxışından saatlar sonra onlayn bəyanatında bildirib ki, NATO-nun baş katibi Mark Rutte ilə razılaşmasına əsasən, tariflər tətbiq olunmayacaq.

+++

ABŞ prezidenti Donald Tramp yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunda çıxışında Qrenlandiyaya nəzarət üçün güc tətbiqini istisna edib. Amma onu da deyib ki, Danimarkanın bu ərazisini ABŞ-dən başqa heç bir ölkə təminat altına ala bilməyəcək.

“İnsanlar düşünürdülər ki, mən güc tətbiq edəcəyəm, amma buna ehtiyac yoxdur. Güc tətbiq etmək istəmirəm. Güc tətbiq etməyəcəyəm”, – Tramp deyib.

ABŞ prezidenti Avropadakı müttəfiqləri müxtəlif sahələrdə siyasət səhvlərinə görə tənqid edib. O, Danimarkanı “nankor” adlandırıb, Vaşinqtonun Qrenlandiyanın əldə etməsinin NATO alyansına heç bir təhdid yaratmayacağını deyib.

“ABŞ-dən savayı heç bir ölkə və ya ölkələr qrupu Qrenlandiyanın təhlükəsizliyini təmin edə biləcək mövqedə deyil”, – Tramp bildirib.

NATO liderləri Trampın Qrenlandiya strategiyasının alyansı sarsıda biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Danimarka və Qrenlandiya liderləri isə 57 min nəfər əhalisi olan bu strateji adada ABŞ-nin iştirakının artırılması üçün müxtəlif variantlar təklif ediblər.

“Dünyanı qorumaq üçün bir parça buz istəyirik, amma onlar bunu vermirlər”, – Tramp çıxışında deyib.

Danimarka hərbi gəmisi Qrenlandiyanın paytaxtı Nuuk sahillərində patrul çəkir.
Danimarka hərbi gəmisi Qrenlandiyanın paytaxtı Nuuk sahillərində patrul çəkir.
20 yanvar

Tramp: ‘Danimarkalılar Qrenlandiyanı qoruya bilmirlər’

Prezident Donald Tramp deyir ki, Birləşmiş Ştatlar bu həftə Davosda Dünya İqtisadi Forumunda Qrenlandiyanı əldə etməkdən danışacaq, çünki Danimarka bu ərazini qoruya bilmir.

“Biz bunu əldə etməliyik. Onlar bunu etməlidirlər. Onlar bunu qoruya bilmirlər, danimarkalılar gözəl xalqdır. Bu liderləri tanıyıram, yaxşı adamlardır, amma heç ora getmirlər”, – Tramp yanvarın 19-da Floridada jurnalistlərə deyib.

Tramp Qrenlandiyaya nəzarətlə bağlı cəhdlərini Nobel Sülh Mükafatını qazana bilməməsi ilə əlaqələndirib. O deyib ki, artıq yalnız sülh haqqında düşünmür.

Bu arada ada ətrafında gərginlik Avropa ilə ticarət müharibəsi təhlükəsi yaradıb.

Tramp “NBC News”a müsahibəsində Qrenlandiyanı ələ keçirmək üçün gücə əl atıb-atmayacağı haqda suala birbaşa cavab verməyib. Amma razılaşma əldə olunmazsa, bir daha Avropa ölkələrini rüsumlarla hədələyib.

Tramp yanvarın 18-də Norveçin baş naziri Yonas Qar Störeyə mesajında yazıb: “Səkkiz müharibəni DAYANDIRMAĞIMA baxmayaraq, ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarını nəzərə alaraq, artıq yalnız sülh haqqında düşünmək öhdəliyi hiss etmirəm. Sülh hər zaman əsas olacaq, amma indi Amerika Birləşmiş Ştatları üçün yaxşı və düzgün olan məsələlər barədə düşünə bilərəm”.

Störe Finlandiya prezidenti Aleksandr Stabb ilə ilkin mesaj göndərib, gərginliyin azaldılmasına çağırıbmış. Yarımca saatdan sonra Trampdan cavab gəlib.

Ötən il Norveçin Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verib. O isə ötən həftə həmin mükafatı Ağ evdə Trampa təqdim edib.

Tramp yanvarın 17-də Aİ-nin bəzi üzvlərini fevralından 1-dən tarifləri artırmaqla hədələyib. O, ABŞ-nin 57 min nəfərli əhalisi olan Qrenlandiyanı almaq istədiyini bildirir. Danimarka və Qrenlandiya isə adanın satışa çıxarılmadığını bildirirlər. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Ukrayna Rusiyaya süni intellektli dronlarla hücum edir” – CNN

admin

İsrailə hücumun qaranlıq tərəfi: xəbərsizlik, yoxsa qərblilərin HƏMAS-la gizli işbirliyi

redaktor

“London Priqojinin üsyanından sonra Rusiyanın parçalanmasına hazırlaşmalıdır” – “The Times”

admin