Kürdəmirdə “Kürdəmir Aqro MMC” tərəfindən örüş torpaqları tikinti aparılması məqsədi ilə zəbt edilib. Qeyri-qanuni olaraq ərazidə tikinti işləri aparılması ilə yanaşı qırmızı kitaba düşən yulğun ağacları məhv edilib. Qeyd edək ki, Kənd Təsərrüfatı təyinatlı (örüş, otlaq) torpaqlarda tikinti aparılması cinayət sayılır. Torpağın təyinatı isə yalnız Baş Nazirin qərarı ilə dəyişdirilə bilər.
Tacxeber.com Ajans.az-a istinadla xəbər verir ki, məsələni araşdırarkən faktiki çıxarış sənədlərində bu torpaqların örüş torpaqları olaraq qeydiyyatdan keçdiyi məlum olub.
Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun örüş torpaqlarında tikinti aparmasına isə Kürdəmirin sabiq icra başçısı, Nəsimi rayonunda 47 günlük vəzifə görən Elxan İbrahmov icazə verib.
Kamal Kərimov isə Sor-sor və Çölərəb kəndlərində yerləşən 28 və 12 hektardan artıq torpaq sahələrində rahat şəkildə tikinti apara bilib və hazırda da ərazidə işlər davam etdirilir.
Məlumata görə, vaxtilə Kəndə Təsərrüfatı Şöbəsinə rəhbərlik edən Cəfər İsmayılov və İcra Hakimiyyətinin digər rəsmi şəxsi Əziz Hacı da bu işdə rol alıblar. Cəfər İsmayılova ünvanlanan sorğudan sonra Dövlət Əmlakının Kadastrı və Reyestri Xidmətinin rəsmi saytında elektron çıxarışların yoxlanılması zamanı torpaq sahələri barədə məlumat olsa da, artıq bu məlumatların gizlədilməsi faktı ortaya çıxıb. İcra Hakimiyyətinin digər nümayəndəsi Əziz Hacı ilə əlaqə saxlamaq isə mümkün olmayıb.
Kənd Təsərrüfatı Nazirliyinə verilən sorğu zamanı məlum olub ki, Kamal Kərimovun rəhbəri olduğu Kürdəmir Aqro MMC-nin icarəyə götürdüyü örüş torpaqları barədə məlumat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 29 oktyabr 2025-ci il tarixində qeydiyyatdan keçib. Amma bəyanları yoxdur.
QEYD: Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən 12 hektardan artıq torpaq sahəsi (örüş, otlaq) 07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-58 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.
