ABŞ prezidenti Donald Tramp yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunda çıxışında Qrenlandiyaya nəzarət üçün güc tətbiqini istisna edib. Amma onu da deyib ki, Danimarkanın bu ərazisini ABŞ-dən başqa heç bir ölkə təminat altına ala bilməyəcək.
“İnsanlar düşünürdülər ki, mən güc tətbiq edəcəyəm, amma buna ehtiyac yoxdur. Güc tətbiq etmək istəmirəm. Güc tətbiq etməyəcəyəm”, – Tramp deyib.
ABŞ prezidenti Avropadakı müttəfiqləri müxtəlif sahələrdə siyasət səhvlərinə görə tənqid edib.
O, Danimarkanı “nankor” adlandırıb, Vaşinqtonun Qrenlandiyanın əldə etməsinin NATO alyansına heç bir təhdid yaratmayacağını deyib.
“ABŞ-dən savayı heç bir ölkə və ya ölkələr qrupu Qrenlandiyanın təhlükəsizliyini təmin edə biləcək mövqedə deyil”, – Tramp bildirib.
NATO liderləri Trampın Qrenlandiya strategiyasının alyansı sarsıda biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Danimarka və Qrenlandiya liderləri isə 57 min nəfər əhalisi olan bu strateji adada ABŞ-nin iştirakının artırılması üçün müxtəlif variantlar təklif ediblər.
“Dünyanı qorumaq üçün bir parça buz istəyirik, amma onlar bunu vermirlər”, – Tramp çıxışında deyib.
20 yanvar
Prezident Donald Tramp deyir ki, Birləşmiş Ştatlar bu həftə Davosda Dünya İqtisadi Forumunda Qrenlandiyanı əldə etməkdən danışacaq, çünki Danimarka bu ərazini qoruya bilmir.
“Biz bunu əldə etməliyik. Onlar bunu etməlidirlər. Onlar bunu qoruya bilmirlər, danimarkalılar gözəl xalqdır. Bu liderləri tanıyıram, yaxşı adamlardır, amma heç ora getmirlər”, – Tramp yanvarın 19-da Floridada jurnalistlərə deyib.
Tramp Qrenlandiyaya nəzarətlə bağlı cəhdlərini Nobel Sülh Mükafatını qazana bilməməsi ilə əlaqələndirib. O deyib ki, artıq yalnız sülh haqqında düşünmür.
Bu arada ada ətrafında gərginlik Avropa ilə ticarət müharibəsi təhlükəsi yaradıb.
Tramp “NBC News”a müsahibəsində Qrenlandiyanı ələ keçirmək üçün gücə əl atıb-atmayacağı haqda suala birbaşa cavab verməyib. Amma razılaşma əldə olunmazsa, bir daha Avropa ölkələrini rüsumlarla hədələyib.
Tramp yanvarın 18-də Norveçin baş naziri Yonas Qar Störeyə mesajında yazıb: “Səkkiz müharibəni DAYANDIRMAĞIMA baxmayaraq, ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarını nəzərə alaraq, artıq yalnız sülh haqqında düşünmək öhdəliyi hiss etmirəm. Sülh hər zaman əsas olacaq, amma indi Amerika Birləşmiş Ştatları üçün yaxşı və düzgün olan məsələlər barədə düşünə bilərəm”.
Störe Finlandiya prezidenti Aleksandr Stabb ilə ilkin mesaj göndərib, gərginliyin azaldılmasına çağırıbmış. Yarımca saatdan sonra Trampdan cavab gəlib.
Ötən il Norveçin Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verib. O isə ötən həftə həmin mükafatı Ağ evdə Trampa təqdim edib.
Tramp yanvarın 17-də Aİ-nin bəzi üzvlərini fevralından 1-dən tarifləri artırmaqla hədələyib. O, ABŞ-nin 57 min nəfərli əhalisi olan Qrenlandiyanı almaq istədiyini bildirir. Danimarka və Qrenlandiya isə adanın satışa çıxarılmadığını bildirirlər. (AzadlıqRadiosu)