DünyaSiyasət

“Qrenlandiyanı bizə verin, Ukrayna böhranını özünüz həll edin…” – Tramp Davosda müttəfiqlərini məyus etdi

ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib. Təxminən bir saatdan çox davam edən çıxış beynəlxalq gündəmin əsas mövzularını əhatə edib.

Qrenlandiya məsələsi

Tramp çıxışında son günlər ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı açıqlamaları fonunda bu mövzuya geniş yer ayırıb. O bildirib ki, Qrenlandiya və Danimarka xalqlarına hörmət edir, lakin “adanın təhlükəsizliyini ABŞ-dən yaxşı heç bir ölkə təmin edə bilməz”.

ABŞ Prezidentinin sözlərinə görə, Qrenlandiya strateji mövqeyə malikdir və burada ABŞ, Rusiya və Çinin maraqları toqquşur. Tramp vurğulayıb ki, Vaşinqtonun Qrenlandiya üzərində nəzarət istəyi təbii resurslarla deyil, məhz geostrateji mövqe ilə bağlıdır.

Onun fikrincə, ada ABŞ və Kanadanı qoruyacaq hava hücumundan müdafiə sisteminin yaradılması üçün vacibdir.

“Biz güc tətbiq etmək istəmirik, sadəcə Qrenlandiyanın ABŞ-yə verilməsini xahiş edirik”,– deyə Tramp bildirib.

O, icarə və ya əməkdaşlıq deyil, məhz adanın ABŞ-yə verilməsində israr etdiyini qeyd edib. Danimarka və Qrenlandiya hakimiyyətləri isə adanın satılmasına və ya ABŞ nəzarətinə keçməsinə qarşı olduqlarını bir daha bəyan ediblər.

Ukraynadakı müharibə

Tramp Ukraynadakı müharibəyə də toxunaraq bildirib ki, əgər 2020-ci ildə Co Bayden prezident seçilməsəydi, müharibə baş verməzdi.O, bir daha həmin seçkilərin saxtalaşdırıldığı iddiasını səsləndirib.

Tramp deyib ki, Avropa Ukrayna münaqişəsinin həlli ilə məşğul olmalıdır, ABŞ isə bu prosesdə “humanitar səbəblərlə” iştirak edir. Trampın sözlərinə görə, son bir ayda Ukraynada hər iki tərəfdən ümumilikdə 31 min hərbçi həlak olub.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə söhbətlərindən danışıb. Qeyd edib ki, Putin uzun illər Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilməyib, lakin Trampın dövründə bu mümkün olub.

Avropa və NATO ilə bağlı mövqe

Tramp Avropa ölkələrini tənqid edərək onların “yanlış istiqamətdə irəlilədiyini”, xüsusilə miqrasiya və deindustrializasiya problemlərini qabardıb. O, yaşıl enerji siyasətini, xüsusilə külək elektrik stansiyalarını sərt tənqid edib və idxal rüsumları ilə bağlı siyasətini müdafiə edib.

ABŞ Prezidentinin sözlərinə görə, NATO ölkələrinin hərbi xərcləri məhz onun təzyiqlərindən sonra artıb. Tramp vurğulayıb ki, Vaşinqton zəif yox, güclü müttəfiqlərə ehtiyac duyur.

İqtisadiyyat və daxili siyasət

Çıxışının əvvəlində Tramp administrasiyasının iqtisadi nailiyyətlərindən danışıb, ABŞ-də iqtisadi artımı “möcüzə” adlandırıb və cinayətkarlıq səviyyəsinin tarixin ən aşağı həddinə olduğunu bildirib.

“Bu gün ABŞ əvvəlkindən də güclüdür. Bizi heç nə dayandıra bilməz”,– deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp Davosa planlaşdırılandan bir qədər gec çatıb. Buna səbəb Prezidentin təyyarəsində yaranan texniki nasazlıq olub. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

İran mollalarına qeybdən gələn TÜRK VƏHYLƏRİ – “Onları Maştağaya gətirmək lazımdır” – Fazil Mustafa

admin

Türkiyədə universitetə ​​məxsus avtomobildən böyük həcmdə narkotik maddə aşkar edildi

admin

Türkiyədə bir ilk – Hamı ondan danışır

admin