Suriya Prezidenti Əhməd əl-Şaraa ilə SDQ rəhbəri Məzlum Abdi arasında, müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş təxminən 5 saat davam edib.
Məlumata görə, PKK rəhbərliyi Məzlum Abdiyə Məsud Bərzaninin vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan geri çəkilməsi üçün ciddi təzyiq göstərir.
Əhməd əl-Şaraa, SDQ-nin PKK-nın təsirindən tam azad olması və razılaşmanın yekunlaşdırılması şərti ilə Məzlum Abdiyə müdafiə nazirinin birinci müavini vəzifəsini təklif edib. Bundan əlavə, Həsəkə vilayətinə qubernator təyin edilməsi üçün onun tərəfindən bir namizəd irəli sürülməsini istəyib.
Məzlum Abdi isə Həsəkənin tam şəkildə SDQ və onun mülki strukturlarının nəzarətində qalmasını tələb edib. Əhməd əl-Şaraa bu tələbi rədd edərək bildirib ki, razılaşma yalnız Daxili İşlər Nazirliyinin qüvvələrinin Həsəkəyə daxil olması halında qüvvəyə minə bilər.
Görüşün sonunda Məzlum Abdi komandirləri ilə məsləhətləşmək üçün əlavə 5 gün vaxt istəyib. Lakin Əhməd əl-Şaraa vaxtın uzadılmasını qəbul etməyib və günün sonunadək qəti mövqe bildirməyi tələb edib.
Əks halda, beynəlxalq tərəflərə Məzlum Abdinin razılaşmadan imtina etdiyi barədə məlumat veriləcəyi, həmçinin Suriya hökumətinin Həsəkə məsələsini güc yolu ilə həll etməyə başlayacağı bildirilib.