DünyaGündəmSiyasət

Türkiyənin Güney Azərbaycan qorxusu

Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” olmaqla yanaşı həm də iki fərqli cəmiyyətdir.

Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinə münasibətdə Azərbaycan cəmiyyətinin tam böyük əksəriyyəti birmənalı olaraq Ukraynanı dəstəklədiyi halda, Türkiyə cəmiyyətinin tam böyük hissəsi Rusiyaya rəğbət bəsləyir. İranda baş verən etirazlara və bütövlükdə İranın gələcəyi ilə bağlı məsələdə də eyni münasibət müşahidə edilir.

İranda baş verənlər və bu ölkənin gələcəyi ilə bağlı məsələdə Türkiyədə rəsmi dairələrin mövqeyi cəmiyyətin baxışları ilə yüz faiz üst-üstə düşür.
İranda iqtisadi çöküşün və hüquqsuzluğun nəticəsi olaraq baş vermiş sosial partlayışın kənar qüvvələrin, xüsusilə də İsrail və Qərbin təsiri ilə meydana çıxdığını iddia edən rəy liderləri ilə iqtidardakı Cumhur ittifaqının iki böyük ortağlından biri olan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçəlinin mövqeyi yüz faiz üst-üstə düşür.

İrandakı xalq etirazlarını “medalın biri üzü” adlandıran Bahçəli, medalın digər tərəfinin İrana qarşı imperialist təxribatlar və planlar olduğunu bildirib.
İranı iflic etmək üçün gizli əməliyyatlar həyata keçirən qüvvələrin kimliyinin məlum olduğunu bildirən Bahçəli İranda baş verənləri məşhur Gezi Parkı hadisələrinə oxşadaraq baş verənlərdə ABŞ və İsraili ittiham edir. Kəskin sürətdə İranın bölünmə ehtimalına qarşı çıxan Bahçəli İranın siyasi və torpaq bütövlüyünün Türkiyə üçün ölüm-qalım məsələsi olduğunu bildirir.

Ədalət naminə qeyd etməliyəm ki, Bahçəlinin bu dəyərləndirməsi böyük ölçüdə doğrudur. Bahçəlinin bu fikirlərini Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bölüşür. Fidan da hesab edir ki, bölgə İranda genişmiqyaslı qeyri-sabitliyə qaldırmaq gücündə deyil. Yəni, İranın bölünməsi bölgənin düzəni kökündən dəyişəcək. Əksər ərəb dövlətləri də İranın parçalanmasından Türkiyə qədər qorxurlar.

Türkiyə üçün ölüm-qalım məsələsi olan İranın siyasi və torpaq bütövlüyü Böyük Azərbaycana qarşı edam hökmüdür. İran bütövlüyünü qoruduğu müddətcə Azərbaycan parçalanmış xalq olaraq qalacaq. İran bütövlüyünü qoruduğu müddətdə Dərbənd başda olmaqla Şimal torpaqlarımız Rusiya işğalı altında qalacaq. Çünki, Şimal torpaqlarımızı yalnız “Dərbənd İttfaqı” doktrinası ilə birləşmiş Azərbaycan azad edə bilər.

Türkiyə üçün ölüm-qalım məsələsi olan İranın siyasi və torpaq bütövlüyü Türkmənistan və Qazaxıstan başda olmaqla Mərkəzi Asiyanın türk respublikalarının həyati əhəmiyyətli maraqları üçün təhdiddir. İranın bölünməsi Mərkəzi Asiyanın türk dövlətlərini gücləndirməklə yanaşı Çin işğalındakı Doğu Türküstanın azadlığının yolunu aça bilər.

Türkiyə üçün ölüm-qalım məsələsi olan İranın siyasi və torpaq bütövlüyü Rusiya üçün də eyni əhəmiyyətə malikdir. İranın bölünməsi Rusiyanın strateji məğlubiyyətini tətikləyən ən güclü hadisə ola bilər. Rusiyanın strateji məğlubiyyəti onun parçalanmasına, Moskvanın əsarəti altındakı türk xalqlarının istiqlaliyyətini qazanmasına, dünyanın siyasi səhnəsinə bir neçə türk dövlətinin çıxmasına səbəb olacaq.

Bahçəli böyük öndər ədası ilə Güney Azərbaycana müraciət edərək etirazlara qoşulmamağa çağırmasına da biganə qalmaq mümkün deyil. Bahçəlinin bu münasibətini qəti şəkildə pisləyir və belə hərəkətlərdən çəkinməyə çağırıram.

Qətərin pulu ilə Azərbaycan xalqının siyasi kimliyinə qarşı Türkiyə üzərindən aparılan bədnam təbliğatının iştirakçıları, onların təsiri altında olanlar heç şübhəsiz ki, mənim mövqeyimə qarşı olacaqlar.

İranın bölünməsi ilə bağlı Azərbaycanla Türkiyənin mövqelərinin eynilşdirilməsinin mümkünlüyünə inanan soydaşlarım da səhv edirlər. Türkiyə və Azərbaycan cəmiyyətlərinin fərqli mövqeyi onun fərqli maraqlarından qaynaqlanır. Türkiyə heç bir vaxt İranın bölünməsinə razı ola bilməz. Biz isə İranın əbədi olaraq bütöv qalması ilə barışa bilmərik.

İranın bütövlüyünü qoruduğu bir gün belə Azərbaycanın həyati əhəmiyyətli maraqlarını təhdid, bütövləşməsini və böyük dövlət olmasını mümkünsüz edir.
Çox sevindirici haldır ki, bu mövqeyimi Güney Azərbaycanda bölüşənlər də eyni mübarizəni aparmaqdadırlar. Güney Azərbaycandan kimliyini bilmədiyim elm adamı olan bir soydaşımız Türkiyənin “Sözçü” televiziyasında və özünün Youtebe kanalında İranın parçalanmasına qarşı davamlı çıxışlar edən Erol Mütercimlerə sərt cavab verib. Bu onu göstərir ki, Azərbaycanın hər iki hisəsində ortaq fikir yaranıb. Bütöv və böyük Azərbaycanın yolunu açan bu ortaq fikirin gücləndirilməsinə ehtiyacımız var.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Araz-Naxçıvan” “Səbail”ə qəsdən xal verib”?

admin

Şəmkirdə 7 nəfərin həyatını itirməsi ilə nəticələnin avtoqəzanın əsl səbəbkarı gizlədilir?

admin

Norveç Helsinki Komitəsi qadın jurnalistlərin azadlığını istəyir.

admin