DünyaSiyasət

İctimai izah olmadan verilən siyasi qərarlar milli yaddaş və ədalət hissinə zərbə vurur.

Azərbaycanda Vaqif Xaçatryanın həbsdən azad edilməsi cəmiyyətdə haqlı olaraq ciddi rezonans doğurdu. Cəmiyyət onu hərbi cinayətkar hesab edir və bu tam anlaşılandır, 30 il ərzində Azərbaycan əraziləri Ermənistanın işğalı altında olub və bu kimi fiqurlar həmin dövrdə törədilmiş cinayətlər və yaşanmış faciələrlə assosiasiya olunur. Bu baxımdan insanların narazılığı tamamilə başadüşüləndir.

Eyni zamanda bu qərarın siyasi tərəfi də mövcuddur. Birincisi, erməni məhbusları məsələsi ilə bağlı ABŞ tərəfindən, o cümlədən Respublikaçılar Partiyasının bəzi dairələri və Tramp administrasiyası tərəfindən ciddi təzyiqlər olub. İkincisi isə bu mövzu Ermənistan daxilində Nikol Paşinyana qarşı müxalifət tərəfindən siyasi təzyiq aləti kimi istifadə edilir.

Belə bir şəraitdə Azərbaycanın Paşinyanın mövqelərinin seçkilər ərəfəsində zəifləməsində və Ermənistan müxalifətinin güclənməsində maraqlı olmaması obyektiv reallıqdır.

Lakin bu hadisənin əsas tərəfi siyasi manevrin özü deyil, onun həyata keçirilmə formasıdır. Müharibə, ədalət və milli yaddaş kimi son dərəcə həssas məsələlərə toxunan bu cür qərarlar mütləq ictimai müzakirə ilə müşayiət olunmalıdır. Hakimiyyət belə addımların səbəblərini və məntiqini cəmiyyətə izah etməyə borcludur.

Və burada biz yenidən fundamental problemə, real seçki mexanizmlərinin və hakimiyyətin cəmiyyət qarşısında hesabatlılığının olmamasına gəlib çıxırıq. Hakimiyyət özünü xalqın iradəsindən asılı hesab etmədikdə, cəmiyyətlə məsləhətləşməyə də ehtiyac duymur.

Bu isə o deməkdir ki, neftə qiymətlərin davamlı enməsi, iqtisadi-sosial problemlər, siyasi qapanma fonunda belə tendensiya bizi qaçılmaz uçuruma aparacaq.

Siyasət riyaziyyat qədər dəqiq elmdir və bu elmin öz düsturları var, onlardan biri də odur ki, insan faktorunu nəzərə almayan idarəçilik sistemləri dövləti heç bir halda inkişafa aparmır və çox yaşamır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan hökuməti çox işlər görüb.

admin

“Barakın “Nobeli” var mənim niyə olmasın.”

admin

ABŞ-da Fələstinə görə həbs olunan türk tələbə azadlığa buraxılıb

admin