Tacxeber.com xəbər verir ki, vətəndaşlar bildirirlər ki, qurum mövcud problemləri həll etmək əvəzinə, məsuliyyəti istifadəçilərin üzərinə atır və vəziyyət getdikcə daha da ağırlaşır.
Bizimesr.az-ın məlumatına görə, ödəmə terminalları və mobil tətbiqlər vasitəsilə Azəriqaz kartlarına yüklənən vəsaitlərin sistemdə əks olunmaması halları kütləvi xarakter alıb. Bir çox vətəndaş ödəniş etdikdən sonra balansın artmadığını, vəsaitin isə naməlum şəkildə “yoxa çıxdığını” bildirir.
Məsələnin daha ciddi tərəfi ondan ibarətdir ki, 2026-cı ilin 1 yanvar tarixindən 3 yanvar tarixinə qədər Azəriqaz yükləmə kartlarına ümumiyyətlə ödəniş etmək mümkün olmadı. Bu müddət ərzində minlərlə vətəndaş qaz təminatı ilə bağlı problemlə üzləşsə də, qurum tərəfindən nə rəsmi tutarlı açıqlama verildi, nə də vətəndaşlardan üzr istənildi.
Vətəndaşların sözlərinə görə, yaranmış texniki nasazlıq nəticəsində onlara mənəvi ziyan dəyib. Lakin Azəriqaz nə bu ziyanı kompensasiya edir, nə də məsuliyyəti üzərinə götürür.
Yaranmış problemlə bağlı qurumun qaynar xəttinə müraciət edən vətəndaşlara “yenidən bərpa etmə” tövsiyə olunur. Ancaq istifadəçilər bildirirlər ki, bu proses əksər hallarda mümkün olmur və ödənilmiş vəsaitin taleyi naməlum qalır.
Daha da narahatedici məqam odur ki, texniki problemlərə görə vətəndaşlar əlavə vaxt və xərc hesabına kommunal xidmət mərkəzlərinə yönləndirilir. Bu isə haqlı suallar doğurur – niyə illərdir davam edən problemlər həll edilmir və niyə qurumun məsuliyyətsizliyinin yükü vətəndaşların üzərinə düşür?
Bizimesr.az portalının baş redaktoru Ədil Hüseynli də bildirib ki, ötən gecə Azəriqaz sayğacına yüklədiyi vəsait sistemdə görünməyib: “Pul yoxa çıxdı. Hara getdiyini, kimin cibinə daxil olduğunu bilmirəm. Nə izah var, nə də real həll. Yenidən bərpa et hissəsində də heç nə görünmür. Qaynar Xətt bildirir ki, komunal xidmət mərkəzinə yaxınlaş. Niyə? Mən niyə əlavə xərc çəkib Kommunal Xidmət Mərkəzinə getməliyəm? Bunun kompensasiyasını kim ödəyəcək? Problem “Azəriqaz”ın sistemlərindədir, zəhmət çəksinlər düzzəltsinlər. Belə qurumları vətəndaşlar kütləvi şəkildə məhkəməyə verməlidir. İnsanlar haqqlarını hüquqi formada həll etməlidir.”
Baş redaktorun sözlərinə görə, son aylarda minlərlə vətəndaş oxşar problemlə üzləşib və bu artıq təsadüfi hal deyil. Söhbət böyük məbləğlərdən gedir, lakin həmin vəsaitlərin aqibəti ilə bağlı ictimaiyyətə heç bir rəsmi məlumat verilmir: “Maraqlıdır, hər gün yüzlərlə abonentin pulu belə it-bat olur. Bu pullar hara gedir, kimin cibinə girir?.
Qeyd edək ki, Azəriqaz İstehsalat Birliyi heç bir açıqlama vermir. Problemi diqqətdə saxlayacağıq.(Bizimesr.az)
