“Öz dərdimiz başımızdan aşır, bir də Güneyin dərdini çəkəcəyik?” deyən o natamam təfəkkürdür bizi bədbaxt edən.
Bu adamlar üçün dünya ancaq öz ailəsindən ibarətdir. Qonşusunu həbs edirlər, “əşi, öz dərdim var” deyib keçir. Amma elə ki, haqsızlıq öz qapısını döyür, evi plana düşür, yıxılır, bax o zaman “xalq” yadına düşüb imdad dilənən kəsimdir.
Bunlar qarşılarına qapı açılanda əyilib girən, şərait yaradılanda susan tiplərdir. Ölkəni talayanlardan tək fərqləri, həmin vəzifədə olmamalarıdır. Tək şikayətləri də budur: “Niyə onlar oğrulayır, mən yox?”.
Güney Azərbaycan qardaş Türkiyə, Özbəkistan və ya Qazaxıstan deyil. Güney Azərbaycan bizik, özümüzük! Sovet dövrü silinib, amma kimdə varsa şəcərəsini araşdırsın, ulu babasının izi mütləq Güneyə gedib çıxacaq.
Fəxr etdiyimiz kim varsa Pənahəli xan, Cavad xan, Fətəli xan, Bakıxanovlar, Vəkilovlar, Naxçıvanskilər hamısının kökü oradandır. Qəhramanlarımız Babək, Qaçaq Kərəm, Koroğlu. Nə bilim, Cümhuriyyət qurucularımız Xoyski, Nəsib bəy, Topçubaşov. Hamısının kökü o torpaqla bağlıdır.
“Güney Azərbaycandan mənə nə?” demək, “mən heç kiməm, nəfəs alan otam” deməkdir. Çünki Güneyə aid olanları çıxsaq, yerdə köksüz, musiqisiz, mtbəxsiz, tarixsiz böyük bir “heç” qalır.
O taydakı soydaşınla sənin tək fərqin odur ki, Rus çarlıq işğalı zamanı o, Arazın o tayında qalıb, sən bu tayında.
