10 C
Bakı
11 Yanvar 2026 11:48
DünyaSiyasət

Prezident oğurluğunda ABŞ-ın Fransa müəllimi

Qərbi Afrikada yerləşən Dahomey 1904-cü ildən Fransa müstəmləkəsi idi. 1958-ci ildə ona muxtariyyat hüququ verildi, 1960-cı ildə isə o müstəqil Dahomey Respublikası elan olundu. Lakin bütün digər fransız müstəmləkələri kimi onun da müstəqilliyi formal oldu, Fransa onun başında bir “kukla” qoyub, ölkəni yeni müstəmləkəçilik üsulları ilə idarə etməyə başladı.

1972-ci ilin 26 oktyabrında 39 yaşlı polkovnik-leytenant Matye Kereku Dahomeydə hərbi çevriliş edərək, hakmiyyətə gəldi. O eyni zamanda 3 vəzifəni tutdu: prezident, baş nazir və müdafiə naziri. O əvvəl millətçilik mövqeyindən çıxış edirdi. 1974-cü ildə marksizm-leninizm ideologiyasını qəbul etdiyini bəyan etdi və 1975-ci ildən Dahomeya Benin Xalq Respublikası adlandırıldı. Bundan sonra banklar və sənayenin əsas sahələri, o cümlədən neft sənayesi milliləşdirildi. Kereku fransız şirkətlərindən konsessiyaları aldı və ölkəni sərbəst, Fransadan asılı olmadan idarə etməyə başladı.

Əlbəttə, Fransa bununla razılışa bilməzdi. Təkcə ona görə yox ki, fransız şirkətləri Benində böyük mənfəətdən məhrum olmuşdular, əsasən ona görə ki, Afrikada Fransanın Benindən başqa 20-yə yaxın başqa “müstəqil” müstəmləkələri var idi – onlar da Benindən nümunə götürə bilərdilər.

Beləliklə, Paris qərar verdi ki, Kerekunu aradan götürmək lazımdır. Bu məqsədlə sabiq prezidentin rəhbərliyi altında ölkədən qovulmuş müxalifətçilər qrupunun, “müstəqil” müstəmləkələr Mərakeş, Toqo, Kot-d’İvuar və Qabonun dəstəyi ilə Fransanın peşəkar hərbi və kəşfiyyat zabitləri – polkovniklər Rober “Bob” Denar və Jilber Burjonun komandanlığı altında çevriliş planı təşkil edildi. Plana “Krevet əməliyyatı” adı verildi.

Məqsəd Kerekunu paytaxtdan oğurlayıb mühakimə etmək və ya öldürmək (vəziyyətdən asılı olaraq), hökumətini devirmək və boyun əyməyən dövlətin başına Fransanın “kukla”sını qoymaq idi.

Denarın başçılığı altında Fransa və Belçikadan olan 60 muzdlu əsgərdən ibarət əməliyyat qrupu yaradıldı. Bu qrup Mərakeşə gəldi və kral II Həsənin şəxsi qvardiyaçıları tərəfindən qarşılandı. Burada onlara Benin və Qvineyadan olan 30 muzdlu da qoşuldu. 90 nəfərlik qrup Mərakeşdə keçmiş ABŞ aviabazasında bir ay əməliyyat planını məşq etdi. Plan çox sadə və etibarlı idi: qrup bazar günü – paytaxtda döyüş növbəsində az sayda Benin hərbçilərinin olduğu zaman prezident sarayına ildırımsürətli hücum etməli və prezidenti oğurlamalı idi.

Benin hakimiyyətində olan xəyanətkarlarla razılaşmalardan sonra 16 yanvar 1977-ci il tarixində səhər tezdən Beninin Kotonu liman şəhərinin hava limanına gözlənilmədən bir təyyarə endi. Təyyarədən düşən terrorçular qrupu, həqiqətən də, hava limanını asanlıqla ələ keçirtdi. Benin ordusu terrorçulara ciddi müqavimət göstərmədi. Qrupun kiçik bir hissəsi hava limanını nəzarətə götürdü, digər hissəsi isə sürətlə prezident sarayına doğru getdi. Saraya çatanda onu kiçik raket qurğuları, qumbaraatan, pulemyot və minaatanlardan atəşə tutdular… lakin əməliyyat plana uyğun getmədi: Kereku az əvvəl prezident sarayını tərk edərək, bağ evinə getmişdi, eyni zamanda sarayda Şimali Koreyadan qonaqlar – xarici işlər naziri Ho Damın başçılığı altında rəsmi nümayəndələr, həmçinin onları mühafizə edən 15 koreyalı əsgər var idi.

Koreyalı əsgərlər dərhal sarayda müdafiə mövqeləri tutaraq, atəş açmağa başladılar. Planın düz getmədiyini görən terrorçular mülki şəxsləri girov götürərək hava limanına geri çəkildilər və onları gözləyən təyyarəyə minərək rüsvayçılıqla aradan çıxdılar. Elə tələsik qaçdılar ki, hava limanının damında mövqe tutan bir terrorçunu yaddan çıxartdılar, silahlarını, 2 ölünü, bir neçə yaralını, hətta əməliyyatın bütün sənədlərinin saxlandığı qutuları da atdılar. Benindən, qadınlar da daxil olmaqla, 7 nəfər öldürüldü və çoxsaylı yaralanan oldu. Neçə koreyalının öldüyü və ya yaralandığı haqda məlumat yoxdur.

Sonralar Kereku həlak olanların və koreyalıların xatirəsinə Kotonuda abidə ucaltdı.

Bu hadisədən sonra Kereku prezident qvardiyasını təlimləndirmək üçün Şimali Koreya komandos və hərbi məsləhətçilərini öz mühafizəsinin tərkibinə daxil etməklə bağlı Şimali Koreya ilə saziş bağladı.

Bundan sonra da Fransa Kerekunu devirmək üçün, 1988-ci ildə iki dəfə olmaqla, çoxsaylı cəhdlər göstərdi, lakin onların heç biri uğur qazanmadı. Kereku 29 il prezidentlik (1972-1991, 1996-2006) edərək, 2015-ci ildə öz əcəli ilə vəfat etdi. Yeri gəlmişkən, Fransa Afrikada uğurlu-uğursuz çox belə əməliyyatlar həyata keçirib . Bu məsələdə ABŞ-ı onun şagirdi hesab etmək olar.

Maduro da kubalılara güvənirdi. Lakin Benindən fərqli olaraq amerikalılar Venesuela prezident sarayında kubalıların olduğunu bilirdilər. Mənə hətta elə gəlir ki, kubalı mühafizəçilər amerikanlar yox, onlar gələnədək venesuelalı xəyanətkarlar tərəfindən öldürülmüşdülər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiyanın 50 min əsgəri “ətçəkən maşın” strategiyasının qurbanı oldu – BBC

admin

Gürcüstan prezidentindən Saakaşvili ilə bağlı sürpriz təklif

redaktor

Peycer partlayışları xatırlatdı:

admin