7 C
Bakı
26 Fevral 2026 10:04
CəmiyyətDünyaGündəmSiyasət

Bütün Diktatorlara həsr olunur…

Sehrbaz

Bir sehrbaz günəşin başını kəsib,
Kölgəni diz çökdürür gümbəzin qaramtıl rəngləriylə.
Sirk ustası çubuğunun ucunda
İşığı qovur oturacaqların gözlərindən.

Pəncələrini əhilləşdirdim yırtıcı kuklaların,
Dişlərindən isə heç vaxt yaxa qurtara bilmədim.

Mən bu sirkin sahibiyəm,
Mən bu çöhrənin cəlladıyam!
Küçələrin ürəyinin qaranlığında
Ay işığının dərisini soyuram,
Göylərin boğazını üzürəm,
Buludların qanadlarını kəsəcəyəm.

Mən gəlirəm–
Ağacların kölgəsinə diz çökdürməyə!
Vəfa dediyiniz o it leşini
Qar kəfənindən çıxarıb addımlarımla parçalayıram.

Qoy qəfəsimin gümüşü ölümünü dadsın bülbül,
Bağrı çatlasın arıquşun.
Ayrılıq divarlarının ciyərinə su gəlir,
Yaddaşını xərçəng şişi gəmirir,
Ömrün kəpənək vaxtının…

Gözlərimin dişinə çəkdiyi dumanı
Küçələrin üzünə çırpıram,
Qar topundan əli üşümüş bir qoca kimi.

Mənə kor küçələrin sədaqətindən dəm vurma,
Sən, it südü əmmiş nökər!
Sənin ovucların bu çürümüş əsarətin dilənçisidir.
Addımları qırışmış yollarda ağacların dilini doğrayıb,
Qaranlığın ac ağzına atacağam.

Yağışları çeynəyib udur çirklənmiş şəhər,
Küçələrin xoşbəxtlik rəsmini divarlardan soyuram.
Qoy diz çökmüş quzğunluq intihar önündə titrəsin.
Yumruğumun heykəli azadlığın beli kimi əyilir,
Küçələr qurd dişini batırır ürəyimin yumşaqlığına…

Damarlarımda quduzluğun qara qanı axır,
Körpə küçələrin üzünə.
Gülüşünü dodaqlarından soyacağam,
Hər çiçəyi dərib, bir baharın xəyanəti kimi
Ağacların üstünə atacağam.

Sehrli çubuğumun qarşısında diz çökmüş quzğunluq
Təkcə səltənətimə baş əyir.
Kölgəmi boğub öldürdüm ki,
Kimsə əllərimdə üzümü görməsin!

Gecənin dırnaqlarıyla oyuram yuxularımın gözlərini.
Əllərimə çürümüş meyitlər arasında taxt qurmuşam,
Səhnəmin ürəyini dar ağacının külü ilə doyurmuşam.
Mən axar çaya daş ürək bağlamış sirk ustasıyam;
Nə Tanrının ürəyi yanır mənə,
Nə şeytanın dilinə gəlirəm.

Canavar dişlərimə yalvarma mənim!
Görürsənmi,
Barmaqlarımın toxunduğu hər güzgü qan qusur.
Bir uşaq dəmir pərdələrin üzünü çırmaqlayır indi.

Üsyan nəğmələrinin içində,
Bir ata barmaqlarının gözləriylə yuvasının ağzını axtarır,
Xatirələrini nüvə yuvasında isti tutur foton işıqları,
Bəlkə nə vaxtsa, qanı axmış günəş nömrələrini
Qandalayar sirk ustası…

 

(Cavid Fərzəli)

Tacxeber.com

Oxşar xəbərlər

Soçidə bu təklifim rədd edildi – Paşinyan

redaktor

Trampdan kriptovalyuta sahəsində yeni addım – Əməkdaşlığa başlayır

admin

Kimsə basıb-bağlayıb ki, Şuşanı bağlayacaqlar, qiymətlər çox normaldır – Fərid Pərdəşünas

redaktor