10 C
Bakı
11 Yanvar 2026 13:01
DünyaSiyasət

ABŞ İran məsələsinə niyə ehtiyatla yanaşır? – Heydər Oğuz

ABŞ prezidenti Donald Tramp dünən mühafizəkar jurnalist Hyu Hevittə verdiyi müsahibəsində İranın sabiq şahzadəsi Rza Pəhləvi ilə görüşməyəcəyini bildirdi. O, bunun səbəbini Trampa yaraşmayacaq dərəcədə incə bir eyhamla Pəhləvinin İrandakı proseslərə ciddi təsir edəcəyinə inanmaması ilə əsaslandırdı: “Düşünürəm ki, hər kəsin ortaya çıxıb özünün əsl lider olduğunu təsdiqləməsinə imkan verməliyik. Onunla danışıqların aparılması məqsədəuyğun olub-olmayacağına əmin deyiləm”.

Görünən budur ki, Tramp başqa bir qüvvənin ortaya çıxıb prosesə rəhbərlik etməsini gözləyir. Bəs, onun gözlədiyi qüvvə kimdir?

Sözümü çox uzatmadan deyərdim ki, Trampın gözlədiyi bu əsrarəngiz qüvvə İran Türkləridir. Yəni bizim klassik ibarəmizlə desək, Güney Azərbaycanlılar.

Məsələ burasındadır ki, ABŞ həmişə güneyli soydaşlarımıza İranda oyun dəyişdirici aktor kimi baxıb. Hətta bəzən elə olub ki, Güney Azərbaycan türklərinin inqilabi proseslərə hazır olmadığını nəzərə alıb İrana müdaxilə planlarını belə təxirə salıb. Belə təxirəsalmalardan biri 2012-ci ildə yaşanıb. Sirr deyil ki, 2011-2012-ci illərdə də indiki kimi, İsrail Baş naziri Netanyahu və ABŞ-dakı yəhudi lobbisi İrana hərbi müdaxilə barədə düşünür və Vaşinqtonu öz yanına almağa çalışırdı. İddialara görə, Netanyahunun İrana hücum planı ABŞ-ın müdaxiləsi ilə ən azı 3 dəfə təxirə salınmışdı. ABŞ-ın İrana hərbi müdaxiləyə istəksizliyi 2012-ci ilin aprel ayında Vaşinqtonda keçirilən Qlobal Təhlükəzilik-2012 Forumunda (Global Security Forum 2012) ortaya çıxmışdı. Forumda çıxış edən ABŞ-ın ən ünlü strateqlərindən olan və 1977-1981-ci illərdə prezident Cimmi Karterin milli məsələlər üzrə müşaviri vəzifəsində çalışan məşhur strateq Zbigniev Brjezinski bu fikrə qarşı çıxmış öz mövqeyini bir neçə arqumentlərlə əsaslandırmışdı. Brjezinskinin fikrincə İrana qarşı “planlaşdırılmamış hücum” hər şeydən öncə, qonşu dövlətlərə, o cümlədən Azərbaycana dağıntılar gətirə bilərdi.

“Məsələn, Azərbaycanda bu, Qərbin enerji maraqlarını böyük zərbə altına qoya bilər”, – Brjezinski Bakı-Tbilisi-Cehyan neft kəməri xəttini nəzərdə tutaraq demişdi: “İran onun ətrafında gərginliyin artması fonunda bir müddətdir ki, Azərbaycanın nəbzini yoxlamağa başlayıb və təəssüf ki, bu oyunlar səngimək bilmir”.

Strateqin fikrincə, İrana qarşı mümkün hərbi əməliyyatlar Cənubi Qafqazda müharibə ocaqlarını yenidən alovlandıra bilər: “Xüsusilə Rusiya bu vəziyyətdən Gürcüstana qarşı növbəti hücum üçün mütləq yararlanacaq. Bizə məlumdur ki, ruslar son iki ayda Gürcüstan ərazisində hərbi oyunlar keçirməklə – əzələ nümayişi ilə məşğuldurlar. Sülh şəraitində belə tədbirlər bəlkə də məqbuldur, ancaq adi bir regional qığılcım bu oyunları real hərbi əməliyyatlara çevirə bilər”.

Brjezinski onu da vurğulamışdı ki, “Qafqazda İslamçıların güclənməsi də Tehranın əlində vasitəyə çevrilib və bundan istifadə edərək, Bakının gözünün odunu almağa çalışır”.

Strateqin irəli sürdüyü igər vacib bir amil isə İran Azərbaycanlıları ilə bağlı idi.

“Təəssüf ki, onlar indi hadisələrin çarxını döndərmək iqtidarında deyillər, ancaq ölkə daxilində proseslərə təsir edəcək qədər böyük saya malikdirlər”, – Brjezinski həmin çıxışında vurğulamışdı.

İranda hakimiyyət dəyişikliyinin mümkünlüyü barədə suala cavabda isə o, bəyan etmişdi ki, Birləşmiş Ştatlar “rejimləri dəyişmək siyasətindən uzaq durmalıdır, bu, xalqların daxili işidir”.

O vaxtdan bu yana 13 il vaxt keçib. Artıq Brjezinskinin irəli sürdüyü situasiya böyük ölçüdə tarixə qovuşub. Hətta deyərdim ki, Azərbaycanın 2020-ci ildə Qarabağ uğrunda savaşında ABŞ-ın erməniləri dəstəkləməməsinin altında yatan əsl məqsəd də bununla bağlı ola bilər – İranın molla rejimindən gələn təhlükənin qarşısını vaxtında almaq. Görünür, İran rejimi də məhz bu amili nəzərə alıb II Qarabağ döyüşlərində yaxasını cırıb Cənubi Qafqazın “geopolitik sərhədlərinin dəyişilməsinə” imkan verməyəcəyini bildirir, Zəngəzur dəhlizini “qırmızı cizgisi” elan edirdi. İndi İranın həmin “qırmızı cizgisində” hər an onun başına “dəmir yumruğu” endirməyə amadə dayanan Tramp iradəsi oturub. Özü də İranın “minillik” qardaşı elan etdiyi Ermənistan ərazisində.

Bütün bu amillər ABŞ-ın həqiqətən də İrandakı prosesləri dəyişdirməyə hazır olduğunu göstərir. Çatışmayan yeganə şey isə Cənubi Azərbaycan Türklərinin aktivliyidir. Alınan son məlumatlara görə isə, artıq Cənubi Azərbaycan da oyanır. Bir sözlə, mollanın işi Allaha qalıb.

 

Hydər Oğuz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Məşhur reper İslam dinini qəbul etdi – VİDEO

redaktor

İsrail Ordusu “İslami Cihad”ın raket komandirini məhv etdi

redaktor

Sənəd razılaşdırılır, müharibə bitir!

admin