Mən sizə Fransa tarixinin konstruksiyasını yazım, bundan çıxış edərək öz tarixinizə nəzər salın.
Deməli, təsəvvür edin ki, bir ərazidə adına qallar deyilən kelt tayfaları yaşayır və sonra bura Yuli Sezarın rəhbərliyi altında Romalılar gəlir, işğal edir (Yunanlar indi də Fransaya Qalliya deyir).
Parisdə keltlərin məğlub olduğu Alesia döyüşü adına metro stansiyası var, həmçinin keltlərin həmin döyüşdə başçısı olan Versingetoriksin Fransada böyük heykəli var, milli tarixin önəmli fiqurlarından hesab olunur.
Amma keltlər məğlub olub, Roma buranı işğal edib, bütün Fransa Roma abidələri ilə doludur, ən əsası keltlərin dili itirilib və hazırkı fransız dili romalıların latın dilinin bir formasıdır. Qalliyanı işğal etmiş Sezar da Fransa tarixinin ayrılmaz, həlledici bir parçası kimi qəbul edilir.
İndi bu tarixin sonrası var.
Roma imperiyasının çöküşü dövründə isə Qalliyanı germandilli viziqotlar tutur. Təxminən 80 ildən sonra isə buraları digər bir germandilli xalq olan franklar ələ keçirir. Və franklar buranı tutandan sonra bu ərazilər frankların dövləti, torpağı adlanmağa başlayır Almanlar indi də Fransaya Frank Rayx deyir.
Diqqət edin: Yunanlar Fransaya keltlərin adı ilə Qalliya, almanlar isə frankların adı ilə Frank Rayx deyir (Fansızlar da heç biri ilə dava edib, bizim adımızı düz deyin tələb etmir).
Növbəti məsələ: Fransanın kral nəsli frank işğalçısı Klovisdən başlayır (Lüdovik-filan adının da mənbəyi Klovis sözüdür). Amma franklar bu əraziləri tutsalar da, hakiminə çevrilsələr də, öz dillərni itirib, yerli latın əsilli dili, yəni romalıların dilini qəbul edirlər. Başqa sözlə, franklar öz german dillərini itirirlər.
Əvvəlki dövrdən fərqi tutursunuz?
Yəni Roma imperiyası buranı tutanda yerli xalq olan keltlər dilini böyük ölçüdə itirib, işğalçının dilini qəbul etmişdisə, franklar tutanda, məhz işğalçı öz dilini itirib, yerli xalqın dilini qəbul edib.
Daha bir maraqlı nüansa fikir verin: dilin adı frankların dilidir, əslində isə franklara dəxli yoxdur, romalıların-latınların dilidir, dediyim kimi franklar öz dillərini itirib, yerli latın əsilli dili qəbul ediblər, amma adı frankların dili kimi rəsmiləşib. İlk frank kralı Klovis ümumiyyətlə, bu dili bilmirdi.
Daha bir nüans. Fransız kralları frank idilər, germandilli idilər, amma dövrün ideoloji səbəblərinə görə özlərinin german yox, Troya əsilli olduqlarını iddia edirdilər. Roma tarixindən xəbəri olanlar bilir ki, qədim romalılar da əsillərinin Troyalı olduğunu iddia edirdilər. Yəni dövrün hakimiyyəti legitimləşdirmə mexanizmi belə idi.
Hələlik burada saxlayaraq deyim ki, bizim tarix də bu və yaxud digər şəkildə oxşar proseslərdən xali deyil, yəni bunlar bir növ universal məsələlərdir.
