Azərbaycan xalqı nə düşünür?
Xəritəyə baxanda bir həqiqət açıq-aydın görünür: regionumuz qaynamaqdadır.
Ermənistan tərəfdə demokratiya artıq bir proses kimi qəbul olunub, hakimiyyətin dəyişməsi mümkün və normal sayılır.
Gürcüstanda insanlar sivil yollarla, meydanlarda, plakatlarla, səs və iradə ilə demokratiya tələb edirlər. Əlbəttə ki, bu ardıcıl və prinsipial mübarizənin sonu gürcü xalqının qələbəsi ilə yekunlaşacaq.
İran isə azadlıq uğrunda ağır, qanlı, iğtişaşlarla müşayiət olunan bir mübarizənin içindədir. Orada xalq bu qədər repressiya və edamlara baxmayaraq qorxunu çoxdan arxada qoyub.
Bu mənzərəyə Venesuelanı da əlavə edək. Uzun illər avtoritar idarəetmənin, saxta seçkilərin və repressiyaların hökm sürdüyü bu ölkədə də cəmiyyət “əbədi hakimiyyət” mifinin dağıldığını görür. Maduro rejimi nə qədər dirənsə də, xalqın iradəsi təslim olmur – sadəcə vaxt və enerji yığır.
Və bütün bu proseslərin fonunda Azərbaycan – doğma, əziz, istibdad altında inildəyən vətənimiz dayanır. Dörd tərəfimizdə azadlıq uğrunda mücadilə gedərkən, ölkə daxilində 55 illik Əliyevlər sülaləsi özünü dəyişməz, toxunulmaz və əbədi hakimiyyət kimi təqdim etməyə çalışır. Onillərdir ki, xalqımızın bütün sərvətini, haqqını, hüququnu, seçkisini qəsb edən bu zümrə bu məmləkəti qorxuya, səfalətə, pessimizmə sürükləyib, əbədi hakimiyyət iddiasındadırlar.
Amma tarix bu tip idarəetmələri tanımır artıq. Anti-demokratik, irsi və qorxu üzərində qurulmuş heç bir siyasi sistem zamanın axarına qarşı duruş gətirə bilmir.
Bu gün Azərbaycan cəmiyyəti hələki səssiz görünə bilər. Həbsxanalarda 400-dən artıq siyasi məhbusumuz var, meydanlar polis kordonları ilə əhatələnib, qorxu İlham Əliyevin yeganə və ən mümkün silhadır bu gün əlində. Adını da “dəmir yumruq” qoyub.
Əlbəttə ki, Azərbaycan xalqı bütün bu baş verənləri diqqətlə izləyir, insanlar baş verənlərə maraqla baxır, gözləyir.
Bütün bu səssizlik təbii ki, razılıq əlaməti deyil. Bu, onillərdir yığılan mənfi enerjinin hər an partlamağa hazır formasıdır. Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız hələki hadisələri diqqətlə izləyir, müqayisə edir, öyrənir və nəticə çıxarır.
İlham Əliyevin isə qorxa-qorxa pərdələrin arxasından baxdığı mənzərə budur. Region sürətlə dəyişir. Ermənistan, Gürcüstan, İran, Venesuela – hər biri fərqli yol, fərqli bədəllərlə eyni həqiqətə doğru gedirlər.
Xalqlar azad yaşamaq istəyir.
Azərbaycanda əlbəttə bu coğrafiyada “ada” kimi ortada qalmayacaq. Tarix sübut edib ki, xalqları sonsuza qədər susdurmaq mümkün olmur. Qorxu idarəetmənin resursu kimi tükənəndə, meydanlar gec-tez sahiblərini tapır. Bu, qaçılmazdır.
Dahi Hüqodan bir sitatla fikrimizi tamamlayaq.
“Zülm davam etdikcə, üsyan müqəddəsdir.”
