Daxildə, Epstein qalmaqalı ilə bağlı gündəmi dəyişmək üçün Trampa, xarici siyasətlə bağlı təcili “uğur” hekayəsi lazım idi. Bu uğur hekayəsini Tramp, əslində, Ukrayna – Rusiya müharibəsini Ukraynanı alçatmaq bahasına bitirməklə əldə etməyi düşünürdü. Amma Zelenskinin dirənişi Trampı tupikə saldı. Trampın Zelenskiyə qarşı hiddət və nifrətinin bir səbəbi də budur.
Maduro Tramp üçün göydəndüşmə oldu. İndi Trampa yaxın media, səfərbər olaraq, Epstein məsələsini gündəmdən salmağa çalışacaq.
Bəs Venesuelada proseslər necə inkişaf edəcək? Çox güman, İraqda olduğu kimi olacaq yəqin. Venesuelanın daxildəki vəziyyətilə çox da tanış deyiləm. Amma bildiyim odur ki, demokratiya xaricdən idxal olunan bir məhsul deyil. Demokratiyanı xalq istəməli, onun uğrunda səfərbər olmalı və mübarizə aparmalıdır. Xalqın azadlıq uğrunda apardıqları mübarizəni biz Ukraynada görürük. Ukraynada, əgər müharibə bitsə və Ukrayna müstəqilliyini qoruyub saxlaya bilsə, Avropanın ən demokratik ölkələrindən birinə çevrilə bilər.
Demokratiyanın qurulması məsələnin bitməsi də demək deyil. Demokratiya qurulandan sonra xalq siyasi proseslərə biganə qalırsa, yenidən avtoritarizm formalaşa bilir. Bunu Türkiyədə və Gürcüstanda görürük.
