İranı şahı Məhəmməd Rza Pəhləvi (1941-1979) Səudiyyə Ərəbistanının kralı (1964-1975) Feysəl ibn Əbdüləziz Əl Səudə dəfələrlə məktub göndərib.
Şah krala təklif edib ki, çağdaş dünyadan geridə qalan Səudiyyə Ərəbistanında ciddi islahatlar keçirsin. Həmin məktublardan biri isə xüsusi ilə maraqlıdır və həmin məktub bütün dünyada geniş rezonans doğurmuşdur. Məktubda deyilirdi: “Qardaşım, xahiş edirəm, ölkəni modernləşdir. Ölkənizi bütün dünyaya açın. Məktəblərdə qarışıq şəkildə oğlanlarla qızlar birlikdə təhsil alsın. İcazə verin, qadınlar mini ətək geyinsinlər. Diskotekalar açın. Müasir olun. Yoxsa sizin taxtında qalacığınıza zəmanət verə bilmərəm”.
Kral bu məktuba tarixi cavab verib: “Əlahəzrət, məsləhətinizə görə minnətdaram. İcazənizlə yadınıza salım ki, siz Fransanın şahı deyilsiz. Oturduğunuz yer də Yelisey sarayı deyil. Siz İranda yaşayırsız. Sizin əhalinizin 90% müsəlmanlar təşkil edir. Xahiş edirəm bunu unutmayın”.
Maraqlıdır ki, bu əhvalatı Səudiyyə şahzadəsi Bandar bin Sultan Amerika prezidenti Corc Volker Buşa (oğul Buş.2001-2009) bu əhvalatı anekdot kimi danışıb…
Mini yubka ilə qadın azadlığı arasında bərabərlik işarəsi qoyan Məhəmməd Rza şahın oğlu Rza Pəhləvi də qadın məsələsinə həssaslıq göstərir: “Mən monarxiyanı yox, azad İranı təmsil edirəm. Azad İran qadınların azadlığı olmadan mümkün deyil.”
Şübhəsiz ki, İranın ən böyük problemlərindən biri qadın azadlığı ilə bağlıdır. Ancaq İranda “tort-torta” qarışıb. Hara baxırsan problemdir. Xüsusən qeyri-fars mənşəli xalqlara qarşı şovinist bir siyasət yeridilir. O cümlədən İran türklərinin ciddi problemləri var. Güneyli soydaşlarımız üçün, elə bizim üçün də nə şiəliyə söykənən fars şovinizmi, nə də şahlıq üsul-idarəsi məqbul deyil. Monarxiya da, teokratiya da İran türklərinə qarşı eyni mövqedə çıxış edib. Ona görə də biz öz yolumuzu getməliyik, kiminsə oyununda oyuncaq olmaq bizlik deyil…
