“Yadınızda saxlayın! Mən gələnə qədər NATO-nun bütün o böyük tərəfdarları üçün deyirəm: onlar ümumi daxili məhsulun (ÜDM) cəmi 2%-ni ödəyirdilər və əksəriyyəti öz öhdəliklərini yerinə yetirmirdi. ABŞ isə axmaqcasına onların əvəzinə pul ödəyirdi!”
Tacxeber.com xəbər verir ki, bunları ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
Tramp bildirib ki, o vəzifəyə gələndən sonra NATO üzvlərinin ödəməli olduqları məbləği ÜDM-nin 5%-nə çatdırıb və tərəfdaş dövlətlər dərhal sözügedən məbləği ödəməyə başlayıblar.
“Hamı bunun mümkün olmadığını deyirdi. Amma mümkün oldu. Çünki hər şeydən öncə onların hamısı mənim dostlarımdır”,– Tramp bildirib.
Tramp bildirib ki, onun müdaxiləsi olmasaydı, Rusiya bu gün Ukraynanın hamısını ələ keçirmiş olardı.
“Yadınızda saxlayın ki, mən təkbaşına 8 müharibəni bitirmişəm və NATO üzvü olan Norveç axmaqlıq edərək mənə Nobel Sülh Mükafatı verməyi seçmədi. Amma bunun əhəmiyyəti yoxdur! Əhəmiyyətli olan odur ki, mən milyonlarla insanın həyatını xilas etdim”,– Tramp əlavə edib.
Tramp sonra ABŞ olmadan Rusiya və Çinin NATO-dan qorxmadığını bildirib. Onun fikrincə Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə dövlət Trampın yenidən qurduğu ABŞ-dır.(APA)
