Turan ideyası ilə bağlı Venesuelada baş verənlər fonunda bir status yazmışdım və vurğulamışdım ki, ayrı-ayrılıqda türk dövlətləri qlobal sistem üçün idarə olunan obyektə çevrilir, birlikdə isə özləri güc mərkəzi olurlar.
Bu kontekstdə Mustafa Kemal Atatürkün məşhur kəlamını da xatırlatmışdım: “Böyük balıq kiçik balığı udur.”
Həmin statusa bir dostumuz belə bir şərh yazdı:
“Nə qurursan qur, insan haqları və demokratiyaya söykənməyən birlik düşmən elan olunacaq. İsveçrənin Turan birliyi var? Bir-biri ilə 30–100 illik müharibələr aparmış xalqlar bir yerdə dünyanın ən gözəl dövlətini qurublar.”
Yəni məntiq budur: Turan-zad boş söhbətdir, əsas demokratiyadır.
Bu yanaşma sadəlövh və təhlükəli dərəcədə sadələşdirilmişdir.
Birincisi, 27 üzvü olan Avropa Birliyi ideal və monolit qurum deyil. Bu birlikdə real güc iki ölkənin — Almaniya və Fransanın — əlində cəmlənib. Qalan 25 ölkə çox vaxt bu iki mərkəzin qərarlarını icra edən periferiyaya çevrilir. Üstəlik, Almaniya ilə Fransa arasında da açıq və gizli şəkildə gedən ciddi rəqabət var və bu rəqabət bir çox hallarda “qırmızı xətləri” aşır.
İkincisi, ABŞ–Avropa İttifaqı münasibətləri də heç də romantik deyil. Amerika öz maraqları naminə Avropa İttifaqını tapdalamaqdan çəkinmir.
Diqqət edin: Donald Tramp açıq şəkildə Qrenlandiyanın və Kanadanın ABŞ-ın bir parçası olmalı olduğunu deyir. Panamanı işğal etmək niyyətini də gizlətmir.
Qrenlandiya Danimarkaya məxsusdur — Danimarka dünyanın ən demokratik ölkələrindən biridir. Kanada da eyni şəkildə. Amma bu demokratiya Amerikanın imperialist iştahasını dayandırmır. Hətta Trampın xanımının Qrenlandiya xəritəsinə ABŞ bayrağı yapışdırıb paylaşması belə olub.
Amerika demokratik dövlətdir, amma bu onun imperialist mahiyyətini dəyişmir. ABŞ indiyə qədər müxtəlif ölkələrdə təxminən 400 dəfə hərbi əməliyyat keçirib — hamısı da “demokratiya naminə” yox, milli və geosiyasi maraqları naminə.
Eyni mənzərə Fransada da var. Demokratiyanın beşiyi olduğunu iddia edən Fransa bu gün də Afrikada xalqların son tikəsini əlindən alır. İngiltərə isə hələ də onlarla ölkədə siyasi, iqtisadi və kəşfiyyat oyunları oynayır. Siyahını istəsək, xeyli uzada bilərik.
Yaşadığım İsveçrəni misal çəkim. II Dünya Müharibəsi zamanı ABŞ İsveçrəni bombalayıb. Niyə? Çünki Vaşinqtonda şübhə yaranıb ki, İsveçrə Almaniyaya silah ötürür. İsveçrə neytral idi, demokratik idi — amma bu, onu bombalardan qorumağa yetmədi.
Üstəlik, kim deyir ki, Turan “diktatorlar klubu” olacaq?
Bu, ucuz və tənbəl arqumentdir.
Bəli, bu gün Türk dövlətlərinin əksəriyyətində avtoritar rejimlər var. Amma bu, sabah da belə qalacaq demək deyil. Mən əminəm ki, türk xalqları Qərb demokratiyasından daha funksional və ədalətli idarəetmə modeli yarada biləcək potensiala malikdir.
Qərb demokratiyası gözəldir, bəşəriyyət üçün mühüm mərhələdir. Amma demokratiya heç vaxt imperializmi ləğv etməyib. Ona görə də dünyaya romantik və ideoloji yox, praqmatik və obyektiv baxmaq lazımdır. Əks halda uduzan yenə zəiflər olur.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ni xatırlayaq. Azərbaycan o vaxt ən zəif dövrünü yaşayırdı. Nəticədə “demokratik” ölkələrin iri şirkətləri Azərbaycan neftindən maksimum payı götürdülər, ölkənin milli maraqları isə ikinci plana keçdi.
Əgər həmin müqavilə bu gün imzalansaydı, Azərbaycanın maraqları qat-qat ciddi şəkildə nəzərə alınardı. Niyə? Çünki bu gün Azərbaycan güclü dövlətdir.
Siyasi proseslərə emosional, ideoloji şüarlarla yanaşmaq yanlışdır. Gücün olmayan yerdə nə demokratiya səni qoruyur, nə də haqq.
Biz Azərbaycanın bu gününü və gələcəyini düşünməliyik.
Turan ideyası türk xalqlarının əzəmətli birliyi deməkdir. Mən əminəm ki, türk xalqları gec-tez bir araya gələcək və möhtəşəm bir dövlət modeli yaradacaqlar. O dövlətdə yaşayan insanlar bu dünyanın ən azad və ən bəxtəvər insanları olacaq.
Çünki Turan ideyasının altında təsadüfi adamların yox, ən namuslu, ən vətənpərvər türk aydınlarının imzası var. O imzalar arasında bir görün kimlərin adı keçir: Ziya Gökalp, Yusuf Akçura, İsmail Gaspıralı, Hüseynzadə Əli bəy, Mehmet Emin Yurdakul, Hüseyn Cavid…
Turan-bu ideya romantika yox, tarixi yaddaş, siyasi instinkt və gələcəklə bağlı məsuliyyətidir.
