Artıq belə qeyri-adi hadisənin bəzi məqamları aydınlaşıb, lakin hələ çox məsələlər gizli qalıb. Buna görə də indiyə olan fikirlərimi yazıram. Məlumat artdıqca onlar təshih edilə bilər.
Prezidentin oğurlanması, şəksiz, cinayətlər yumağıdır:
▪️adam oğurluğu (2 nəfər);
▪️insan şəxsiyyətinin alçaldılması;
▪️diplomatik immunitetin pozulması;
▪️suveren ölkənin ərazisinə silahlı müdaxilə;
▪️suveren ölkənin hərbi-iqtisadi obyektlərinə ziyan vurulması,
▪️80-ə yaxın günahsız insanın öldürülməsi və 60-dan artığın yaralanması və s.
Lakin işin hərbi tərəfi çox uğurla həyata keçirildi. Yəni hərbçilər qarşısında vəzifə qoyulub və onlar bu vəzifənin öhdəsindən gəliblər. Onlara deyilməyib ki, siz beynəlxalq qanunlara əməl etməklə tapşırığı yerinə yetirməlisiniz. Belə şərt olsaydı, yəqin ki, heç əməliyyat hazırlanmazdı. Əməliyyatın qanunsuz olmağına görə məsuliyyəti ilk növbədə siyasi hakimiyyət, 2-ci növbədə qanunsuz tapşırığı icra edən hərbi komandanlıq daşıyır.
İndi kəçək əməliyyata. Bu əməliyyatı xəyanətsiz, Maduronun yaxın ətrafının ABŞ xüsusi xidmətləri ilə sövdələşməsi olmadan həyata keçirmək mümkün deyil. Venesuelanın sərhədindən paytaxtı Karakasa qədər ən qısa məsafə 600 km-dir. Bu qədər məsafəyə uçan ABŞ helikopterləri nəinki HHM sistemi, bazuka tipli adi silahla, hətta iri çaplı pulemyotla da vurmaq olardı. Karakasda isə helikopter lap alçaqdan uçurdu – xüsusi mühafizə olunan paytaxtda onu vurmaq lap asan idi. Amma 1 helikopter də vurulmadı.
Yalınayaq husilər ABŞ-ın biri $20-30 milyon olan azı 22 MQ-9 Reaper kəşfiyyat PUA-sını vurublar. Heç də pis silahlanmayan Venesuela ordusu 1 PUA da vura bilmədi?! Əməliyyat öncəsi orada PUA-lar at oynadırmışlar.
Məsələ burasındadır ki, ABŞ bu əməliyyatda azı bir helikopter (heyəti ilə birlikdə) itirsəydi, Konqres Trampı impiçment edərdi. Çünki Konqres hərbi müdaxiləyə icazə verməyib. ABŞ əsgəri əsir düşsəydi, vəziyyət daha pis olardı. Tramp da əməliyyatı məhz Konqres Milad tətilində olanda həyata keçirdib ki, konqresmenlər gələnə qədər məsələni həll etdiyini və hər şeyin qaydasında olduğunu elan etsin. Demək istəyirəm ki, belə riskli əməliyyata sanksiya vermək üçün Tramp ABŞ-ın heç bir itki verməyəcəyinə tam əmin olmalı idi.
Bu əminliyi ona kim verə bilərdi? Ölkənin ən yüksək vəzifəli adamı. Bu kimdir? Maduro. Bəs hədəf Madurodursa, kimdir? Əlbəttə, ölkənin 2-ci adamı, prezident olmayanda onun vəzifələrini qanuni şəkildə icra edən vitse-prezident Delsi Rodrigez. Rodrigez eyni zamanda neft naziridir.
Bilirsiniz ki, Uqo Çaves vaxtilə Venesuelanın neft yataqlarını milliləşdirmiş və ABŞ şirkətlərinə podratçı kimi işləməyi təklif etmişdi. O vaxt güzəştə getməməyi ilə tanınan Exxon şirkəti Venesuelakı layihələrindən imtina edib getmişdi. Lakin Chevron qalıb yeni şərtlərlə – Venesuela dövlət neft şirkəti PDVSA ilə birlikdə layihələrində işlərini davam etdirir. Yeri gəlmişkən, Exxon da, Chevron da Rokfellerin Standard Oil şirkətinin “övladlarıdır”. Məncə, Chevron-un qalıb işləməsinə ABŞ hökuməti məqsədli icazə vermişdi. Çünki belə böyük şirkətlər yerli hökumətlə yaxın münasibətdə olur, kəşfiyyat və əks-kəşfiyyat işləri ilə məşğul olurlar. Onların bəzi “işçiləri” xüsusi xidmətlərin əməkdaşları olurlar: Venesuelanın neft sənayesinin vəziyyəti, ölkənin hakimiyyət dairəsində baş verənlər haqqında məlumatlar toplayır və lazımi mərkəzlərə ötürür, yerli əhali, xüsusən də Chevron-un yerli işçilərindən agentura şəbəkəsi yaradır, hakimiyyət strukturlarına daxil olan şəxslərin ABŞ-a qarşı loyal olmasına çalışırlar (rüşvət, səyahət, şantaj və s. vasitələrlə). Rodrigez neft naziri olduğundan Chevron-un onunla münasibətləri olub, çox güman ki, onun “təqdimatını” da Chevron verilib.
Belə xəyanətə getmək üçün Rodrigez ABŞ-da yüksək səviyyədə təminat almalı idi. Əməliyyata rəhbərlik edən isə ABŞ-ın dövlət katibi Marko Rubio idi. Deməli, həm Rodrigezin Rubio ilə (təminat üçün), həm də Rubionun Rodrigez ilə (əminlik üçün) birbaşa danışmasına zərurət yaranmışdı.
3 yanvar axşamı mətbuat konfransında Tramp dedi ki, “Venesuelanın vitse-prezidenti Marko Rubioya söz verib ki, ABŞ-ın dediyi hər şeyi etməyə hazırdır”. Üstəlik xəbərdarlıq da etdi ki, əgər vədinə əməl etməsə, aqibəti Madurodan pis olacaq.
Bəlkə Tramp yalan danışır? O axı şişirtməyi, fantaziyalarını danışmağı xoşlayır (Azərbaycanla Albaniya arasında 37 illik müharibəni, Kamboca ilə Tailand arasında müharibəni bir telefon zəngi ilə dayandırması, Pakistanla Hindistan arasında müharibəni dayandırması və s. xatırlayaq).
Bu suala cavabım belədir:
ABŞ-da əminlik olmasaydı, bu əməliyyata başlamazdı.
ABŞ-a elə adam əminlik verməlidir ki, o ya hakimiyyətin ən yuxarı pilləsində olsun, ya da hakimiyyətin ən yuxarı pilləsində olanı idarə edə bilsin. Çünki Maduronu oğurlamaqla ABŞ heç nəyə nail olmur, onun yerinə qanuna əsasən vitse-prezident gələcək. Əgər vitse-prezident də Maduro kimi hərəkət edəcəksə, onda ABŞ-ın əməliyyatı mənasız olur. Deməli, ABŞ əmin olmalı idi ki, vitse-prezident onların istədiklərini edəcək.
Vitse-prezident təkbaşına milli təhlükəsizlik və müdafiə sistemlərini iflic edə bilməzdi. Bunun üçün ona müvafiq nazirləri öz tərəfinə çəkmək lazım idi. Məncə, indi özünü mübariz kimi göstərən, ABŞ-ın başına $15 milyon mükafat təyin etdiyi müdafiə naziri Vladimir Lopez də, patriotik çıxışlar edən daxili işlər naziri Diosdado Cabello da, prezident mühafizəsinin rəhbəri və bəlkə başqaları da xəyanətin iştirakçıları olublar.
Belə olmasaydı, əməliyyat bitən kimi onların ilk işi Maduronun necə oğurlanmasını araşdırmaq, bütün xəyanətkarları aşkar etmək olardı. Amma belə bir iş getdiyi, kimlərinsə həbs olunması haqda heç bir məlumat yoxdur.
Xəyanət bandasının əsas vəzifəsi ölkədə asayişi qorumaq və ölkəni dinc yolla ABŞ-a təhvil verməkdir. Çünki ABŞ hərbi yolla Venesuelanı ələ keçirə bilməz. Hətta hansısa şəhəri ələ keçirsə belə üsyançılarla onillərlə vuruşmağa və itkilər verməyə məcbur olacaq. Ən yaxşısı, ölkədə fəxri kölələrin hakimiyyətini qurmaqdır. Onlar ABŞ-ın istədiyi hər şeyi yaraşıqlı “konfet kağızına” büküb əhaliyə təqdim edəcəklər. Sınanmış metoddur.
Artıq bunu görürük.
Əməliyyatdan sonra Venesuela Braziliya ilə sərhədi bağladı, guya Braziliya ABŞ əməliyyatına kömək edib (?). Belə absurd fikir bunların ağlına necə gəlib? Braziliya ABŞ işğalını ən sərt tənqid edən ölkələrdən biri olub. Braziliyanın prezidenti Lulanın Trampla münasibətləri çox pisdir. Tramp Lulanın devrilməsini, hazırda həbsdə olan sabiq prezident Bolsonarunun yenidən prezident olmasını istəyir. Məncə, Braziliya ilə sərhədləri bağlamağı da ABŞ əmr verib, çünki Braziliya ilə Venesuelanın arasını vurmaq, onları bir-birindən təcrid etmək istəyir ki, üsyan olarsa, kömək gəlməsin.
Rodrigez dünən deyib: “Biz ABŞ hökumətini beynəlxalq qanunlar çərçivəsində ortaq inkişafa və cəmiyyətdə uzunmüddətli birgəyaşayışın gücləndirilməsinə yönəlmiş əməkdaşlıq gündəliyi üzərində birgə işləməyə çağırırıq”.
Nə “beynəlxalq qanunlar çərçivəsində”, ay xanım?! Əməkdaşlığa çağırdığın ABŞ sənin ölkənin prezidentini “beynəlxalq qanunlar çərçivəsində” oğurlayıb?! Venesuela neftinə ABŞ-ın sahib olacağını bəyan edən Tramp “beynəlxalq qanunlar çərçivəsində” danışırdı?! Səni hədələyən Tramp “beynəlxalq qanunlar çərçivəsinə” istinad edir?!
Yəni bu xanım xalqın başının altına yastıq qoyur, zəhərə qənd qatıb əhaliyə sırıyır. Overton pəncərəsi açılıb, yavaş-yavaş qulduru xilaskar kimi göstərməyə başlayacaqlar…
Venesuela saray elitasının xəyanətinə, qul psixologiyasına baxmayaraq, mən ABŞ-ın Venesuelanı ram edə biləcəyinə inanmıram. Ola bilər, hətta bir neçə il hadisələr onun istədiyi məcrada getsin (hərçənd buna da inamım azdır), amma ABŞ Əfqanıstanda da 20 il qaldı… axırını gördük. Venesuela xalqı etirazlar və üsyanlar edəcək (buna başqa ölkələr də kömək edəcəklər) və ABŞ qazandığından çox itirəcək.
Amma ABŞ-ın Venesueladan nəsə əldə eləməsi hələ nisyə söhbətdir. Bu əməliyyata görə Trampı ABŞ-ın özündə də sürprizlər gözləyir. Qlobalistlər imkan verməyəcəklər ki, Tramp “Maduronun oğurlanması” əməliyyatını özünün triumfuna çevirsin və bu triumf fonunda 2026-cı il Konqresə aralıq seçkilərini udsun. Konqres işə çıxan kimi Trampa və Heqsetə hücumlar başlayacaq (bunun üçün kifayət qədər hüquqi əsaslar var), Trampın Konqresin icazəsi olmadan hansısa ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq barədə qərar verməsinin qadağan olunması haqda qanun qəbul ediləcək və s. Ona görə yox ki, demokratlar daha humanistdirlər – onlar yüz minlərlə insanın ölümünə səbəb olmuş İraq, Əfqanıstan, Liviya, Suriya, Qəzza müharibələrinin başlaanmasına razılıq veriblər. Ona görə ki, bu əməliyyatın uğuru Trampın adına yazılacaq. Həm də Tramp cinayətə bərabər bir səhv edib – o, Venesueladakı əməliyyatın məqsədini “demokratiya uğrunda mübarizə” yox, əsl adı ilə “neft uğrunda mübarizə” adlandırıb. Belə səhvi bağışlamaq olmaz.
Düşünürəm ki, orta əsrlər sayağı düşmən ölkənin hökmdarını əsir tutub, onun paytaxta gətirilməsindən şou düzəldən Tramp bir neçə aydan sonra buna çox peşman olacaq. Mən hətta bu işdə (xəyanətkarlar komandasının yaradılmasında) Britaniya və Çinin rolu olduğunu ehtimal edirəm (Trampı məhv etmək üçün). Məsələnin bu tərəfi haqda başqa vaxt yazaram.
