DünyaSiyasət

Kimin sayəsində Zelenski 24 fevral 2022-ci ildə Maduronun vəziyyətinə düşmədi?

Əslində hərbi baxımından Rusiyanın 24 fevral 2022-ci ildə və ABŞ-ın 3 yanvar 2026-cı ildə etdikləri arasında çox böyük oxşarlıqlar var və bəzi faktorlar/şəxslər olmasaydı hələ 4 il qabaq Zelenski Maduronun vəziyyətinə düşəcək idi.

Hansı şəxslər və faktorlardır? Zelenskini və Ukraynanı kim xilas edib?

Moskva, əslində, Venesuelada amerikalıların etdiyi ilə demək olar ki, eyni cür hərəkət edirdi. İlk zərbə raket-bomba zərbəsi idi: HHM bazalarına və mövqelərinə, həmçinin hərbi aviasiyanın aerodromlarına. İndi isə bir anlıq təsəvvür edin ki, Rusiya müharibənin ilk saatlarında Ukrayna HHM-nin əsas bölmələrini və aerodromlardakı döyüş təyyarələrini məhv etdi və havada tam üstünlük əldə etdi. O zaman nə baş verərdi?

O zaman Qostomel aerodromu rus desantçıları tərəfindən ələ keçirilərdi. Müqavimət göstərən ərazi müdafiə qoşunları Rusiya təyyarələri və helikopterlərindən endirilən raket zərbələri ilə darmadağın edilərdi. Uçuş-enmə zolağını atəşə tutmağa başlayan artilleriya Rusiya aviasiyası tərəfindən dərhal susdurulardı. Ruslar aerodromu rahat ələ keçirər, daha sonra isə hava-desant qoşunlarının şəxsi heyətini ora yerləşdirərdi. Və sonra Kiyevə doğru…

Amma bütün bunlar baş vermədi…

Çünki Rusiya genişmiqyaslı hücuma çox az müddət qalmış Ukraynanın döyüş təyyarələrinə havaya qalxmaq əmri verildi. HHM bölmələrinə isə bazaları tərk edib açıq sahələrdə mövqelərə yerləşmək tapşırıldı. Nəticədə Moskva boş koordinatlara zərbələr endirdi. Ardınca isə Ukraynanın HHM-si və aviasiyası işə düşdü və Rusiya havada üstünlük əldə edə bilmədi.

Moskva hələ o zaman da kifayət qədər çox olan qoşunları ilə manevr edə bilərdi. Amma…

Məsələn, 72-ci əlahiddə mexanikləşdirilmiş briqada vaxtında Kiyevə çatdı və İrpen çayı boyunca müdafiə mövqelərini tutdu. Onlar mövqelərə irəliləməyə Rusiyanın hücum etdiyi 24 fevralda yox, artıq 23 fevralın səhərindən başlamışdılar. Amma niyə? Əmri kim verdi? Kim məsuliyyəti öz boynuna götürdü?

General Nayev bütün “qaranlıq” məsələlərə aydınlıq gətirdi. O bildirdi ki, USQ briqadalarına Rusiya işğalından ƏVVƏL döyüş xətlərinə çıxmaq əmri verilmişdi. Məhz buna görə onlar vaxtında mövqeləri tuta bildilər. Bu, təkcə Kiyevdə baş vermədi. Eyni vəziyyət Xarkovda da yaşandı. İşğalçılar Xarkov dairəvi yolunda hücumdan cəmi bir neçə saat sonra qarşılandılar və döyüşə cəlb olundular. Onları könüllü dəstələr deyil, komandanlığı, döyüş texnikası və atəş dəstəyi olan peşəkar USQ bölmələri qarşıladı.

Bütün bunlar Ukraynada bir nəfərin verdiyi qərarlar sayəsində mümkün oldu. O insan HHM bölmələrinə texnika ilə birlikdə bazalardan çıxmaq əmri verdi. O insan təyyarələrə dərhal havaya qalxmaq tapşırığı verdi. O insan USQ briqadalarına döyüş mövqelərinə çıxmaq əmri verdi.

Bu insan inanılmaz riskə getdi. Çünki o, faktiki olaraq səlahiyyətlərini aşdı. Belə səviyyəli əmrləri yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanı Zelenski verə bilərdi. Lakin son ana qədər hücuma inanmayan Zelenski bu qərarları vermirdi…

Bu insan – o dövrdə USQ-nin Baş komandanı olan general Valeri Zalujnıdır.

Bəziləri istəsə də, istəməsə də, bu gün Ukraynanın dövlət kimi mövcudluğu birbaşa və istisnasız olaraq Valeri Zalujnının verdiyi qərarların nəticəsidir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Hazırda Rusiyada yaşayanlar ya qorxub susanlar, ya da rejimin gerçək qullarıdır” – Aleksandr Nevzorov

redaktor

Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı

redaktor

Mini ətəkli qadını polis şöbəsinə buraxmadılar

redaktor