DünyaSiyasət

Çeçenistanda varis planı işə düşdü – Kadırov 20 yaşlı oğlunu yüksək vəzifəyə təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı oğlu Əhməd Kadırovu respublika hökuməti sədrinin müavini vəzifəsini icra edən şəxs təyin edib. O, eyni zamanda idman naziri postunu da saxlayacaq.

Tacxeber.combildirir ki, bu barədə “Kavkaz.Realii” məlumat yayıb.

Məlumata görə, analoji yüksəliş Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə də şamil olunub. Ramzan Kadırov bildirib ki, bu dəyişikliklər hökumət başçısı Məqaməd Daudovun təqdimatı əsasında həyata keçirilib. Yeni təyinatlar barədə respublika rəhbəri özünün “Telegram” kanalında məlumat verərək onları “kiçik kadr dəyişiklikləri” adlandırıb.

Kadırov oğlunun təyinatının öz səhhəti ilə əlaqəli olub-olmamasına dair suala aydınlıq gətirməyib. Xatırladaq ki, Yeni il ərəfəsində bir sıra KİV-lər Ramzan Kadırovun Moskvada xəstəxanaya yerləşdirildiyini yazmışdı. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd olunur ki, Çeçenistan hökumətində Kadırov ailəsinin daha bir neçə üzvü vəzifə tutur. Məsələn, Ramzan Kadırovun qızı Xədicat Kadırova 24 yaşında Çeçenistan hökumətində administrasiya rəhbərinin birinci müavini təyin edilib. Əhməd Kadırov isə 18 yaşında idman nazirinin müavini, sonra gənclər naziri, eyni zamanda “Ahmat” futbol klubunun prezidenti olub. Digər oğlu Adam Kadırov 16 yaşında atasının “təhlükəsizliyinin təminatı şöbəsinin rəisi” təyin edilib, Şeyx Mansur adına batalyonun kuratoru olub, daha sonra isə Qudermesdə yerləşən Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Universitetinin kuratoru elan edilib.

“Proyekt” nəşrinin məlumatına görə, ümumilikdə Ramzan Kadırovun ailəsindən təxminən 100 nəfər müxtəlif formada hakimiyyət strukturları ilə bağlıdır. Bu göstəriciyə görə o, Rusiyada birinci yerdədir. İkinci yerdə isə prezident Vladimir Putin qərarlaşıb – onun 20-dən çox qohumu rəhbər vəzifələr tutur.

Bundan əlavə, ilin yekun iclasında Ramzan Kadırovun qohumları yenidən müxtəlif mükafatlarla təltif olunublar. Mükafat alanlar arasında oğulları, kürəkənləri, qardaşı oğlanları və yaxın silahdaşları yer alıb. “Kavkaz.Realii”yə danışan ekspertlər bildiriblər ki, regionda medalların, ordenlərin və fəxri adların bu qədər tez-tez verilməsi onların faktiki dəyərini itirməsinə səbəb olur. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Makronu Misirdə yumurta atəşinə tutdular – VİDEO

admin

Türkiyənin silah istehsalında böyük irəliləyiş var – Zakir Həsənov

redaktor

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus silah daşıyan gəmiləri vura bilib

admin