İran xeyrinə casusluqda ittiham olunan keçmiş britaniyalı hərbçi Daniel Xalif həbsdən dramatik qaçışdan sonra saxlanılıb.
İranda doğulmuş ananın oğlu olan Xalif 2018-ci ilin sentyabrında Britaniya ordusuna qoşulub və bir ildən çox xüsusi hazırlıq keçdikdən sonra Staforddakı 16-cı rabitə alayına göndərilib. O, məxfi məlumatlara çıxış icazəsi almışdı.
Prokurorluğun məlumatına görə, Xalif 2019-cu ildə İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) ilə əlaqəli bir iranlı ilə təmas qurub, ona ən azı bir məxfi sənəd təqdim edib və bunun müqabilində Londonun Mill-Hill parkında gizlədilmiş yerdən 1500 funt sterlinq alıb. O, həmçinin İran tərəfinə ötürmək məqsədilə hərbçilərlə bağlı identifikasiya məlumatlarını əldə edib.
Daha sonra Xalif MI6-ya onların rəsmi saytından müraciət edərək İran hökuməti ilə əlaqədə olduğunu bildirib və ikili agent kimi işləməyi təklif edib.
2023-cü ilin yanvarında o, araşdırma çərçivəsində hərbi kazarmada həbs edilib. Qaçmazdan əvvəl otağında partlayıcı qurğu maketi quraşdıraraq araşdırmanı çətinləşdirməyə çalışıb. Xalif daha sonra Stoun şəhərində saxlanılıb.
Londondakı Wandsworth həbsxanasında mühakiməni gözləyərkən, o, 2023-cü ilin 6 sentyabrında ikinci dəfə qaçmağa nail olub – mətbəxdə işləyərkən özünü yemək daşıyan yük maşınının altına çarşaflarla bağlayaraq həbsxana qapılarından çıxıb və işıqfor qarşısında maşının altından çıxaraq piyada qaçıb.
Üç gün azadlıqda qalan Xalif yeni geyim və telefon alaraq gizlənib. 9 sentyabrda o, Londonun Northolt rayonunda mülki geyimli polis serjantı tərəfindən velosiped sürərkən saxlanılıb.
2024-cü ilin noyabrında Daniel Xalif İran xeyrinə casusluqda təqsirli bilinib və 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.




