1973-cü ildə baş verən üçüncü ərəb-yəhudi savaşından (Məhşər günü savaşı) sonra OPEC ölkələrinin neft embarqosu və neft qiymətlərinin yüksəlişi.
Neftin bir barrelinin qiyməti onilliklər boyu sabit idi – barrel 3 dollara (1973-cü ilin 3 dolları alıcılıq qabiliyyətinə görə bugün 22-23 dollara bərabərdir). Embarqodan sonra qiymətlər 11-12 dollara sıçradı.
Bu hadisə dünyada iqtisadi böhran yaratdı. Neft alan ölkələrdə iqtisadi inkişaf tempi dayanmaq həddinə qədər zəiflədi. Qərb ölkələri staqnasiya yaşadılar.
Onilliyin sonuna qədər 12-14 dollar çərçivəsində qalan neft qiymətləri İran İslam inqilabı və İran-İraq müharibəsi nəticəsində daha bir sıçrayış yaşadı. 1980-ci ildə bir barrel artıq 35 dollara idi ki, bu da alıcılıq qabiliyyətinə görə indiki 137-138 dollara yaxındır.
Belə vəziyyət əlbəttə neft satan ölkələrdə eyforiya yaşatdı. Amma paradoks odur ki, uzun məsafədə məhz neft satan ölkələr daha çox zərər gördülər.
1986-cı ildə neft qiymətləri 10 dollara (indiki 30 dollar) düşəndə böhran növbəsi neft satan ölkələrə çatdı. Ən tez çökən SSRİ oldu. Qısır iqtisadiyyat, Əfqanıstan müharibəsi, qeyri-adekvat idarəçilik, onilliklərlə yığılan problem öz sözünü dedi. Ölkə özünü taxılla təmin edə bilmirdi, xaricdən almağa isə pulu yox idi.
Rumıniyada maraqlı hadisələr baş verdi. Özünün də müəyyən miqdar nefti olan ölkənin diktatoru Çauşesku ərəb embarqosundan sonda “parlaq” fikrə gəldi: nəhəng neftayırma zavodlarının tikmək, yaxşı münasibətlərə malik olduğu İran və İraqdan xam neft alaraq bu zavodlarda emal etmək və satmaq. Bu məqsədlə xatricdən xeyli borc alındı. Amma zavodlar hazır olanda İran və İraq bir-birilə savaşırdılar, qarşı tərəfin neft sənayesini darmadağın edirdilər. Nəticədə, nə İraqın, nə İranın Rumıniyaya satacaq nefti var idi. Nəhəng zavodlar heç vaxt tam gücləri ilə işləmədilər. Ölkə dərin böhrana girdi və proseslər Çauşesku cütlüyünün divar önündə güllələnməsi ilə nəticələndi.
Venesuelanın problemləri də neft qiymətlərinin 1970-ci illərdə sıçrayışından və 1980-ci illərdə çöküşündən başlayıb. Maduronun sələfi Uqo Çaves məhz böhran və ümumi narazılıq dalğasında 1999-cu ildə hakimiyyətə gəldi. Bir müddət sonra qiymətlər yenidən yüksəldi. Buna görə də Venesuelada proseslər daha uzun, daha mürəkkəb və dalğavari getdi. Amma ölkə 40 il əvvəl girdiyi böhrandan çıxa bilmədi.