Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduronun və həyat yoldaşının saxlanılması ilə bağlı açıqlama verib.
Tacxeber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, Si Cinpin məsələ ilə bağlı Çinə səfər edən İrlandiyanın Baş naziri Mixael Martin ilə görüşü zamanı mövqeyini ifadə edib.
Dünyada mövcud gərginliyə diqqət çəkən Çin lideri bildirib ki, tək tərəfli və zorakı hərəkətlər beynəlxalq nizamın əsaslarını sarsıdır:
“Dünya qarışıqlıq içindədir. Tək tərəfli və zorakı addımlar beynəlxalq sistemi zəiflədir. Bütün ölkələr digər xalqların seçdiyi inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq qalmalıdır. Xüsusilə böyük dövlətlər bu məsələdə nümunə göstərməlidir”.
İrlandiyanın Baş naziri Mixael Martin də beynəlxalq mübahisələrin həllində beynəlxalq hüquqa riayət olunmasının vacibliyini qeyd edib. O bildirib ki, ölkəsi Çinlə sıx əlaqə və koordinasiya şəraitində beynəlxalq hüququ müdafiə edəcək, azad və açıq ticarətə sadiq qalacaq, həmçinin rifahın və sabitliyin təşviqinə töhfə verəcək.
