1991-ci ilin mayında kosmosa SSRİ-dən uçan, 1992-ci ildə Rusiya Federasiyasına qayıdan bu adamın gah kosmosda unudulması, gah da geri qaytarmaq üçün vəsaitin olmaması üzündən zorla kosmosda saxlanılması barədə sosial şəbəkələrdə dolaşan əhvalat son günlər dalbadal qarşıma çıxır. Özü də həm Azərbaycan, həm rus, həm türk dilində. Axtarış verəndə başqa dillərdə də tapılır. Doğrudanmı belə olub?
1991-ci il mayın 18-də başlayan həmin uçuş (“Soyuz TM-12”, Anatoli Artsebarski və britaniyalı qadın Helen Şarmanla birlikdə) Krikalyovun ikinci uçuşu idi. “Mir” kosmik stansiyasında bir həftə keçirəndən sonra Şarman daha əvvəldən burada olan Viktor Afanasyev və Musa Manarovla birlikdə gəmisində geri qayıtdı. Artsebarski və Krikalyov isə oktyabrda qayıtmalı idilər.
Amma iyulda aydın oldu ki, planlaşdırılan iki uçuş maliyyə çatışmazlığı üzündən bir uçuşda birləşdirilib. Bu da o demək idi ki, geri qayıdan gəmidə hamıya yer çatmayacaq və ya Artsebarski, ya da Krikalyov kosmik stansiyada qalmalı olacaq. Krikalyov qalmağa razı oldu.
“Soyuz TM-13” gəmisi oktyabrın 2-də uçdu. Heyət Aleksandr Volkov, qazax Toktar Əubəkirov və avstriyalı Frans Fibökdən ibarət idi. Son iki nəfər oktyabrın 10-da Artsebarski ilə birlikdə geri qayıtdı. Volkov isə Krikalyovla “Mir”də qaldı.
Növbəti uçuş plan üzrə 1992-ci ilin martın 17-də baş tutdu. “Soyuz TM-14” gəmisinin heyəti iki rus və bir almandan (Klaus-Ditrix Flade) ibarət idi. Martın 25-də Krikalyov Volkov və Flade ilə birlikdə Yerə qayıtdı.
Bu zaman artıq SSRİ yox idi. İlk uçuşuna görə Sovet İttifaqı Qəhrəmanı adını alan Krikalyov ikinci uçuşdan sonra Rusiya Qəhrəmanı adını aldı. O, bu titulların ikisinə də layiq görülən ilk adam oldu (sonra daha üç nəfər alıb)
Beləliklə, kimsə kosmosda yaddan çıxmayıb. Krikalyovun kosmosda planlaşdırıldığından çox (312 sutkadan bir qədər az) qalmasında maliyyə məsələsi rol oynayıb, amma təqdim olunan “geri qaytarmağa pul tapmırdılar” kimi dramatik şəkildə yox.
Sergey Krikalyov ümumən 6 dəfə kosmosa uçdu və burada üst-üstə 803 gün keçirdi. O, bu göstərici üzrə 2005-2015-ci illərdə dünya rekordçusu sayılırdı.
