Ən mahir qumarbaz ya ən bacarıqlı biznesmen olsun, “qoçu” ilə kart oyununa, “sdelkaya” girsə xeyri yoxdur, qoçuya uduzacaq. Çünki, istənilən halda, “qoçu” uduzsa belə, sonda bir bəhanə ilə, dava salıb, silahını çıxarıb, terror, qorxu yaradıb, ortadakı pulları götürüb, çıxıb gedəcək. Mütləq.
Gedişatdan belə çıxır ki, biznesmen-siyasətçi Tramp belə oyuna girməkdə səhv edib. Əsas səhv də Alyaska görüşündən başlayıb, orada Putinin ayağının altına xalça sərməklə. Budur, neçə aylardır Ukrayna böhranının sülh yolu ilə həlli yönlü danışıqlar, gediş-gəliş oyunu gedir. Və sülh planı bəndlərinin artıq 95 %-nin yekun razılaşdırıldığı və məsələnin də həlli anı Putin oyunu öz xeyrinə pozma bəhanəsi atdı ortaya.
Putin səhər 8-də oyanıb, Trampa zəng vurub deyib, bu gecə Ukrayna Valday imarətgahımı bombalamaq istəyib. Və bunun üçün 93 dron göndərib hamısını da vurub salmışıq. Və dedi, müharibə güclənir, danışıqlar da hələ ki, qalısın. Nə dron videosu var, nə onları vurma anı, nə də vurub saldıqları dronların fraqmenti var ortada. Region əhalisi də rəsmi sorğuda deyib ki, gecə nə dron uğultusu, nə də partlayış eşitməmişik. Zelenski isə, tam təkzib etdi: Putin sülh istəmir.
Belə görünür ki, Putinə yəni müharibə sərf edir. Düşünür ki, uduşdadır, ən azı SSRİ-ni qurması üçün tarixi fürsət yaranıb. Çünki bu saxta “sülh” oyunları ilə, düşünür ki, Trampı, ABŞ-ı da artıq neytrallaşdıra bilmiş və nə də istəsə, edə bilər.
Belə ki, Tramp-Putin oyununda kim udur, kim uduzur? Açıq deyək, hələ ki, Putin udur və bu cür oyunların yaratdığı üstünlüklər hesabına:
– beynəlxalq həbsdən, müharibə cinayəti kimi ağır məhkəmə ittihamından çıxıb legitimləşdi.
– beynəlxalq təcriddən və ölkələrə gediş-gəliş problemindən qurtardı.
– Bu oyun arası çoxlu kontaktlarla Trampla aradakı “rəsmi pərdəni” yırtıb aranı açıb, ona psixoloji təsirini, “nüvə” qorxu hissini aşıladı.
– Trampa təsirlə, ABŞ-la Avropa Birliyi arası çatlar yarada bildi.
– Trampa təsirlə Ukraynaya uzaqmənzilIi ballistik Tomaqavk raketlərinin verliməsini dayandırıb, Rusiyanı raketli, Ukraynanı isə raketsiz, “bir qapıya oyun” durumuna saldı.
– Trampın, ABŞ-ın Putin, Rusiya ilə kontaklı anlaşma oyununu görən, Çin, Hindistan və digər xeyli ölkələr, Rusiya ilə münasibətləri artırıb, onunla iqtisadi və hərbi güclənməsi yönlü açıq və gizli addımlara cürətləndilər.
– Nəhayət, 2025-ci ilədək Ukraynadan cəmi 1% ərazi ala bilib, yerində sayan Putini, bu 1 illik oyunla Tramp dirçəltdi, qol qanad verdi. Tramp gələndən Putinin ərazi alması da və Ukraynanı və Kiyevi bombalaması da artdı.
Bəs Tramp nə udur, Putinlə 1 illik oyunda?
Belə görünür ki, heç nə. Yuxarıda göstərilən bu bəndlər qədər uduzur, hələ ki. Tarixdə ilk dəfə olaraq ABŞ-ın ən doğma Avropalı müttəfiqləri ilə aradakı çatlar yaradıldı. Və tarixdə ilk dəfə olaraq, Qərbin əzəli və indiki ən qatı rəqibi olan Rusiyanı yaxına buraxıb, onu Qərbin, dünyanın üstünə çıxartdı. Putinlə oyuna girmək əvəzində lazım idi ki, sülh üçün Ukraynanı gücləndirsin Tramp. Müharibənin mənasızlıyını görüb Putin geri çəkilsin. Əksinə ona xeyli qol-qanad verdi.
Sonrası nə ola bilər?
Sonrası, zənnimcə 2 variant ola bilər. Ya Putin ona verilən fürsətdən istifadə edib, öz böyük iddia ambisiyalarını həyata keçirməyə çalışar. Müharibə, təxribatları genişləndirərək. O vaxta kimi ki, birbaş ABŞ-a, Trampın özünə təhlükə yararanar. O zaman, Tramp, ABŞ artıq məcbur olar Putinlə sərt tutaşsın. Yenə Qərb və NATO, müttəfiqlərinin, Ukraynanın mövqeyinə gəlsin.
2-ci variant məncə o ola bilər ki, Putin düz yola gəlsin, Ukrayna və qonşu ölkələrlə sülh yaradıb ölkəsini Çinin iqtisadi inkişaf yoluna yönəltsin. Bu yöndə də Trampla iqtisadi investisiya və s. əməkdaşlıq yolu ilə getsin. Zaman göstərəcək. Rusiyanın axırını bilmirəm, Ukrayna qalıb çıxar.
