9 C
Bakı
31 Dekabr 2025 19:21
Cəmiyyət

Bayramı formal, yoxsulluğu real olan cəmiyyət

Maaş və pensiyaların azlığı fonunda kommunal xərclərin artması, sosial durumun ağırlığı yoxsulluğun miqyasını artırır, kasıb təbəqənin maddi vəziyyətini kəskin şəkildə pisləşdirir. Artıq kasıb təbəqə bayramı normal yox, formal olaraq keçirir. Çünki kreditlə sevinc, borcla şənlik olmaz. Problemlər ağuşunda bayram keçirmək yalnız palaza bürünüb ellə sürünmək, dəstədən geri qalmamaq ənənəsidir. Əslində bayram, gününün xoş keçdiyi, gəlirlərinin ailəni dolandırmaq normasında olduğu zamandır, təqvim dəyişməsi deyil.

Varlı – kasıb, məmur – rəiyyət arasında məsafə genişlənir. Siniflər arası uçurum dərinləşir. Artıq orta əsrlərdəki feodalizmin təzahürləri bariz şəkildə görünür. Hündür maşınlı zadagan, mülkədar, borc verən sinif və o hündür maşınların şüşəsinə əl açan qucağı körpəli dilənən gəlinlər, körpü altında soyuqdan bürüşərək iş axtaran, dayanan maşınlara sarı yüyürən, borc alan miskinlər sinfi…

Talançı, rüşvətxor məmurlara qarşı görülən tədbirlər effekt vermir. Cəzalar çox yüngüldür. Həbs onlar üçün bəlkə də istirahət xarakteri daşıyır. Çünki əvvəlcədən qohum, tayfalarının adına yığdıqlarını çıxıb yenidən istifadə edir, bir müddətdən sonra hətta yeni vəzifəyə də təyin olunurlar. Demirəm ki, Şimali Koreyadakı kimi nazirləri zenit raketi ilə göyə sovurmaq lazımdır. Lakin qanuna dəyişikliklər edilib güllələnmə hökmü mütləq bərpa olunmalıdır. Əgər icra başçısı özündən əvvəl tutulanları görür, təyin olunandan qısa müddət sonra çəkinmədən onlar kimi rüşvətə, cinayətə bulaşırsa demək o, onu gözləyən cəzalardan qorxmur, çəkinmir.

Harınlıq xəstəlikdir, sonra xarakterə çevrilir. Daha sonra həyat tərzinə dönüşür və qarşısına keçəni sümürmə psixologiyası yaradır. Cinayətin ictimai zərəri, dövlətə, xalqa vurulan ziyan, xəyanət və ziyanın miqyası qarşısında cavabdehə verilən cəza çox yüngüldür, demək olar ki, heç cəza deyil. Məmur, icra başçısı əgər dövlət başçısının konkret tapşırıqlarına əməl etmirsə, qanunu saymırsa, üstəlik bu tapşırıq və qanunların əksinə olacaq əməllər törədirsə ona yalnız ömürlük həbs ya da ölüm hökmü verilə bilər.

Son zamanlar icra başçıları da daxil olmaqla bir sıra məmurlar daha da qəddarlaşıb. Sanki müəyyən tədbirlər nəticəsində bəzilərinin rüşvət alma imkanlarının məhdudlaşdırılması onları daha da amansız, aqressiv edib.

Artıq soyğunçuluğun, rüşvətin də metodları müasirləşib. Müasir texnologiyaların istifadəsi, rəqəmsallaşma zamanı xalqa xidmət yox, bu üsullarla necə əlavə vəsait qoparmaq, necə talamaq yolları axtarılır.

Qəddar və amansız məmur münasibəti ümumiyyətlə vəzifə, məmurluq haqqında mənfi obraz yaradır. Artıq kasıb və miskin təbəqənin arasında qalstuklu adam görünəndə eyhamlı baxışlar, ikrah, bəzən də nifrətli nəzərlər diqqətdən qaçmır. Çünki vəzifəli şəxslər barədə əhali arasında xoş olmayan, pis fikir var. Bu fikri harın, savadsız, hətta təhsilsiz, heç bir insani keyfiyyətləri özündə daşımayan, qaba məmurlar yaradıb.

Əhalinin sosial vəziyyətinin ağırlaşmasının bir səbəbi də məmur talançılığıdır. Təkcə tutulan məmurların taladığı, qohumlarının adına aldığı, ölkədən çıxardığı milyardlarla xalqa hər bayramda adambaşına beş qurbanlıq qoyun vermək olardı. Halbuki indi bayramda Tarif Şurası qiymətləri artıraraq xalqın bayramını qara gətirir, qanını qaraldır. Təbii ki, kasıb əhalidən söhbət gedir. Məmurlar şəbəkəsinin yaratdığı münbit mühitdən istifadə edərək vaxtında varlanmışlara işıq, qazın, benzinin qiymətinin artması təsir etmir. Milçək beş qoyunu parçalayıb, birini də ağzında aparan canavara nə edə bilər? Yalnız kürəyində bir buğda aparan qarışqanı yıxa bilər. Ona görə bütün bu artımlar varlıları, məmurları daha da qəddarlaşdırır, daha da pula hərisləşdirir, kasıb təbəqəni isə daha da kasıblaşdıdır və məhvə aparır…

Tural İrfan

Tacxeber.com

Oxşar xəbərlər

“Xudayar təsnifi” Şuşa-Laçın yolunda səsləndi – VİDEO

redaktor

İslamda aşura deyilən bir şey yoxdur

admin

Alimpaşa Məmmədovdan XƏBƏR VAR: Həbsdəki icra başçısı nədən narazı qaldı…

redaktor