Əvvəl Ukrayna qoşunları Donbasdan çıxmasa danışıqları dayandıracağı ilə qorxutdu, sonra Valday hekayəsini uydurdu, sən demə Putinin şəxsi iqamətgahı gecə boyunca Ukraynanın 91 ədəd dron zərbəsinə məruz qalıbmış. Bu adam sənətinin – diversiya, təxribat, qətl, şantaj, təhdid və yenə bu qəbildən bacarıqların ustasıdır.
Putin danışıqlardan qaçmaq istəyirmi? Yox. Danışıqlar hər üç tərəfə hava-su kimi lazımdır.
Putinə vaxt qazanıb Ukraynanı daha çox dağıtmaq, sanksiyalardan yayınmağın yollarını tapmaq və yeni sanksiyaların – Rusiya neftinə 500%-lik rüsum tarifinin tətbiqinə mane olmaq üçün vacibdir.
ZelenskiyəTrampı qəzəbləndirməmək və itirməmək üçün lazımdır.
Tramp isə sülh vasitəçisi obrazını qoruyub saxlamalıdır.
Beləliklə, danışıqlarda tərəflərin hər birinin marağı var. Bəs bu Valday rəvayəti hardan çıxdı?
Siyasi proseslərdə detallar çox önəmlidir, şeytan detallarda gizlənir. Putin də məhz detallara çox diqqət verir. Bu dəfəki danışıqların diqqətdən qaçan detalı onun aparıldığı məkan idi. Trampın rəsmi ofisində -Ağ evdə yox, Florida ştatındakı Mar-a-Laqo iqamətgahında, yəni 2019-cu ildən ailəsilə birgə yaşadığı şəxsi evində. Şəxsi iqamətgahda qəbul ev sahibi üçün qonağın önəminin, siyasi çəkisinin, statusunun göstəricisidir. Hər qonağa belə mərasim düzənlənmir. Tramp Zelenskini Mar-a-Laqoda qarşılamaqla ona sayğısını nümayiş etdirdi.
Xatırlayırsızsa, yüksək diqqətə və münasibətə öyrəşmiş Putin Bakıya sonuncu dəfə gələndə Azərbaycan prezidenti xanımı ilə birgə onu şəxsi iqamətgahında qarşılamışdılar, isti, yaxın, səmimi sayılan qeyri-rəsmi görüş münasibətlərdə yüksək səviyyədir.
Tramp Putini Zelenskini qarşıladığı kimi qarşılamamışdı, uzaq, soyuq, rəsmiliyi üşüdən Alyaskada danışıqlarda Putinin “Peçeneqlərin tarixi haqqında” nəsihətləri Trampı qəzəbləndirmişdi, görüşdən sonrakı ənənəvi ziyafətə isə heç qalmamışdı.
Putini qıcıqlandıran da Mar-a-Laqo detalı oldu.
Valday rəvayətinin həqiqət olub-olmadığını yoxlamaq Ağ ev üçün çətin deyil. Kosmik orbitdə ən çox peyki olan ABŞ-dır, 5000 peyki var!
Onların 60%-i məhz münaqişəli zonaları izləyir, yerdə gəzən qarışqanı da görə bilir. Əgər Tramp Putinin iddiasına ciddi yanaşsa yalanın ünvanı üzə çıxar. Putin buju çox gözəl anlayır. O zaman nəzərə alırmı ki, Trampı qəzəbləndirsə, Ukraynaya doğrudan da Valdaya çatan və ötəcək Tomoqavk verə bilər?