Cəmiyyət

Nəsiminin “çiçəyi burnunda” olan başçısı “şəffaf” universitet Azərbaycan Kooperasiya Universitetini bitiribmiş -O, nəyin güdazına gedib?

Bir icra başçısının, xüsusilə də paytaxtın mərkəzi rayonlarından birinə təyin olunan başçının cəmi 47 gün sonra vəzifəsindən atılması Azərbaycan üçün kifayət qədər nadir hadisədir. Bunun üçün adamın “ÇP”-sinin, xətasının, törətdiyi “əyri əməlin” miqyasını təsəvvür etmək belə çətindir…

Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Dünən vəzifəsindən azad edildi. 43 yaşlı İbrahimov nisbətən “gənc kadrlar”dan sayılır və Nəsimi rayonundan əvvəl 3 ildən artıq Kürdəmirin icra başçısı olub. Azərbaycanın ən “şəffaf” universitetlərindən biri olan Azərbaycan Kooperasiya Universitetinibitirən İbrahimovun karyerasında otel, audit, mebel şirkəti, ardınca da Şamaxı icra başçısının köməkçisi kimi iş yerləri olub.

Ancaq əsas bu deyil. Zatən Azərbaycanda adı korrupsiya və özbaşınalıq sarıdan dillər əzbəri olan Kooperasiya Universiteti, Beynəlxalq Universitet kimi “ali məktəblər”in dipomunu almış saysız-hesabsız məmur, hakim, deputat olub və var.Azərbaycanda Ramiz Mehdiyevin zamanında əvvəllər ofisiant, kababçı və s. işləmiş, pulla diplom almış başçılar da olub. Onların təqdimatı Mehdiyev tərəfindən verilib. Lakin hətta onlar belə uzun illər vəzifələrini “qoruyublar” və İbrahimov kimi dərhal özlərini “yandırmayıblar”, vəzifədən atılmayıb, yaxud həbs edilməyiblər.

Bəs yeni başçı nə edib, hansı əməlin sahibi olub ki, belə bir “rekord”a imza ata bilib? Medianın yazdığına görə, Nəsiminin “çiçəyi burnunda” başçısı rayon ərazisindəki özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun şirkətlərdən 100-200 min manatpul aldığı bildirilir və görünür, bunu onunla birlikdə işdən azad edilən köməkçisi vasitəsilə edib. Belə ki, İbrahimovun təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

Təbii ki, Azərbaycan reallıqlarında xüsusilə bəzi rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və s. tərəfindən sahibkarlara qarşı haqsız təzyiq və təhdidlər, bəzi hallarda onlardan “xərac” yığılması təcrübəsi çoxdan mövcuddur. Ona görə də bu xəbərin yayılmasından sonra çoxları yeni başçının əməlinə dair deyilənlərə yox, onun bu əmələ görə vəzifəsindən dərhal atılmasına təəccüb edirlər. Çünki hesab edilir ki, aşağı-yuxarı, başçıların çoxu elə bu cür, ya da buna bənzər şəkildə “işləyir”…

Əslində, bu mənzərə nə qədər müəmmalıdırsa, bir o qədər də dövlət idarəçiliyi institutu üçün neqativ, hətta təhlükəlidir. Çünki başçı təyinatı birbaşa Prezident sərəncamı ilə həyata keçirilir.

Məlum olduğu kimi, Prezident yeni icra başçılarını şəxsən qəbul edir, onlara tapşırıqlar verir. Açıq şəkildə deyir ki, vətəndaşları, sahibkarları incitmək, qanundan kənara çıxmaq olmaz və bunu edənlər bütün xidmətlərinə baxmayaraq, sərt cəzalandırılacaqlar. Yeni başçılar da çıxış edərək, etimadı doğruldacağına dair söz verirlər. E.İbrahimov da bu sırada istisna təşkil etmir. Lakin indiki halda belə çıxır ki, E.İbrahimov qəbuldan çıxar-çıxmaz daraşıb rayonun canına – pul toplamağa. Bu, bir tərəfdən arxayınçılığın, cəzasızlıqdan baş gicəllənməsinin göstəricisidir. Digər yandan, vəzifəyə keçər-keçməz, rayonu tam “tanımaza-bilməzə” bu cür acgözlüklə “hücuma keçməsi” də müəmmalı görünür. Əlbəttə ki, bu adamın təqdimatını verən konkret şəxs, bəlkə də şəxslər var. Bəs beləsinin əvvəl Kürdəmirə, daha sonra isə Bakının mərkəzi və strateji əhəmiyyətli rayonlarından birinə başçı təqdimatını kim verib? Ən əsası, bunu edənlər onun boynuna hansı minnəti qoyub, necə qaza gətiriblər ki, rayona çatar-çatmaz pul toplmağa başlayıb? Əsas kök, əsas səbəb bu sualların cavabında axtarılmalıdır. Axtaracaqlarmı, tezliklə bu halların kökü kəsiləcəkmi?

Nəhayət, bu hadisə bir daha Azərbaycanda icra hakimiyyəti idarəçilik sisteminin özünü doğrultmadığını təsdiqləyir. Bu sistem dəyişməyincə, daha müasir, çevik, şəffaf və seçkili sistemlə əvəz olunmayınca, hələ çox başçı istefalarının, həbslərin şahidi olacağıq… (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

17 yaşlı qız 50 yaşlı kişiyə ər verilib? – RƏSMİ

redaktor

Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver” – VİDEO

redaktor

Azərbaycanda minlərlə “iPhone” satılsa da, onların demək olar ki heç biri ABŞ-dən gətirilmir

redaktor