CəmiyyətGündəmMədəniyyətŞou

Musiqimizin Faiq Ağayev boşluğu

Faiq Ağayevin “Hərşeyşünas” yutub kanalna verdiyi müsahibəni dinlədim və heyrətə gəldim.

O, şou-biznes aləmində savadına və dünyagörüşünə görə ən üstünlərdən biridir. Kitaba, mütaliəyə münasibəti də bizim cəmiyyət üçün nümunə sayıla bilər.

Fəqət “ən üstünlərimizdən biri”nin nimdaş fikirləri məni xeyli narahat etdi.

Əvvəla, deyir, musiqi siyasətə qəti şəkildə qarışmamalıdır. Və düz deyir. Lakin əgər belədirsə, siyasi hakimiyyətdən bəh-bəhlə aldığı “Xalq artisti” adı nədir və bu adla hər yerdə, hər zaman fəxr eləmək nədir? Yaxud musiqi siyasətə qarışmamlıdırsa, “Dahi” mahnısı nə üçündür? Seçkilər vaxtı iqtidar tərəfdən təşviqat kampaniyasına müğənni kimi qoşulmaq, ən yaltaq müğənnilərlə tərif-mədhiyyə yarışına çıxmaq nədir?

Və deyir cənab F. A.: “Mən aşırı azadlıq aşiqiyəm!”

Aşırı e…

Deyəsən, hörmətli müğənnimiz azadlıq haqqında çox az oxuyub və bu dərin məfhumu daha çox sırğa taxmaq, başını rəngləmək və qırmızı şalvar geyinmək kimi qavrayır. Bəli, razıyam, bizim kimi cəmiyyətlərdə bunlar da cəsarət istəyir, lakin geyim, stil, səhnə performansı azadlığın yalnız zahiri tərəfidir. Bu düşüncə davam etməli, ümumi dünyagörüşünə, həyat tərzinə, cəmiyyətdə baş verən hadisələrə münasibətə çevrilməlidir. Çevrilmirsə, yalnız görüntüdür, rəngdir, aldanışdır. Yəni mahiyyəti üzrə deyil. Faiq bəy aşırı yox e, normal azadlıq aşiqi olsaydı, indiki karyerasını heç vaxt qura bilməzdi.

Ağıldan çox danışır. Bir müğənninin uğur və var-dövlət qazanmasını ağılın ən vacib göstəricisi kimi təqdim edir və dolayısı ilə “mən ağıllı admam” subliminal mesajını verir. Hörmətli, Faiq müəllim, Azərbaycanda toydan pul qazanmaq üçün ciddi ağıla və istedada ehtiyac yoxdur. Beyin qırışının ikisi işləsə kifayətdir. Üstəlik, bu, menecer ağlıdır ki, biznesdən uzağa gedə bilməz. Nəinki toydan, ümumilikdə şou-biznesdən pul qazanmaq dünyanın heç yerində ağıl göstəricisi sayılmır. Siz tarixin “ağıllılar siyahısı”nda neçə nəfər pullu müğənni görmüsünüz?

Müsahibənin ən acınacaqlı tərəfi ictimai rəylə bağlıdır. Aparıcı müsahibindən qat-qat yüksək ağıl nümayiş etdirərək deyir ki, sənət adamına vəzifə veriləndə, o, ictimai yükün altına düşür, aid olmadığı sahələrdə cavabdehlik öhdəliyi götürür, məsələn, Orxan Fikrətoğlu ARKA-ya rəhbər gələndə istər-istəməz Azərbaycan kinosunun problemlərinə, Murad Dadaşov “Xəzər” TV-yə gələndə televiziyaların vəziyyətinə cavabdeh oldu.

Faiq bəyin cavabı: “Sən hürən itə qayıdıb, hürə bilməzsən ki! Qoy nə deyrlər desinlər…”

Təsəvvür edirsiniz? Şou-biznesimizin “ən üstünlərindən biri” üçün kinomuzun və televiziyamızın problemlərindən danışmaq, bu sahələr üzrə məsul vəzifə daşıyan şəxslərdən nəsə soruşmaq it kimi hürməkmiş…

Və cənab qızıl şlyager bundan beş-altı dəqiqə əvvəl iddia edir ki, mən mədəni bir insanam və mədəni mühitdə böyümüşəm.

Hərgah Faiq bəyin mədəni bir insan olduğuna zərrəcə şühbəm yoxdur və bu status da elə bu paradoksdan yaranıb.

Yaxud Göyçay konsertində ona “bu nə qeyri-ciddi pencəkdir, geymisiniz” yazan qıza müğənninin münasibəti: “Qız elə danışmaz. Elə qızı elə boğarlar! Ayıbdı sənin üçün. Abırın, ismətin olsun!”

Sözün bitdiyi yer…

Daha sonra deyir ki, melodiyalı mahnılarımız yoxa çıxıb, bəstəkarlar yazmır, musiqimiz məhv olur. İki-üç dəqiqə keçməmiş əlavə edir: “Hərdən mən melodik mahnılara qayıdıram!”

Demək, hərdən qayıtdığı melodik mahnıları çıxsaq, Faiq bəy musiqimizi məhv eləməklə məşğuldur.

Bütün bunlar saat yarımlıq müsahibədən seçdiyim bir neçə nümunədir.

Söhbət bu cür boş, absurd və faciəvi məqamlarla doludur.

Aparıcı Aynur Xəlilovaya (“Hərşeyşünas”) müsahibini tərifləyə-tyərifləyə bu cür ustalıqla ifşa etdiyi üçün yağlı bir təbrik düşür.

Söhbəti dinləyə-dinləyə bir əhvalatı xatırladım. Mərhum şairimiz Əliasəmid Kürlə “Fəvvarələr bağı”ndan keçirdik, gördük, musiqi siyasətə heç vaxt qarışmamalıdır deyən F.A. yenə hansısa siyasi aksiya çərçivəsində keçirilən kosnertdə səhnədədir. Yaxınlaşdıq. Cavanlar fit çalır, cürbəcür səslər çıxaraır, Faiq bəyi alqışlayırdılar. Müğənni isə alqışa emosional reaksiya verir, əllərini yana açıb, hamını daha çox əl çalmağa təşviq edirdi. Həssas qəlbi ilə tükü-tükdən seçən Əlisəmid Kür gözlərini qıyıb başını buladı və dedi: “Faiq əlli yaşa çatdı, alqışla fitə basmağı bir-birindən ayıra bilmədi!”

Və elə bu xatirənin dalğasında Aynur xanımın verdiyi “Sənətinizi nəyə dəyişərsiniz?” sualına Faiq Ağayevin yerinə özüm cavab verdim: “Pula və Şöhrətə!”

Çünki menecer düşüncəsində bu iki faktor hər şeydən irəlidir, ağıl da, bacarıq da məhz bunun üçündür.

Sənət isə daha çox eşq məsələsdir.

 

Şərif Ağayar

Tacxeber.com

Oxşar xəbərlər

“İrəvan” klubunun futbolçuları ilə bağlı “qumar” şübhəsi

admin

Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA

redaktor

Bu peşənin sahibləri RİSK ALTINDA

redaktor