Danışıqların gedişatından və masadakı sülh planından qətiyyən məmnun olmayan Putin rejimi təxribata əl atıb. Lavrov bəyanatla çıxış edib ki, guya Ukrayna ötən gecə Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd dronla hücum etməyə cəhd göstərib. Putin bu barədə təcili Trampa məlumat verib.
Halbuki Rusiya Müdafiə Nazirliyi bu səhər məlumat yaymışdı ki, ötən gecə ölkə səmasında ümumilikdə 89 ədəd Ukrayna PUA-sı, konkret Novqorod üzərində isə 18 PUA vurulub.
Dünən Floridada keçirilən Tramp-Zelenski görüşü əslində Ukrayna üçün uğurlu alındı. Daha əvvəl də yazdığımız kimi, mövcud 20 maddəlik sülh planı, hətta Ukrayna orada etiraz etdiyi yeganə bəndlə (Donbasdan çıxmaq) razılaşacağı təqdirdə belə, Rusiyanın nail olmaq istədiklərindən çox uzaq bir yekundur. İşğalçı üçün problem təkcə bununla məhdudlaşmır.
ABŞ Ukraynaya möhkəm, etibarlı təhlükəsizlik təminatları verməyə və bu anlaşmanı Konqresdə ratifikasiya edərək hüquqi öhdəliyə çevirməyə razılaşıb. Eyni zamanda, Tramp Avropa ölkələri hərbi kontingentinin müharibədən sonra Ukrayna ərazisində yerləşdirilməsini də dəstəkləyir. Bu, o deməkdir ki, Ukrayna hüquqi baxımdan NATO üzvü olmasa da, faktiki, NATO-nun 5-ci maddəsinə bərabər, hətta orada yazılanlardan daha praktik təhlükəsizlik zəmanəti almış olur. Digər tərəfdən, müharibədən sonra ABŞ-ın Ukraynanın bərpasına dəstəyi ilə bağlı daha bir saziş hazırlanır və Tramp buna da yaşıl işıq yandırıb.
Bütün bu məqamlara kompleks şəkildə nəzər yetirdikdə ortaya çıxan nəticə Rusiyanın strateji məğlubiyyətidir. Çünki belə olan halda Moskva bu amansız müharibəyə başlamaqla qarşısına qoyduğu siyasi məqsədlərə nəinki çatmır, tam əksinə, ABŞ-dan təhlükəsizlik təminatı almış, ərazisində NATO ölkələrinin qoşunları yerləşdirilmiş, 800 minlik orduya və sürətlə inkişaf edən hərbi sənayeyə malik, əvvəlkindən daha güclü Ukrayna milli dövləti formalaşmış olur.
Putin rejimi hadisələrin bu cür inkişafına yol verə bilməz. Ona görə də, bugünkü provokasiya gözlənilməz olmadı. Yaxın günlərdə işğalçının guya cavab addımı kimi Kiyevdəki rəsmi binalara zərbələr endirərək eskalasiyanın dərəcəsini yüksəltməsi ehtimalı da var.
