CəmiyyətMaraqlıMədəniyyət

Unudulmaq və unutmaq: İlham Tumasın essesi üzərində dialoq

İlham Tumasın essesi ətrafında danışaq və onun ssenarist obrazından çıxış edərək, esse qəhrəmanının başına gətirilmiş bədii-psixoloji qatları araşdıraq və həmin obrazın prototipinin taleyinə nəzər salaq.

Baharın öz doğma çiçəklərini əzizlədiyi bir vaxtda, yovşanların və yulğun ağaclarının nəhayətsiz çöllərdə günəşin qovurduğu, küləyin bıçaq kimi kəsdiyi üzünü gizlədə bilmədiyi ana torpaqda əsrin kolonial bədii oğulları doğulurdu. Pinəçinin öz işinin mahiyyətini itirmiş yollarda, tikdiyi ayaqqabılara yeriməyi öyrətməklə aşındırması kimi, həmin dövrün ədəbi senzurası da öz tikiş və söküyünə yamaq vurmaqla məşğul idi. Ədəbiyyat və sənət də doğduğu “şikəst ruhları” özünə bənzətmək cəhdləri ilə küçələri gözlərinin hədəqəsindən çıxaracaq qədər qızışmışdı. Bu islah olunmayan fahişə ruhlar, yovşan çiçəklərinin səmimi parıltısını görüb öz dibçək güllərinə baxdıqca hirs və qəzəbləri daha da şiddətlənirdi.
İmperiyaların yaydığı hegemon mədəniyyətlər Kür-Araz boyunca öz naqis bədii övladlarının başını tumarlayaraq onları gələcəyə hazırlayırdı. Bütün bu mənəvi aşınma yovşan qoxusunun yaydığı estetik gözəlliyin qarşısında baş verirdi.

…Anan ölsün, Mehdi Bəyazid. Səni də öldürdülər…

Sən mənəvi təmizliyin ölməz yovşan qoxusu olmağı seçmişdin.

Deyirdin: “…Mən günah sarıdan çox zənginəm…” Şübhəsiz, bu etiraf insanlığın fövqündə dayanan bir idrak məhsuludur. Bizim üçün bu tək cümlə, ataların oğullarına miras qoyduğu diktatura rəngli cild-cild romanlar tayfasından qat-qat üstündür.

Səni axtaranda, əlində silahla sənin mənəvi müdafiənə qalxmış Vaqif Bayatlı, İlham Tumas, Şərif Ağayar və Azər Qaramanlı sənin mənəvi qanadlarının sərhədlərini açmağa çalışmışdılar. Nədənsə, onların arasında ruhuma ən yaxın olanı İlham Tumasın mənəvi ağısı oldu.

Umberto Eko haqlı idi: insan başqasında özünə aid nəsə tapdığı üçün ona doğmalaşar. Eynilə Mehdi Bəyaziddə İlham Tumas, İlham Tumasda isə mənim sığındığım o ruh parçası yaşayır!

Bəlkə də kişi kimi ağlamağı bacardığı üçün bu essevari mətndə ona daha çox ehtiyac duydum. İlham Tumas yaratdığı obrazların bütövlüyüdür. O, mətndə necə bir kişidirsə, obrazlarında da elədir. Bəlkə də bədii şəxsiyyətin dibi nə qədər dayaz görünürsə görünsün, qələm adamının ruhunu satmaması mənim üçün əsl ədəbi hadisədir.

Unudulan və unudulmaz Mehdi Bəyazidə…

– Unudulmaq yaxşıdır, Bəyazid! Unudulursan…

Əvvəlcə adını eşidənlər unudur səni. Sonra tanışlar, salam-kəlamı olanlar, sonra dostlar, sonra doğmalar, yaxınlar…

Unudulursan, Bəyazid!

Pisliklərin, yaxşılıqların, xəyanətin və vəfan unudulur. Səni sevənlər, sən sevdiyin, sən unutduqların — hamı səni unudur. Heç kim xatırlamır səni.

Elə bil dünyada sənin kimisi, sənin adında biri olmayıb…

İspan Kalderonun qəhrəmanı deyərdi: “İnsanın ən böyük günahı dünyaya gəlməyidir.” Sən də unudulursan, dünyaya gəlməyin unudulur, guya heç olmamamısan…

Unudulmaq yaxşıdır, Bəyazid!
Əvvəllər heç kimin, heç nəyin məni gözləmədiyini bilə-bilə gözləyirdim. İndi artıq bilirəm nəyi gözləyirmişəm — unudulmağı…

Unudulmaq və unutmaq yaxşıdır, Bəyazid!

Hamısından yaxşısı isə odur ki, unudulmağın və unutduğun haqqında heç nə demirlər, sən də heç nə demirsən. Elə birdən unudulursan və unudursan, heç kim heç nə bilmir…

Sadəcə, taleyinə öz gözünlə deyil, milyonların, milyardların gözüylə baxırsan və unudulursan. Yəni, taleyinə özününkü kimi deyil, intəhasız göylərin, nəhəng planetlərin fövqündən tamaşa edirsən…

Nə vaxtsa Mahabharata’da oxumuşdum: “Nə üçün sevgilin üçün ağlayırsan? Onun səni unutmağından kimlər xəbər tutdu? Heyran-heyran baxdığın ulduzlarmı, başın üstündə fırlanan dərin göylərmi? Yox, heç biri yox! Elə isə ağlamağa dəyərmi?..”

Unudulmaq yaxşıymış, Bəyazid.
Kimsəsiz doğulmuşuq, kimsəsiz də gedirik. Necə ki, bu dünyaya gələndə kimsən olmur, eləcə də gedəndə yanında bir doğman, bir yaxının olmur…

Qədim hind brəhmənləri deyərdilər: “Müdriklər bu dünyada qətiyyən özlərinə yaxın qazanmazlar. Ən yaxşısı odur ki, tək gəldiyin kimi, tək də gedəsən. Həyat o qədər də uzun deyil ki, özünə yaxınlar qazanasan.”

Yadındadımı, Bəyazid? Deyərdin: “İnsan yalnız təklikdə, fərd olaraq mənalıdır. İnsan yalnız təklikdə, fərd olaraq yaşayanda, vuruşanda öz ömrünün mənasını bütün heybəti ilə hiss edir, ondan dönə-dönə həzz alır. Yaxınların sayı nə qədər çoxdursa, bir o qədər mənasızlığa və bozluğa düçar olursan. Hər doğma, hər yaxın sənə bir mərhumiyyət, bir çərçivə gətirir. Bu isə narahat ruh sahibləri üçün cəhənnəm əzabından betərdir.”

İndi bilirəm, sən niyə unudulmaq və unutmaq istəyirmişsən, Bəyazid!

Ulduzların gözəlliyi və uzaqlığı, göylərin dərinliyi və möhtəşəmliyi qarşısında bizim unudulmağımız nədir ki? Bu unudulmaqdan kimlər xəbər tutacaq?

Heyran-heyran baxdığımız ulduzlarmı, başımız üstündə fırlanan dərin göylərmi? Düz demirəm, Bəyazid?

“- Səni dediyin ölümdən ötədir, Tumas! Səni ölüm də qurtarmaz…”

Elə mətnlər var ki, içərisinə girib misraların üzərinə addımladıqca qorxursan ki, boğazından yapışarsan və canı sərçə canı kimi çıxar. Lakin belə mətnlərə səmavi yüksəkliklərdən baxmaq gərəkdir. İlham Tumasın “…Unudulmağın essesi…” məhz belə bir mətndir. O səmavi göylərdə həm içsəl ağrı, həm də şəxsi yaddaş doğulur.
Şəxsi yaddaşın ağrısını mən Yəhya Kamalın ruhsallığı ilə İlham Tumasın dilindən eyni tezlikdə dinləmişdim:
Artık demir almak günü gelmişse zamandan,
Meçhule giden bir gemi kalkar bu limandan.
Bu misralar İlham Tumasın “…unutmaq və unudulmaq…” fəlsəfəsinin prelüdüdür. Burada İlham Tumas sanki Yəhya Kamalın arxetiplərini özündə daşıyır; o, şairin ruhunu özündə yaşadaraq, ağının və gedişin fəlsəfəsini yenidən canlandırır.
Müəllifin “…sözün saz dövrünü…” aşmaq cəhdi, əslində bizi həmin meçhula gedən gəmiyə hazırlayır. Müəllifin qafiyəsiz milliliyi bizi mətndəki dərin suala gətirir:

Unudulmaq nədir?

Mətnin ürəyində yuva salmış “…unutmaq və unudulmaq…” anlayışları sadəcə fizioloji yaddaş itkisini xatırlatmır, həm də yetim bir azadlıq yanğısıdır. Müəllif Mehdi Bəyazidlə dialoqunda unudulmağın mərhələlərini bir növ “…yoxluğa hazırlıq…” kimi təsvir edir:
Unudulmaq yaxşıdır, Bəyazid! Unudulursan… Əvvəlcə adını eşidənlər unudur səni. Sonra tanışlar, salam-kəlamı olanlar, sonra dostlar, sonra doğmalar, yaxınlar…

Əgər Yəhya Kamalın gəmisi səssiz qalxırsa və əl sallanmırsa, deməli, unudulmağın o Tanrı məqamı artıq başlayıb:
Hiç yolcusu yokmuş gibi sessizce alır yol;
Sallanmaz o kalkışta ne mendil ne de bir kol.

Mətndəki ekzistensialist yanaşma insanın kimsəsiz doğulub, kimsəsiz getməsi reallığını vurğulayır və Sartre ilə Camus fəlsəfəsinə yaxınlaşır. Müəllif iddia edir ki, sosial bağlar insanı çərçivəyə salır və həqiqi azadlıq bütün mənəvi öhdəliklərdən qurtulub unudulmaqdır.

Bəyazidin dili ilə desək: “İnsan yalnız təklikdə, fərd olaraq mənalıdır… Yaxınların əzabı nə qədər çoxdursa, bir o qədər mənasızlığa və bozluğa düçar olursan.”

Müəllif zəngin intertekstuallıq quraraq İspan Kalderonun dünyaya gəlməyin “günah” sayılması motivi ilə Hind fəlsəfəsini Mahabharata birləşdirir. Qədim brəhmənlərin “…Tək gəldiyin kimi, tək də gedəsən…” nəsihəti, Yəhya Kamalın dönüşü olmayan səfəri ilə eyni nöqtədə kəsişir:
Birçok gidenin her biri memnun ki yerinden,
Birçok seneler geçti; dönen yok seferinden.

Bizim müəllifimiz isə bu unudulmağı belə tamamlayır:
“…Nə üçün sevgilin üçün ağlayırsan? Onun səni unutmağından kimlər xəbər tutdu? Heyran-heyran baxdığın ulduzlarmı, başın üstündə fırlanan dərin-dərin göylərmi? Yox, heç biri yox!”

İlham Tumasa hörmətlə

Cavid Fərzəli.

 

Tacxeber.com

Oxşar xəbərlər

Məhəmməd Peyğəmbər ermənilərlə bağlı nə yazıb? – FOTO

redaktor

Biznesmen deputat millyonlarını ölkədən çıxarır

admin

Cəmil Həsənli: “Arxiv İdarəsində 27 vərəq surət üçün 90 manat pul ödəməlisən”

admin