Cəmiyyət

Dövlətə borcu olan sabiq nazirin xaricdəki şirkətləri: SENSASİON detallar yayıldı

“Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən “İmprotex Industries” MMC-nin 2 223 740,24 manat vergi borcu olduğu məlum olub. Şirkətin qanuni təmsilçisi kimi keçmiş nazirin qardaşı oğlu Ələkbərov Ruslan Nizami oğlunun adı göstərilir”.

Tacxeber.com xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistCavanşir Həsənlinin paylaşımında qeyd olunur.

Jurnalist araşdırma zamanı bir çox detalların üzə çıxdığını bildirib:

“Belə ki, Azərbaycanda sabiq nazirin şirkətinə direktor təyin etdiyi qardaşı oğlu vaxtilə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Daşınmaz Əmlak Departamentinin rəhbəri olub və 2018-ci ilə qədər bu vəzifədə çalışıb.

Onun adı ölkə xaricində çoxsaylı əmlak şirkətlərində də keçir. Məsələn, ofisi Lüksemburqda, Grand Rue 70 ünvanında yerləşən RA CAPITAL SÀRL beynəlxalq daşınmaz əmlak şirkətinin səhmdarları arasında Ruslan Ələkbərovun adı yer alır. Şirkətin rəsmi saytında (racapital.lu/about-us) qeyd olunur ki, RUSLAN ƏLƏKBƏROV “daşınmaz əmlak investisiyaları sahəsində veteran”dır və Dövlət Neft Fondunda 10 ildən artıq müddətdə müavin CIO və Daşınmaz Əmlak Şöbəsinin rəhbəri vəzifələrində çalışıb. O, fondun qlobal daşınmaz əmlak platformasını qurub, fond-of-fondlar proqramını işə salıb, Avropa, Asiya–Sakit Okean regionu və ABŞ-da təxminən 3 milyard ABŞ dolları daşınmaz əmlaka və 1 milyard ABŞ dolları özəl kapitala investisiya yatırıb. Ruslan Ələkbərov Lancaster Universitetində bakalavr, Bocconi Universitetində magistr dərəcəsi alıb və CFA sertifikatına malikdir.

Ruslan Ələkbərovun adı okeanın o tayında — Panamada 2008-ci ildə qeydiyyatdan keçmiş FABRUS CONSULT A.G. adlı anonim şirkətin direktorları sırasında da yer alır. Hüquqi baxımdan aktiv olan bu tip strukturlar adətən konsaltinq, holdinq, beynəlxalq ticarət və ya ofşor planlaşdırma məqsədləri üçün istifadə olunur”.

Jurnalist bildirib ki, Azərbaycan dövlətinə 2 milyon manat vergi borcu olan şirkətin direktorunun adı İspaniyada azı 5 şirkətdə keçir:

Bunlardan 3-ü daşınmaz əmlak, biri klinika, digəri isə gözəllik və sağlamlıq mərkəzi sahəsində fəaliyyət göstərir. İspaniyanın məşhur Malaqa bölgəsinin Marbella şəhərində Ruslan Ələkbərovun təsis etdiyi NORDIC HILL ALOHA 471 SL və NORDIC HILL ALOHA 472 SL şirkətləri artıq 4 ildir fəaliyyətdədir. Bundan əvvəl, 2019-cu ildə, o, burada DEDALERA REAL ESTATE INVESTMENTS SL şirkətini təsis edib. Hər üç şirkət Marbella, C  Sierra Blanca 1-8 ünvanında qeydiyyatdadır və Málaga Ticarət Reyestrində “daşınmaz əmlak və oxşar fəaliyyətlər” sektorunda təsnifləşdirilib.

Ruslan Ələkbərov bu şirkətlərdə “Administrador Unico” (yeganə administrator) kimi qeyd olunur ki, bu da şirkətlərin tam hüquqi və idarəetmə səlahiyyətlərinin birbaşa onun üzərində olduğunu göstərir.

Bundan başqa, 2019-cu ildən Malaqada fəaliyyət göstərən OTIUM HEALTH and BEAUTY SL və OTIUM CLINICS SL şirkətlərinin də hüquqi sahibi Ruslan Ələkbərovdur.

Ruslan Ələkbərov 2015-ci ildə İsmayıllı hadisələri ilə əlaqədar vəzifəsindən azad edilmiş sabiq icra başçısı Nizami Ələkbərovun oğludur. Həmin hadisələr zamanı Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ismayıllıları təhqir etməsi əhalinin etirazlarına səbəb olmuş, etirazçılar rayonda Ələkbərovlara məxsus “Çıraq” hotelini və bahalı avtomobilləri yandırmışdılar.

Nizami Ələkbərov bu hadisələrdən sonra vəzifəsini itirsə də, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov onu 2013-cü ilin oktyabrında nazirlikdə şöbə müdiri vəzifəsinə təyin etmişdi.

Hazırda Vüqar Ələkbərov “İmprotex” şirkətlər qrupunun vitse-prezidenti, Füzuli Ələkbərovun digər övladı — Günel Ələkbərova isə Azərbaycan Turizm Bürosunda MDB və Asiya regionu üzrə sektor müdiri vəzifəsində çalışır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Məni bu dünyadan yazılan rəylər köçürəcək”

redaktor

Buraxılış imtahanının nəticələri açıqlandı

redaktor

Müayinə üçün kartdan karta ödənişi tələb edən məşhur həkim

redaktor