1980-ci il dekabrın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) texniki rabitə vasitələrinin mühafizəsi, şifrləmə və deşifrləmə ilə məşğul olan 8-ci idarəsinin məsul əməkdaşı, mayor Vyaçeslav Afanasyev yoxa çıxdı. Özlüyündə qeydi-adi olan bu hadisəni lap fövqəladə edən başqa bir hal da vardı.
Həmin ilin mayında KQB-nin başqa bir əməkdaşı, mayor Viktor Şeymov arvadı və qızı ilə birlikdə yoxa çıxmışdı və taleyi barədə heç bir məlumat yox idi. Yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşı Oldric Eyms 1985-ci ildə SSRİ-yə casusluq etməyə başlayanda Şeymovun öz istəyi ilə ABŞ-a qaçırıldığını xəbər verdi. Amma Afanasyev daha tez tapıldı.
Ertəsi gün Pexorka qəsəbəsində bağ evlərinin yanında üzərində ciddi xəsarətlər olan yarıçılpaq bir nəfər tapıldı. Şaxtalı gecəyə baxmayaraq, adam hələ yaşayırdı, amma huşsuz vəziyyətdə idi. Sənədləri yoxa çıxmışdı, amma ətrafa baxış keçirən milislər bir bloknot tapdılar. Oradakı telefon nömrələrinə zəng edərək naməlum şəxsin Vyaçeslav Afanasyev olduğu öyrəndilər. Zabit özünə gəlmədən yanvarın 1-də öldü.
Ağla gələn ilk versiya mayoru avtomobil vurması, iz itirmək məqsədilə başqa yerə atılması oldu. Zatən tapıldığı yerin yaxınlığında “Volqa” avtomobilinə məxsus təkər izləri vardı. Başqa bir versiya qarət idi. Amma istintaq yavaş-yavaş daha heyrətamiz bir faktı ortaya çıxardı: Afanasyevi milislər öldürüb.
***
Evli və iki qız atası olan mayor Afanasyev hadisədən bir neçə gün əvvəl soyuqlamışdı və xəstəlik vərəqəsi alaraq işə getmirdi. Amma dekabrın 26-da doğum günü idi, 40 yaşı tamam olurdu. Üstəlik, yaxın dost olduğu iki iş yoldaşı müharibə gedən Əfqanıstandan qayıtmışdı. Üçlük bu iki əlamətdar hadisəni KQB-yə məxsus konspirativ mənzillərin birində qeyd etməyi qərara aldı.
Afanasyev əvvəlcə iş yerinə baş çəkdi. Çünki KQB Yeni il qabağı öz işçilərinə bayram sovqatı verirdi. Bu sovqata ölkədə defisit olan bəzi təamlar, məsələn, hisə verilmiş kolbasa, marinadlaşdırılmış bolqar pomidoru turşusu, qızılbalıqların bir növü olan qorbuşa konservi vardı. Daha sonra isə Mərkəzi univermağa getdi, özünə təzə tufli aldı və yaxınlıqdakı görüş yerinə yollandı.
Spirtli içkilərin də olduğu ziyafət axşam saat 9-a yaxın qurtardı. İki dost doğum günü hədiyyəsi olaraq Afanasyevə bir konyak bağışladılar. Mayor konyakı da, yarımçıq araq şüşəsini də işdə aldığı ərzağın yanına – portfelinə qoydu və dostlar metronun “Noqin meydanı” (indi: “Kitay-qorod”) stansiyasına düşdülər. Qatara minəndə iki “əfqan” ayaq üstdə durdu, əlidolu Afanasyev isə oturdu və dərhal mürgülədi. İçki mayoru möhkəm tutmuşdu: o, sağlam həyat tərzi keçirirdi və orqanizmi alkoqola alışmamışdı.
Dostlar üçü də “Taqanskaya” stansiyasında düşərək başqa qatara minməli idilər. İki nəfər düşdü və geriyə çevriləndə Afanasyevi görmədilər və onun vaqonda yatıb qaldığını indi fərq etdilər. Amma buna xüsusi əhəmiyyət vermədilər. Mayor yəqin ki, stansiyaların birində oyanıb geri qayıdacaqdı. Üzərində SSRİ-nin ən qorxunc təşkilatının – KQB-nin vəsiqəsi olan adamın başına nə gələ bilərdi ki?
***
Öz bədbəxtliyindən Afanasyev yolda oyanmadı və qatar (ya da əcəl) onu o zaman həmin xətdə sonuncu olan “Jdanovskaya” (indi: “Vıxino”) stansiyasına qədər gətirdi. Burada hələ də yatıb qalan mayoru iki qadın stansiya növbətçisi oyatdı. Bir yandan içkili olan, digər tərəfdən yuxudan kal oyanan Afanasyev özünə gələnə qədər növbətçilər onun portfelinə göz gəzdirdilər və oradakı defisit ərzaqları gördülər. Belə hallarda onlar stansiyadakı milis məntəqəsinə xəbər edirdilər, milislər içkili vətəndaşa müxtəlif üsullarla – məsələn, iş yerinə xəbər verməklə – hədə-qorxu gəlib ərzağını (bəzən lap pulunu) əlindən alır, növbətçilərə də bir şey verirdilər.
Milislər yetişəndə Afanasyev artıq özünə gəlmişdi və onlara KQB vəsiqəsini göstərdi. Amma milislər də içmişdilər, özü də çox içmişdilər və sərnişinin portfelindəkilərdən xəbər tutub gözləri dönmüşdü: hisə verilmiş kolbasa, pomidor turşusu, qorbuşa konservi, yanında araq və konyak. Onların təsəvvürüncə, adama tam xoşbəxtlik üçün bundan artıq heç nə lazım deyildi. Buna görə də hətta KQB vəsiqəsinə məhəl qoymadılar, Afanasyevin qolunu buraraq milis otağına apardılar. Halbuki təlimata görə, KQB əməkdaşını saxlamaq ixtiyarları yox idi.
Otaqda mayorun portfelini boşaltdılar, özünü isə döyməyə başladılar. Bu zaman Lobanov və Popov soyadlı milislər xüsusilə fərqlənirlər, baş inspektor Rassoxin də müşahidə edir. Onların içində yalnız Selivanov ayıq idi və baş verənlərin normal olmadığını anlayırdı. O, aid olduqları şöbənin növbətçisinə zəng edərək baş verənlər haqqında məlumat verir. Növbətçi eşitdiklərindən dəhşətə gələrək KQB mayorunu dərhal buraxmağı əmr edir.
Afanasyev portfelini, tufli qutusunu götürüb otaqdan çıxarkən taleyini həll edən səhvə yol verir. Görünür, özü də içkili olduğundan milislərin nə qədər qeyri-adekvat halda olduqlarını tam dərk etmir. O, qapının ağzında üzünü Lobanov və Popova tutaraq “bu, elə-belə qurtarmayacaq, sizin başınıza oyun açacam” deyir. Milislər bir müddət götür-qoy edirlər və qərara gəlirlər ki, mayoru belə buraxmaq olmaz. Lobanov və Popov Afanasyevin arxasınca qaçaraq haqladılar və yenidən otağa sürüdülər.
Afanasyev bu dəfə daha amansızca döyülür və az sonra huşunu itirir. Selivanov yenə şöbə növbətçi ilə əlaqə saxlayır. Növbətçi bu dəfə şöbənin rəisi mayor Boris Barışevin evinə zəng edir. Barışev də yeyib-içmək məclisində idi və hadisə yerinə gələndə çox da əqli-səlim deyildi. Olsaydı, bəlkə özünü bu cinayətə bulaşdırmaz, tabeliyindəkilərin əməllərinə görə ən pis halda işdən qovulacağı ilə barışardı.
İndi Barışev başqa qərar qəbul etdi. O, izi itirmək üçün Afanasyevi sağ buraxmamaq qərarına gəldi. Qurbanı Pexorka qəsəbəsi ətrafına aparmaq Rassoxinin ağlına gəldi. Orada KQB-nin xidməti bağ evləri vardı. Afanasyevin meyidi orada tapılardısa, belə bür təsəvvür formalaşardı ki, kiməsə qonaq gedib və bu zaman qarətçilərin hücumuna məruz qalıb.
Yarımcan KQB zabitini Barışevin “Volqa”sına mindirdilər və Pexorka ətrafına gəldilər. Burada Barışev Afanasyevin işini bitirməyi əmr etdi. Rassoxin, Lobanov və Popov mayora daha bir neçə, o cümlədən dəmir parçası ilə zərbə endirdilər, öldüyünü güman etdilər, qarət görüntüsü yaratmaq üçün üst paltarlarını da çıxarıb apardılar.
Amma bütün bu tədbirlərin xeyri olmadı. SSRİ Baş prokurorluğunun xüsusi mühüm işlər üzrə müstəntiqi Vladimir Kaliniçenkonunun apardığı istintaq çox tezliklə doğru izi tapdı və yanvarın 14-də metro milisləri həbs olundular. İstintaq onların dəfələrlə içkili vətəndaşları qarət etmələrini, döymələrini ortaya çıxardı. Hətta Lobanovun başqa bir nəfəri öldürməsi (metro ilə əlaqəli deyildi) də aşkar edildi. Məhkəmənin hökmü ilə Barışev, Rassoxin, Lobanov və Popov ölüm cəzasına məhkum edildilər və güllələndilər. Dörd nəfər müxtəlif müddətli həbs cəzası aldı, yalnız Selivanov məsuliyyətə cəlb olunmadı.
Demək artıqdır ki, belə bir cinayət işi dövlət sirri hesab olundu və məhkəmə qapalı şəraitdə keçirildi. Mətbuatda bu qətl haqqında ilk məlumat yalnız 1989-cu ildə getdi. 1992-ci ildə isə “Jdanovskaya”da qətl” adlı bədii film çəkildi.
***
Hadisə SSRİ-nin son dərəcə önəmli bir dövründə baş verdi. Sovet lideri Leonid Brejnevin səhhəti günü-gündən pisləşirdi və növbəti rəhbərin kim olacağı sualı aktuallaşırdı. KQB sədri Yuri Andropov özü hakimiyyətə can atırdı və onu Siyasi Büronun iki nüfuzlu üzvü – xarici işlər naziri Andrey Qromıko və müdafiə naziri Dmitri Ustinov dəstəkləyirdi. Əslində Brejnevin son illərində ölkəni elə bu triumvirat idarə edirdi.
Daxili işlər naziri Nikolay Şelokov Andropovun dostlarından sayılmırdı. Doğrudur, Şelokov nüfuzuna görə Andropovla rəqabət apara bilməzdi, o, heç Siyasi büro üzvü deyildi. Üstəlik, tutduğu post da ali hakimiyyət üçün uğurlu pillə sayılmazdı. Amma başqasını dəstəkləyə bilərdi, öz nüfuzunu tərəzinin başqa gözünə qoya bilərdi.
Buna görə də Andropov “Jdanovskaya qətli”ndən istifadə edərək milisin fəaliyyətini xeyli araşdırdı və burada saysız-hesabsız nöqsanlar, pozuntular və hətta cinayətlər tapdı. Lakin Şelokov Brejnevin ən yaxın adamlarından sayılırdı, onların dostluğu hələ 1930-cu illərdən başlayırdı. Bu üzdən də Brejnev həyatda olduğu dövrdə Şelokova heç nə etmək olmazdı.
Brejnev 1982-ci il noyabrın 10-da öldü. Həmin gün SSRİ-də milis günü kimi qeyd olunurdu və Brejnevin məhz bu gün ölməsi sanki simvolik işarə idi. 16 il daxili işlər naziri olmuş Şelokovun sürətli çöküşü həmin milis günü başladı. Kommunist partiyasının yeni rəhbəri seçilən Andropov artıq dekabrın 17-də onu vəzifəsindən çıxardı. Müharibədə qazandığı döyüş təltifləri istisna olmaqla bütün orden-medallarından, eləcə də ordu generalı rütbəsindən məhrum edilən, partiyadan qovulan Şelokov 1984-cü il dekabrın 13-də intihar etdi.
