Ukrayna prezidentiVolodimir Zelenski dekabrın 23-də jurnalistlərlə söhbətində sülh sazişi layihəsini açıqlayıb. Son həftələr Ukrayna, ABŞ və Avropa təmsilçiləri layihə üzərində iş aparırlar.
ABŞ və Ukrayna Rusiyanın təcavüzkar müharibəsinin bitməsi üzrə 20-bəndlik baza sənədi hazırlayıb.
AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, planın ikinci bəndi Rusiya və Ukrayna arasında bir-birinə hücum etməməklə bağlı tam və qeyd-şərtsiz razılaşma nəzərdə tutur.
“Uzunmüddətli sülhün dəstəklənməsi üçün təmas xəttində kosmik pilotsuz monitorinq mexanizmi qurulacaq, pozuntular haqda erkən məlumat veriləcək”, – prezident deyib.
Layihəyə görə, dinc dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayı 800 min nəfər həddində saxlanacaq.
ABŞ, NATO və sənədə imza atan Avropa ölkələri Ukrayna təhlükəsizlik qarantiyaları verəcək, bunlar 5-ci maddədə əks olunacaq.
Hücum etməmək siyasətini qanunlarla möhkəmləndirmək
Maddələrin birində deyilir ki, Rusiya gərəkən qanunlar, ratifikasiya sənədləri ilə Avropa və Ukraynaya hücum etməmək siyasətini möhkəmləndirəcək.
Yeddinci bənddə deyilir ki, Ukrayna müəyyən zaman kəsimində Aİ-yə üzv olacaq, Kiyev qısa müddət ərzində Avropa bazarına imtiyazlı çıxış qazanacaq.
Sazişin qüvvəyə minməsindən ötrü Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxması nəzərdə tutulub. Donetsklə bağlı razılaşma əldə olunmayıb.
Ukrayna saziş imzalanandan sonra mümkün qədər tez seçki keçirməlidir.
Hazırda Rusiyanın nəzarətində olan Zaporojye AES ilə bağlı kompromis əldə olunmayıb.
ABŞ Moskva ilə Kiyev arasında sülh sazişinin bağlanmasına çalışır. Mayamidə son danışıqlardan sonra Zelenski deyib ki, bir neçə sənəd layihəsi hazırlanıb: Ukraynaya təhlükəsizlik qarantiyalarının verilməsi, bərpası, müharibənin bitməsi üçün baza çərçivəsi.
ABŞ təmsilçiləri Mayamidə Rusiya diplomatları ilə də görüşüblər. Kreml bildirib ki, bu danışıqlara dönüş kimi baxmaq olmaz. (AzadlıqRadiosu)
