DünyaSiyasət

PUTİN İMPERİYA AMBİSİYALARINDAN İMTİNA ETMƏYİB – Hədəflərdən bir də Cənubi Qafqazdır

Tacxeber.com xəbər ki, bu barədə “Atlantic Council” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiya imperiyasının ən qüdrətli dövrlərindəki sərhədlər əsas götürüldükdə, bugünkü Rusiya Federasiyasının potensial hədəfləri sırasında Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri ola bilər.

Bildirilir ki, bu siyahı tam deyil və XX əsrin ikinci yarısında Şərq blokuna daxil olmuş bir çox keçmiş sosialist respublikalar da bu çərçivəyə salına bilər.

Putin nə istəyir?

Nəşr yazıb ki, Rusiya diktatoru Vladimir Putin ekspansionist niyyətlərindən imtina etmədiyini bir daha açıq şəkildə nümayiş etdirib. Xüsusilə, 17 dekabr tarixində Müdafiə Nazirliyinə müraciətində Putin Ukraynaya qarşı işğalın maksimalist məqsədlərinin “şərtsiz” şəkildə yerinə yetiriləcəyini bəyan edib və müharibəni Rusiyanın postsovet məkanında geri çəkilməsinin qarşısını almaq üçün aparılan “xaç yürüşü” kimi təqdim edib.

“Atlantic Council” bildirir ki, bu açıqlamanın ən sadə izahı Putinin hazırda Ukraynanın nəzarətində qalan Donbasın bir hissəsini nəzərdə tutmasıdır. Qeyd olunur ki, bu ərazi kiçik olsa da, yaxşı möhkəmləndirilib, strateji əhəmiyyətə malikdir və hazırda danışıqların mərkəzində dayanır. Kreml həmin ərazini atəşkəsin “qiyməti” kimi təqdim edir.

Qərb ayılmağa başlayır

Nəşr vurğulayıb ki, Ukraynaya qarşı davam edən müharibə fonunda Qərbdə Putinin imperiya ambisiyalarına daha ciddi yanaşılmağa başlanılıb. ABŞ kəşfiyyatının qiymətləndirmələri də təsdiqləyir ki, Putin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-yə məxsus olmuş Avropanın bəzi hissələrini geri qaytarmaq məqsədindən imtina etməyib.

Kəşfiyyat hesabatında deyilir ki, avropalılar, xüsusilə Polşa və Baltik ölkələri bu təhlükənin real olduğuna tam əmindirlər və özlərini növbəti hədəf hesab edirlər.

Bununla belə, skeptiklər Putinin Qərbə qarşı genişmiqyaslı müharibə aparmaq gücündə olmadığını iddia edir və Ukraynadakı hərbi uğursuzluqları buna sübut kimi göstərirlər. “Atlantic Council” isə bu yanaşmanı təhlükəli hesab edir.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynada irəliləyə bilməməsi onun zəifliyinin deyil, Ukrayna xalqının misilsiz müqavimətinin və verdiyi böyük qurbanların göstəricisidir. Eyni zamanda vurğulanır ki, bu müqavimət sonsuz deyil və Ukraynanın süqutu Avropanı hazır olmadığı bir təhlükə ilə üz-üzə qoya bilər.

Putini hərəkətə nə sövq edə bilər?

“Atlantic Council” yazıb ki, mövcud geosiyasi mühit Putinə imperiya gündəliyini irəli aparmaq üçün unikal imkan yaradır. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın Ukrayna müharibəsi və Avropanın müdafiəsi ilə bağlı siyasətində ciddi dəyişikliklərə səbəb olub.

Nəşr sual edir: Rusiyanın Baltik ölkələrinə hücumu NATO-nun 5-ci maddəsi çərçivəsində ABŞ-ın cavab tədbirləri ilə nəticələnəcəkmi? Trampın NATO-ya münasibəti və administrasiyasının Avropaya qarşı ikili mövqeyi fonunda bunun artıq avtomatik hal kimi qəbul edilə bilməyəcəyi bildirilir.

Avropa Rusiyaya qarşı zəifdir

Məqalədə vurğulanır ki, Avropa təkbaşına Rusiyaya qarşı özünü müdafiə etmək gücündə deyil. Müdafiə sənayesinin onilliklər boyu zəifləməsi səbəbindən effektiv silahlanma illər tələb edir. Eyni zamanda Avropa liderləri Kremlin qarşısını almaq üçün lazım olan kollektiv siyasi iradəni nümayiş etdirə bilməyiblər.

Nəşr dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı razılaşmanın əldə olunmamasını Avropanın parçalanmış mövqeyinin və Rusiyadan qorxusunun növbəti sübutu kimi qiymətləndirib.

Bildirilir ki, Putinin müharibəni genişləndirməməsi üçün müəyyən səbəblər ola bilər, lakin Avropanın həlledici cavab verə biləcəyi qorxusu bu səbəblər sırasında deyil.

“Putin geri çəkilməyəcək”

“Atlantic Council” qeyd edib ki, Putin tarixdə Rusiyanın ən böyük liderlərindən biri kimi qalmaq istəyi ilə çoxdan geri dönüşü olmayan nöqtəni keçib. Buna görə də o, sanksiyaların yumşaldılması və ya kiçik ərazi güzəştləri naminə bu məqsəddən imtina etməyəcək.

Nəşr vurğulayıb ki, dayanıqlı sülh yalnız o halda mümkün ola bilər ki, Putinə təzyiq elə səviyyəyə çatdırılsın ki, o, Ukraynada məğlubiyyətdən və ölkə daxilində mümkün çökmədən qorxmağa başlasın.

Məlumata görə, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması ilə bağlı danışıqlar davam edir. Lakin əsas maneə Putinin Donbas üzərində tam nəzarət tələbindir.

Almaniyanın xarici işlər naziri İohann Vadeful bildirib ki, Ukrayna yalnız ABŞ tərəfindən etibarlı təhlükəsizlik zəmanətləri veriləcəyi halda, mümkün sülh razılaşması çərçivəsində müəyyən güzəştlərə razılaşa bilər. (AzPolitika)

 

Tacxeber.com

Oxşar xəbərlər

Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın pulunu Belçika höküməti özündə saxlayır.

admin

Ermənistanda Rusiya yönümlü müxalif bloger oğurlanıb

redaktor

Putinin səhhətində problem var? – Kremldən açıqlama

redaktor