Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə görə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib. Sorğu AXCP sədrinin 2019-cu ilin iyununda Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirilərkən, tutulub polis idarəsinə aparılmasıyla bağlıdır. Ə.Kərimlinin olayla bağlı Avropa Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlanıb.
Partiya sədri ərizəsində xeyriyyə marafonuna qatılmaq məqsədilə Müsavat Partiyasının qərargahına gəldiyini göstərib. Həmin vaxt polislər qərargaha hücum edərək heç bir əsas olmadan onu saxlayıb, Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Təxminən 2 saat prokuror və polisin yüksəkvəzifəli şəxsləri ilə danışıqdan sonra buraxılıb.
Qanunsuz saxlandığını vurğulayan Ə.Kərimli bununla əlaqədar yerli məhkəmələrə şikayət etsə də, onun iddiası təmin olunmayıb. Binəqədi rayon Məhkəməsi qərarında göstərib ki, Ə.Kərimlinin polis idarəsinə aparılmasında heç bir qanunsuzluq yoxdur. O, nə həbs olunub, nə də saxlanılıb, sadəcə, “qanunsuz parklanma” ilə bağlı xəbərdarlıqdan sonra polis idarəsindən buraxılıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
Ardından Avropa Məhkəməsinə şikayət edən AXCP sədri ərizəsində göstərib ki, ona münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələri pozulub. (AzadlıqRadiosu)
