İlham Əliyev “iş qrafikinin sıxlığını” bəhanə gətirərək Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək.
Halbuki Azərbaycan prezidenti bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasına qatılmışdı.
Bu, bir daha onu sübut edir ki, Azərbaycan ilə Rusiya arasında ciddi problemlər mövcuddur və hələ də bu problemlər aradan qaldırılmayıb…
Hazırda Bakıda Ramiz Mehdiyevlə yanaşı Əli Kərimli də Rusiyaya xidmətdə suçlanır. Şübhəsiz ki, bu proses Rusiyanın maraqlarına ziddir.
Bəs İlham Əliyevlə Vladimir Putin arasındakı problemin kökü nədir? AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə İlham Əliyevin reaksiyası belə olmuşdu: “Təyyarə Rusiya tərəfindən vurulub”. AZAL-ın təyyarəsi vurulan zaman öz təyyarəsi də Rusiyanın hava məkanında olan İlham Əliyev uçuşu yarımçıq saxlamış və Bakıya dönmüşdü…
Mənə elə gəlir ki, Vladimir Putin İlham Əliyevi aradan götürmək istəyir. Xatırladım ki, 10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.
O da məlumdur ki, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu zamanı Polşa prezidenti Lex Kaçinski ölkəyə dəstək əlaməti olaraq Gürcüstanın paytaxtı Tbilisiyə uçdu. Kaçinski Gürcüstan parlamenti qarşısında çıxış edərək Rusiyanın bölgədəki dominantlığını güc yolu ilə bərpa etməyə çalışdığı barədə xəbərdarlıq etdi. Daha sonra Polşa hökuməti bir qrup Şərqi Avropa ölkəsinə rəhbərlik edərək Rusiyaya qarşı sanksiyalar təklif etdi və bu da Rusiya hökumətinin qəzəbinə səbəb oldu…
İlham Əliyevin də Rusiyanın qəzəbinə gəlməsi üçün ciddi səbəblər var. Məhz İlham Əliyev Cənubi Qafqazı Rusiyanın əlindən alıb Türkiyə və dolayısı ilə Qərbə verib. Rusiya-Ukrayna müharibəsində də Azərbaycan Ukraynanın yanında yer alıb…
Düşünürəm ki, İlham Əliyevin bundan sonra Rusiyada keçirilən tədbirlərə qatılmaq ehtimalı çox aşağıdır…
Rusiya İlham Əliyevi aradan götürə bilərmi? Bu ehtimal isə çox yüksəkdir. Şəxsən mən bu təhlükəni son dərəcə real hesab edirəm…
