CəmiyyətHadisə

Kanalizasiyaya düşüb ölən gəncə görə çevrədəki obyekt sahibləri suçlanırlar

Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi A.Cümşüdovun işinə Nərimanov rayon Məhkəməsində baxılır. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsiylə ittiham verilib.

Vəkil Anar Ramazanov deyir ki, A.Cümşüdovun ölümüylə bağlı istintaqın ilkin mərhələsində həmin ərazidəki obyektlərlə də bağlı araşdırma aparılırdı. Müstəntiq obyekt sahiblərini çağırıb dindirib: “Əvvəl istintaq düz yolda idi. Sonra nə oldusa, istintaqın yönü dəyişdi, müstəntiq bu faktların üstündən keçdi”.

Müdafiəçi ölümlə nəticələnmiş çökmənin səbəbkarlarının müəyyənləşdirilməsindən ötrü bir sıra vəsatətlər qaldırıb. O, məhkəmənin hadisə yerinə baxış keçirməsini, bu prosesə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssisin də qatılmasını istəyib: “O mütəxəssislərdə hadisə yerini ölçmək üçün xüsusi cihazlar var. Dəqiq ölçü aparılmalıdır ki, pozuntuları müəyyənləşdirmək mümkün olsun”.

A.Ramazanov vurğulayıb ki, həmin ərazidə hansı qurumun təmir-tikinti işləri apardığı aydınlaşdırılmalıdır. O, bundan ötrü Dövlət Su Ehtiyatları Agentliyinə sorğu göndərilməsini istəyib.

“İki metr hündürlüyündə ağır dəmirləri, armaturları da külək apardı?”
Vəkilin daha bir vəsatəti ərazidəki “Təhlükəsiz şəhər” kameraları və ətrafdakı obyektlərin müşahidə kameralarından videogörüntülərin alınması barədədir. O, vəsatətini də belə əsaslandırıb ki, təqsirləndirilən A.Cümşüdov hadisədən bir müddət əvvəl – çökmə baş verən ərazidə işlədiyi dövrdə lövhələr vasitəsilə çəpərləmə işləri görüb, ora lent çəkilib. Bu işlərin görülməsini təsdiqləyən görüntülər də idarə rəhbərliyinə təqdim olunub. Sonradan nə baş veribsə, çəpərlər və lent yoxa çıxıb: “Deyirlər ki, lentləri külək aparıb. Bəs iki metr hündürlüyündə ağır dəmirləri, armaturları kim apardı? Onları da külək çıxarıb aparmır ki. Cinayət işinin materiallarında yalnız hadisə anının görüntüləri var. Bizsə xahiş edirik, həmin ana qədər olanların da görüntüləri alınıb araşdırılsın. O görüntülərə baxılsa, aydınlaşacaq ki, Azər Cümşüdov öz işini görüb”.

Müdafiəçi olaydan öncə 40 gün ərzində baş verənlərin görüntülərini almaqdan ötrü Daxili İşlər Nazirliyinə sorğu göndərilməsini xahiş edib.
Qaldırılan məsələlərdən ikisi – videogörüntülərin alınması və Dövlət Su Ehtiyatları Agentliyinə sorğuların göndərilməsi barədə vəsatətlər təmin olunub.

Ardından prokuror təqsirləndirilən A.Cümşüdov haqqında ittiham aktını açıqlayıb. A.Cümşüdov özünü təqsirli bilməyib.
Bu iş üzrə məhkəmə araşdırmaları yanvarın 15-də davam edəcək.

Xatırlatma

Bu il iyunun 26-da paytaxtın Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanı qarşısında Cümşüd Cümşüdlü dayandığı vaxt qəfildən yer çöküb və o, çirkab sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularını təmizləmə anbarından tapılıb.

Cinayət işinin materiallarında göstərilib ki, olayın yaşandığı kanal Bakı Su Kanal İdarəsinin balansındadır və bu qurum tərəfindən istismar olunur.
Təqsirləndirilən Azər Cümşüdov hadisəylə hər hansı bağlılığının olmadığını deyir. O, hadisə baş verərkən, artıq həmin ərazidə işləmədiyini, başqa əraziyə göndərilməsini təsdiqləyən əmrin də olduğunu bildirib.

(Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rövşanə ginekoloqun paylaşımına görə nazirliyə müraciət etdi – FOTO

redaktor

İsmayıl Vəliyev və digərlərinin cəzası azaldıldı

admin

İlon Mask Rusiya gündəmində: siyasi sığınacaq, Trampla gərginlik və Tesla şoku

redaktor