Beləliklə, 2025-ci il konstitusiya və suverenlik ili kimi Qızıl amnistiya ilə yekunlaşır. 20 000 məhbus amnistiyaya düşəcək. Proses artıq başlayıb və 4 aya bitəcək. Humanist və təqdirəlayiq qərardır.
Bir vaxt həbsxanada yatmış bir jurnalist həmkarım mənə müsahibəsində belə demişdi: həbsxana ölüm deyil, orda da bir həyat var, orda da adamlar yaşayırlar. Həmkarım bu sözləri 16 il əvvəl demişdi, 2009-cu il o vaxt idi ki, Azərbaycandakı həbsxanalar Avropa təşkilatları tərəfindən monitorinq edilirdi.
İndi nəinki beynəlxalq, məncə heç daxili monitorinqlər də aparılmır və biz tez-tez həbsxana həyatının dözülməz olduğunu eşidirik. Belə vəziyyətdə əhv də, amnistiya da səbirsizliklə gözlənən və yenidən doğulmaq kimi bir hiss yaşadan tədbirə çevrilir.
Təbii ki, bu dəfə də adamların sevinci, prezidentə təşəkkürü müşahidə olunacaq. Lakin hər dəfə belə tədbirlərdə yüzlərlə dustaq azadlığına qovuşsa da, növbəti tədbirdə yenə də eyni rəqəmləri görmək olar.
2024-cü ilin beynəlxalq hesabatlarına görə Azərbaycanda 26 894 nəfər məhkum var. Sarsıdıcı rəqəmdir! Bu o deməkdir ki, hər 100 000 nəfərin 264 nəfəri məhbusdur. Cənubi Qafqaz üzrə Azərbaycan heç də yaxşı göstərici sərgiləmir. Ən yaxşı vəziyyət Ermənistandadır. Orda məhbusların sayı 2500 nəfərdir. Azərbaycanın məhbusların sayına görə regionda liderə çevrilməsi heç şübhəsiz ki, ağır mənzərədir. Miqyasına, əhalisinin sayına görə kiçik, lakin regionun aparıcı ölkəsi üçün kriminal ölkə və cəmiyyət statusu qazanması ölkəmizin onsuz da bədbin rəngli portretini bir az da qaraldır.
Bu rəqəm onu deyir ki, həbsxanaların sayı da analoji olaraq çoxdur. Və bütün bu “xüsusi həyata” xərclənən dövlət vəsaiti də milyonlarla manatdır. Halbuki, həmin milyonlarla vəsait ölkənin inkişafına, xalqın rifahına sərf oluna bilərdi.
Nə üçün ölkəmizdə bu qədər məhbus var? Siyasi məhbuslar istisna olmaqla, niyə adamlar yüngülündən tutmuş ağırına qədər təsnifatından asılı olmayaraq cinayətə meyllənirlər? Bu tendensiya nə ilə bağlıdır? Hər şey həyat şəraiti və səviyyəsiləmi əlaqəlidir? Cəmiyyətin psixoloji, sosial durumu və tələbləri üzrə sosioloji təqdqiqatlar və təhlillər niyə aparılmır? Sosioloji prosesləri öyrənən institutlar dövlətin inkişafında və xalqın rifahında böyük rol oynayır. Təəssüf ki, ölkəmizdə belə vacib və mühüm sahə mövcud deyil.
Qızıl amnistiya 20 000 məhbusu azadlığına qovuşduracaq. 5000 məhbus tam, digərlərinin isə müddəti azaldılmaqla baş verəcək. Azadlıq həmişə və hər yerdə müsbət hadisədir. Həm də əgər əhəmiyyətli nəticəsi olursa.
Beləliklə, 4 ay müddətində həbsxanalarda 5 000 yer tam boşalacaq. Digərlərinin də müddəti bitdikcə. Bu həm də o deməkdir ki, məhbus sadəcə olaraq həbsxananın qapısından çıxmır, onun həbsxanadan sonrakı azadlıq həyatı başlayır. Deməli, 20 000 adamın həm də cəmiyyətə yenidən inteqrasiyası getməlidir. Bəs mövcud iqtisadi-sosial, mənəvi problemlər və ümumi daxili güvənsizlik və depressiya şəraitində bu inteqrasiyanın keyfiyyəti hansı balı qazanacaq? Boşalmış yerləri yeni və ya elə köhnə keçmiş məhbuslar yenidən tutmayacaqmı?
Qızıl amnistiyanın əhəmiyyətli nəticəsi üçün hökuməti düşündürməli olan məsələlərdən biri də məhz bu mövzuda olmalıdır.
