Yunanıstanlı iqtisadçı Yanis Varufakis Azərbaycanda həbsdə olan iqtisadçı və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə ilə bağlı videomüraciət yayımlayıb. Varufakis müraciətində prezident İlham Əliyevi Mehralızadəni azad etməyə çağırıb.
Varufakis deyib ki, bayram tətili dövründə müraciət etsə də, Fərid Mehralızadə 2024-cü ilin mayından bəri müxtəlif ittihamlarla həbsdə saxlanılır: “Biz indi bayram tətilini qeyd edirik, amma Fərid hazırda həbsdədir. Və o, tək deyil”.
Onun sözlərinə görə, beynəlxalq insan haqları təşkilatlarının məlumatlarında Azərbaycanda daha 24–25 jurnalistin də həbsdə olduğu qeyd olunur və onların “dəhşətli cinayəti” hökuməti tənqid etmələridir.
Azərbaycan hakimiyyətinin həbslərlə bağlı izahlarına toxunan Varufakis bildirib ki, rəsmi qurumlar jurnalistlərin peşə fəaliyyətinə görə yox, cinayət ittihamlarına görə cəzalandırıldığını iddia edir:
“Amma biz həqiqəti bilirik, elə deyilmi? Jurnalistləri həbsə atanda hər bir avtoritar rejim məhz belə deyir”. O əlavə edib ki, bu yanaşmanı ifşa etmək cəmiyyətin borcudur.
Varufakis Fərid Mehralızadə ilə bağlı müraciətinin şəxsi səbəbini də qeyd edib. Bildirib ki, Mehralızadə həbsdə olduğu müddətdə, onun xəbəri olmadan, iqtisadçının kitablarından birini Azərbaycan dilinə tərcümə edib:
“Fərid mənim xəbərim olmadan, həbsdə olduğu müddətdə məni şərəfləndirərək kitablarımdan birini Azərbaycan dilinə tərcümə edib”. Varufakis bunu xüsusi vurğulayaraq deyib ki, “həbsdə olan bir jurnalist vaxtını gənclərə kapitalizmin necə işlədiyini izah edən iqtisadiyyat kitabını tərcümə etməyə sərf edib”.
İqtisadçı bunun təkcə Azərbaycanla məhdudlaşmadığını, jurnalistlərin tənqidə görə cəzalandırıldığı hər yerdə problemin hamıya aid olduğunu deyib:
“Dünyanın harasında olursa-olsun, jurnalistlər hökumətlərini tənqid etdiklərinə görə həbsdə çürüyürsə, heç birimiz gecələr rahat yata bilmərik”. Bu kontekstdə o, birbaşa Azərbaycan prezidentinə müraciət edib: “Fərid Mehralızadəni dərhal azad edin. Sizi əsəbiləşdirən hər bir jurnalisti azad edin. Bu, onların işidir. Qoy işlərini görsünlər”.
Varufakis həmçinin ictimaiyyətə çağırış edərək, Mehralızadə və digər jurnalistlərin azadlığı üçün kampaniyaya qoşulmağa səsləyib:
“Dövlət repressiyası sizə yaxın bir yerə də gəlir”. O, bunun yalnız “Azərbaycan kimi yerlərdə” baş verən bir məsələ kimi görülməsinin yanlış olduğunu bildirərək Almaniya, Fransa, Kanada, Avstraliya və ABŞ kimi ölkələrin adını çəkib və vurğulayıb: “Yox, deyilsiniz. Biz də deyilik”.
Müraciətin sonunda Varufakis daha geniş çağırışla çıxış edib: “Ona görə Fəridi azad edin. Qəzzadan Azərbaycana, Britaniya və Yunanıstandan Hindistana, Rusiyaya və Çinə qədər hər yerdə jurnalistləri azad edin və qoruyun. Gəlin təzyiqi artıraq və onu heç vaxt dayandırmayaq”, – o, “X” platformasında paylaşdığı videomüraciətində deyib.
“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən Fərid Mehralızadə Varufakisin “Qızımla iqtisadiyyat söhbətləri” kitabını Azərbaycan dilinə tərcümə edib və kitab artıq çapdan çıxıb. Əsərdə qlobal iqtisadiyyatın əsasları gündəlik həyatdan götürülən nümunələrlə izah olunur, pulun, bazarların, əmək və kapitalın mahiyyəti açıqlanır, ədalətsizlik, bərabərsizlik və müasir böhranların səbəbləri müzakirə edilir. Müəllif mətni qızına xitab formasında qələmə alsa da, kitabın bütün yaş qrupları üçün nəzərdə tutulduğu bildirilir.
Mehralızadə kitabla bağlı fikirlərini bölüşərkən əsərin geniş oxucu auditoriyası üçün əlçatan dildə yazıldığını vurğulayıb.
Fərid Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində həbs olunub. Ondan əvvəl bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, həmçinin jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova saxlanılmışdı.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər. (AbzasMedia)
