Bu gün İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyevanın cəzaçəkmə müəssisəsində məhkum qadının uşağını qucaqladığı şəkilə baxdım.
Həmin qadın Amnistiya aktı ilə cəzadan azad edilərək azadlığa buraxıldı. Doğrudan da cəzaçəkmə müəssisəsi qadın yeri deyil və heç bir qadına oranı arzulamıram. Ora insanı çox dəyişdirir, xüsusilə də qadınları.
Əvvəl bu qadağalar Kürdəxanıdan başlayır. Təsəvvür edin 8-10 qadın balaca bir otaqda yaşamağa məcburdur. Otağın kənarlarında üst-üstə olan dəmir çarpayılar, ortasında stol, ətrafında stullar və kənarda ayaqyolu var.
Ayaqyolu həm də hamamdır. Nazik bir kərpiclə arası kəsilib. Hətta içəridə rahat otura da bilmirsən. Hər hərəkət və səsi otaqdakılar dinləyir. Adam biabır olur, utanır. İsti su həftədə bir, ən çoxu iki dəfə verilir. Soyuq su isə gün ərzində saatla gəlir. Hər bir ayaqyolunda onlarla su qabı var.
Otaqda soyuducu olmur. Soyuducu ümumidir və otaqdan bayırdadır. Yay demək olar ki, cəhənnəmi xatırladır. Hər otaqda 4-5 sərinkeş işləsə də xeyri yoxdur. İstilik 50 dərəcəyə qədər qalxır. Ən arzulanan şey soyuq sudur. Bu suyu əldə etmək də çətindir. Saat 6 da bayır qapısı bağlanır və 8-10 qadın bir-birinin üzünə baxa-baxa qalır. Ən arzulanan şey isə telefon danışığına çıxmaqdır. Cəmi 5-10 dəqiqə azadlığın dadını telefonla çıxara bilərsən. Bəzən buna da məhdudiyyət qoyulur.
Səni məhkəməyə apardıqları maşın isə “varonok” adlanır. Bu isə tam bir ölüm maşınıdır, xüsusilə istidə. İnsan panik atak keçirir, ürəyi az qalır dayansın. Ardını yazmıram ki, daha da pis olmayın. Bir sözlə, qadın azadlıqda gözəldir.
