Amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə bu dəfə Prezident İlham Əliyev şəxsən çıxış etdi. Rəsmi açıqlamalara görə, amnistiya aktı 20 mindən çox şəxsi əhatə edəcək. Hakimiyyət bu addımı humanizm, mərhəmət və sosial ədalət nümunəsi kimi təqdim etməyə çalışır. Lakin cəmiyyətdə və beynəlxalq müstəvidə daha təbii bir sual yaranır: niyə məhz indi və niyə bu qədər nümayişkaranə şəkildə?
Əgər söhbət humanizmdən gedirdisə, bu sual illər əvvəl də verilə bilərdi. Çünki Azərbaycan uzun müddətdir ki, həbsxana statistikasına görə təkcə regionda yox, Avropa miqyasında da “liderlərdən” biridir. Avropa Şurasının “SPACE I” hesabatı və World Prison Brief məlumatları bunu açıq göstərir: hər 100 min nəfərə Azərbaycanda 264, Gürcüstanda 261, Ermənistanda isə cəmi 83 məhbus düşür. Bu rəqəmlər təkcə cinayətkarlığın səviyyəsindən yox, dövlətin cəza və repressiya fəlsəfəsindən xəbər verir.
Xüsusilə Ermənistanla müqayisə rəsmi Bakının sevdiyi “biz regionun ən sabit ölkəsiyik” tezisini darmadağın edir. Daha kasıb, daha zəif təhlükəsizlik sisteminə malik bir ölkədə məhbus sayı üç dəfə azdırsa, problem artıq cinayətdə yox, siyasətdə və idarəçilikdə axtarılmalıdır.
Bu fonda Avropa Parlamentinin Azərbaycandakı siyasi məhbuslarla bağlı növbəti çağırışları səslənir. Yenə azadlıqlar tələb olunur, yenə adlar çəkilir, yenə rəsmi Bakı “qərəz”, “ikili standartlar” və “daxili işlərə müdaxilə” ritorikasına sığınır. Amma bu dəfə fərq ondadır ki, hakimiyyət ilk dəfə öz arqumentlərini gücləndirmək üçün amnistiya kartını irəli sürür. Yəni İlham Əliyev Avropa parlamentinin Azərbaycana belə bir çağırış edəcəyindən xəbər tutan kimi Amnistiya elan edib. Bununla da gözlənilən zərbəni zəiflətməyə çalışıb…
Lakin bu kart köhnədir və Qərb üçün artıq inandırıcı deyil. Çünki amnistiya azadlıq deyil. Amnistiya o deməkdir ki: “cinayət var idi, amma dövlət olaraq biz cinayətkarı bağışladıq”. Avropa Parlamenti isə illərdir deyir ki, problem bağışlamaqda yox, cinayətin özündədir. Siyasi motivli həbslər amnistiya ilə yox, bəraətlə həll olunur.
Ona görə də bu amnistiya nə siyasi məhbus problemini aradan qaldırır, nə də Azərbaycanı beynəlxalq tənqidlərdən xilas edir. Əksinə, sualları daha da artırır: əgər bu qədər insan bir imza ilə azad edilə bilirsə, deməli, onların bir hissəsi ümumiyyətlə həbs olunmamalı idi.
Beləliklə, İlham Əliyevin “heç kimin gözləmədiyi humanist addımı” əslində nə humanistdir, nə də gözlənilməz. Bu, beynəlxalq təzyiqlər fonunda atılan hesablanmış siyasi manevr, imic xilasetmə əməliyyatıdır. Problem isə olduğu kimi qalır: siyasi motivli həbslər davam edir, məhkəmə sistemi müstəqil deyil və amnistiyalar azadlıq yox, sadəcə müvəqqəti sakitlik yaradır.
