Dünya bir təhlükəli ildən digərinə qədəm qoymaqdadır. 2026-cı ilin əminamanlıq ili olacağını demək üçün heç bir obyektiv şərt yoxdur. Hər şeydən əvvəl 2025-də davam edən silahlı münaqişələrin növbəti ilə daşınması səbəbindən.
Bütün cəhdlərə baxmayaraq, nə nə Rusiya-Ukrayna cəbhəsində, nə də Yaxın Şərqdə sülhə nail olmaq istiqamətində səmərəli addımlar atılmayıb. Bu da səbəbsiz deyil. Əsas səbəb həmin müharibələrə münasibətdə kommersiya maraqlarının önə çıxmasıdır.
Bunu da görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Hər iki münaqişənin həllində (guya) vasitəçilik edənlər arasında peşakar diplomatlar və siyasətçilər nəzərə çarpmır. Ən azı bu işdə aparıcı rol oynayan ABŞ tərəfdən vasitəçilik edənlərlə bağlı vəziyyət belədir.
Şübhəsiz ki, hər bir sülh anlaşmasının hökmən iqtisadi çıxanları da olmalıdır, amma onların əsas, bəzən isə yeganə prioritet olması bu anlaşmanın əldə olunmasına nəinki müsbət təsir etmir, əksinə, münaqişənin bir qədər də alovlanmasına səbəb olur.
Buraya mövcud münaqişələrin davam etməsində maraqlı olan siyasi amilləri də əlavə etdikdə qarşımızda daha da məyusedici mənzərə açılır. Məsələn, Yaxın Şərqdə bu gün sülhün əldə olunması münaqişə tərəflərinin heç birinin marağında deyil.
Təxminən eyni vəziyyət də Rusiya-Ukrayna müharibəsindədir. Bu da tamamilə anlaşılandır, çünki davamlı müharibə ona cəlb olunmuş tərəflərin hər birində yeni (müharibə şəraitinə uyğun) ictimai-siyasi reallıq formalaşdırır.
Müharibə bitdikdə isə təkcə yeni ictimai-siyasi mühitə ehtiyac yaranmır, həm də müharibə dövründə baş verənlərin müzakirəsi gündəmə gəlir. Bundan başqa zorakılığa, qətlə və vəhşiliklərə alışmış nəhəng bir kütlə döyüş meydanından cəmiyyətin sıralarına qayıdır.
Nəhayət, post müharibə dövrü həm də cəmiyyətin özündə yeni ictimai şüura transformasiya prosesinə start verir. Insanlar və bütövlükdə cəmiyyət gündəlik həyatda baş verənlərə müharibə dövründə olduğundan fərqli münasibət sərgiləməyə başlayır.
Buraya post müharibə dövründə baş verməsi zəruri olan sosial-iqtisadi keçidi də əlavə etdikdə, müharibədən çıxmağın ona daxil olmaqdan heç də asan olmadığını deyə bilərik. Bütün bunlar da ilk növbədə hakimiyyətləri yeni keyfiyyətdə hədəfə gətirir.
Məsələn, Ikinci Dünya Müharibəsindən qalib çıxan Britaniyanın qalib “müharibə hökumətinin” seçkilərdə məğlub olması və ya 44 günlük müharibədən sonra Ermənistanın məğlub “müharibə hökumətinin” möhkəmlənməsi belə fenomenlərdəndir.
Bunlar da mövcud “müharibə hökumətləri” üçün əyani vəsaitlərdir. Üstəlik də bu hakimiyyətlərin müharibə dövründə törətdikləri hərbi, maliyyə və s. cinayətləri varsa. Onlar da şübhəsiz ki, var və bütün bu səbəblərdən də mövcud müharibələrin tezliklə bitəcəyi inandırıcı görünmür.
