Bu gün İRİA texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirdiyini bildirib.
Hələ üstəlik “Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi” mövzusunda panel sessiyası da təşkil edib.
Amma maraqlı məqam odur ki, bu görüş və müzakirələr qapalı olub, maraqlı tərəflər cəlb olunmayıb.
Burada söhbət hansı şirkətlərin vergidən azad edildiyindən, rezidentlərin hansı prinsiplər və hansı qərar əsasında müəyyən olunmasından, Prezidentin məlum fərmanından keçən 3 il ərzində hansı nəticələr əldə olunmasından gedir.
O da maraqlıdır ki, İRİA dövlət qurumu olaraq onun vəzifələrinə aid olmayan hansısa bir yarışın, müsabiqənin təqdimatına maraqlı tərəfləri toplaya bilur. Amma daha aktual, ictimai əhəmiyyət kəsb edən müzakirələr qapalı keçirilir.
Öncədən də məlumdur ki, məhz yuxarıda adı çəkilən “texnopark rezidenti” məsələsilə bağlı ciddi problemlər var, məhz bu məsələ ilə bağlı İRİA və DVX arasında uzun-uzadı müzakurələr keçirilib. Ötən illər hətta Prezidentin bu məsələ ilə bağlı 2022-ci ilin sonunda qəbul etdiyi fərmanın düzgün icra olunmadığıdan, düzgün anlaşılmadığından onun ləğvi və ya şərhi ilə bağlı məsələ gündəmə gəlmişdi.
Xatırladıram ki, Prezidentin adı çəkilən fərmanında indi İRİA-nın açıqladığı fotolardan görünən, “dövlət sifarişləri üzərində oturan” nəhəng İT şirkətlərin vergidən azad edilməsindən söhbət getmirdi.
Fərmanın mahiyyəti ondan ibarət idi ki, xaricə yönəlik fəaliyyəti olan kiçik və orta biznesin, startapların fəaliyyətinə dıstək verilməlidir.
Əlbəttə, oturuşmuş İT şirkətlərə qlobala çıxış üçün dəstək verilməlidir, amma bu məsələ Prezidentin fərmanına məlum fərmanının predmeti deyil.
Amma indiyədək də bu məsələlərə aydınlıq gətirilməyib. İRİA -nın rəhbərliyi köhnə səhvləri indi davam etdirir. Vergidən azad olunma mexanizmi düzgün aparılmır, məəttəl qalası vəziyyətdir ki indiyədək də qanunverivcilikdə nəzərdə tutulan Ekspert Şurası formalaşdırılmayıb.
Bu struktur yaradılmadan qəbul edilən qərarların isə hansısa hüquqi əsası yoxdur.
Təsəvvür edin ki, sadəcə daxili bir imza ilə tenderlərdən milyonla gəlir əldə edən bir nəhəng oturuşmuş şirkət, hansısa innovasiyası və hansısa xarici fəaliyyıti olmadığı halda bir anda vergidən azad edilir. Bu necə baş verə bilər, anlamıram.
Kənarda isə, yenicə yaranan, xaricə yönəlik fəaliyyəti olan kiçik bir biznes qurumu boynunu bükərək güzəşt axtarır.
Məhz bu tip addımların nəticəsidir ki, İT yönümlü ixrac sahəsində regionda ən aşağı göstərici bizdədir, innovasiya və startap sahəsində qlobal göstəricilər ən aşağı vəziyyətdədir.
Çox təəssüf edirəm ki, bəzi sahələrdə müəyyən uğurlar olmasına baxmayaraq İRİA texnopark siyasətindəki qüsurları aradan qaldırmağa diqqət yetirmir, proses qeyri-şəffaf qurulur, qapalı müzakirələr aparır, bir imza ilə anlaşılmaz və mövcud normalara zidd qərarlar verir. Hesabatlılıq yoxdur. Prezidentin bununla bağlı fərmanı düzgün icra olunmur.
Ümid edirəm sektorda qərar verənlər, Prezidentin fərmanlarının icrasına cavabdeh olanlar da baş verənlərin fərqindədir.
