DünyaSiyasət

Dəmir yumruqla dialoq olarmı?

Baxıram, Qərbdəki bloqerlərlə iqtidar arasındakı uçurum getdikcə dərinləşir. Avropa İttifaqı iqtidardan tələb edir ki, 400-ə yaxın siyasi məhbusu azad etsin. İqtidar isə deyir ki, yox, heç elə şey yoxdur, biz hələ Qərbdəki bloqerlərin də qoluna qandal vurub Bakıya gətirəcəyik. Onların üzünə tüpürəcəyik. İmkanları olsa, Bakının mərkəzində dar ağacı qurub insanları asarlar.

Bloqer kimdir ki? Tək adamdır. Öz fikirlərini ifadə edir. Bəzən qırmızı xətləri keçərək danışır. Ancaq iqtidar özünü daha sanbalı aparmalı deyilmi? Ən pisi odur ki, bloqerləri söyüş söyməkdə ittiham edən iqtidar mirzələri özləri də söyüş ritorikasına üstünlük verirlər.

Mən dəfələrlə demişəm ki, iqtidar Qərbdəki müxalif düşüncəli insanlarla anlaşmağı bacarmalıdır. Ən azı buna cəhd etməlidir. iqtidar nə edir? Azərbaycanın daxilində 24 jurnalisti qondarmaq ittihamlarla həbsdə saxlayır. Azərbaycanın Ana müxalifəti partiyası olan AXCP-in sədri Əli Kərimlini də tutub basıb içəri. Yəni bizim möhtəşəm iqtidar Azərbaycanın daxilində də müxalifətlə zor müstəvisində danışır, xaricdəki müxalif mühacirlərə də hədə-qorxu gəlir. Onları həbslə, qətllə hədələyir, barmaq silkələyir…

2018-i ilin elə bu vaxtlarında dəhşətli bir hadisə baş verdi. Siyasi mühacirətdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarı təhqir olundu. Hamınızdan üzr istəyərək deyim ki, iki nəfər V. İsgəndərlinin atasının Göyçayın Məlikkənd qəbiristanlığındakı məzarının üstünə işədi. Bu rəzalətin video-görüntüləri Youtube kanalına yerləşdirildi, sosial şəbəkələrdə paylaşıldı. Bu rəzalətə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov belə bir şərh verdi: “Vidadi İsgəndərli atasının məzarının təhqir edilməsi işini özü təşkil edib”. Siz bir həyasızlığın səviyyəsinə baxın…

Aydındır ki, həmin olay, daha doğrusu həmin vəhşilik iqtidarın göstərişi ilə həyata keçirilmişdi. Azərbaycanda kimsə özbaşına belə şeylər etməz, etsə belə bunu videoya çəkib dünyaya yaymaz…

Sonra nə oldu? V. İsgəndərli son dərəcə radikal şəkildə iqtidarı söyməyə başladı. İqtidar nə etdi? 2024-cü ildə V. İsgəndərli öz evində bıçaqlandı. Az sonra o, aldığı yaralardan dünyasını dəyişdi. Təbii ki, qətilin sifarişçisinin iqtidar olması ehtimalı son dərəcə yüksəkdir. O da şübhə doğurmur ki, bu cinayətin üstü nə vaxtsa açılacaq…

Bu faktı niyə xatırladıram? 2018-ci ildə siz, yəni iqtidar V. İsgəndərlinin atasının məzarını təhqir etməklə mühacir bloqerləri susdurmaq istədiniz. Alındımı? Alınmadı.

2025-ci ildə isə Fransada yaşayan bloger Məhəmməd Mirzəliyə hücum planlamaqda ittiham olunan şəxsə 10 il həbs cəzası veriblər. Xatırladım ki, Məhəmməd Mirzəliyə 2022-i ildə bıçaqla hücum olmuşdu. Ondan qabaq da o, ölümcül təhlükə ilə üzləşmişdi…

V. İsgəndərli öldürüldü. Məhəmməd Mirzəli isə öz fəaliyyətini davam etdirir.

Sözümün canı odur ki, hədə-qorxu ilə bu iş düzələn deyil. Digər bloqerlər də əvvəlkindən daha radikal çıxışlar edirlər.

Mən nə deyirəm? Nə vaxtdır deyirəm ki, qarşılıqlı şəkildə müəyyən güzəştlərə getmək lazımdır. Yəni Azərbaycanın daxilində də, xaricində də müxalif düşüncəli insanlarla oturub söhbət etməklə problemi mərhələli şəkildə, tədricən həll etmək olar. Sadəcə bu iş görmək üçün ağıl və səbir lazıdır. Qoçu Əsgər təfəkkürü ilə belə işlər yoluna qoyulmaz…

Təəssüf ki, YAP hələ də V. İsgəndərlinin atasının qəbrinin üstünə işəmək kimi barbar bir düşüncəyə söykənərək müxalif düşüncəli insanlara “xox” gəlmək istəyir. Onlar haqqında Azərbaycanın oyuncaq məhkəmələri qiyabi hökm çıxarır. Təbii ki, bu kimi şeylər iqtidarı cinayətə sürükləyən yoldur. İqtidar partiyası isə bu yoldan dönmür ki, dönmür…

Özünüz bilərsiz. Qırın bir-birinizi. Mənim bildiyim odur ki, qeyri-insani davranış nə iqtidara, nə də müxalifətə şərəf gətirmir. Azərbaycanın gələcəyini isə təhlükə altına atır…

Heç olmasa meyxana deyən qaqaşlardan nümunə götürün: “Sən mənə can deginən, mən də sənə can deyəcəm”…Bizim iqtidar isə müxalifətə zəhrimar deyir, sonra da təəccüblə soruşur ki, məni niyə söyürsüz?…

Onu da deyim ki, Qərbdə yaşayıb söyüş söymədən, təhqiredici ifadələr işlətmədən iqtidarı tənqid edənlər də var. Biri ilə mən özüm. Mən Bakıda olanda iqtidar təmsilçiləri öz aləmlərində mənə kompliment deyirlər. Deyirlər ki, bəy, sən yaxşısan, dövlətilik mövqeyindən çıxış edir. O birisilər isə… Bəs siz niyə dövlətçi deyilsiz? Niyə xalqın gün-güzəranını düzəltmək haqqında düşünmürsüz? Konkret iş görmürsüz. Oğurluq pula sitayiş edirsiz. Pul ki, Allah deyil…

Nəsə, ancaq biri demir ki, bəy, bəlkə geri dönəsən. 22 ildir ki, mühacirətdəsən. Bakıda yaşayıb jurnalist kimi işləyə də bilərsən. Dövlətçilik mövqeyində olduğuna görə dövlət də sənə hər cür dəstək verməyə hazırdır. Niyə demirlər? Çünki tənqidçi jurnalistlərə patoloji nifrətləri var. Bizim iqtidara Mir Şahin kimi möhtəşəm jurnalistlər lazımdır.

Niyə belədir? Çünki iqtidar düz sözü eşitmək istəmir. İstəsə, Azərbaycanda siyasi və iqtisadi islahatlara getməlidir. İlham Əliyevsə təkidlə Azərbaycanı dədə-baba qaydası ilə, yəni dəmir yumruqla idarə etməkdə israrlıdır…

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirdi

redaktor

Trampdan Makrona evlilik tövsiyəsi

redaktor

Putindən qəhrəman yaratmayın, Rusiya dağılsa… – Lukaşenko

redaktor