Instagram-da bilgisiz dietoloqlar dolub. Kimin qarnı var, əlinə xiyar verib otuzdururlar aclığa. Bilgisiz müalicə çox qorxulu nəticələrə gətirər, inanmayın.
Araşdırmalar göstərir ki, qarının yaranmasında qidanın rolu sandığınızdan azdır. Adamlar var yemir, içmir, amma elə qarnı çıxır. Məsələ burasındadır ki, qarın piylənməsinin böyük bir hissəsi stresli həyat tərzindən qaynaqlanır.
Nə dəxli var? Deyim. Bunun üçün bir az keçmişə gedək, yüz min illər əvvələ.
Bu gün dünyada var olan canlılar mükəmməl bədənə sahibdirlər. Ürəyi, böyrəyi, ciyəri, beyni, mədəsi, hamısı bir-biri ilə əlaqəli işləyən mükəmməl varlıqlarıq. Mükəmməl olmayanlar təbiətdə məhv olub getdi. Sağ qalan biz olduq. Milyon il əvvəl nə qədər canlı var idisə günümüzə onun 0.1% növü gəlib çatıb.
Sadəcə, bu bədəniniz 21-ci əsr ofisləri üçün yox, 100 min illər əvvəlin vəhşi təbiəti üçün dizayn olunub. Orqanların ayrıca gözü, beyni yoxdur anlasın ki, biz artıq mağarada yaşamırıq.
Deməli, qədim insan meşə ilə gedir, qarşısına yırtıcı heyvan çıxır. Beyin qorxuya düşür, “həyəcan siqnalı” göndərir, böyrəküstü vəzilər tez kortizol hormonu ifraz edir, qandakı şəkəri artırır.
Bu enerji hesabına insan 3 dəfə daha sürətli qaçıb canını qurtarır, ya da 3 dəfə daha güclü olub şikarını yıxır.
Kortizol bədəndəki piyləri məhz qarına toplayır. Ayağa toplasa qaça bilmərik, qola versə döyüşə bilmərik. Qarın boşluğu ağırlıq mərkəzi kimi ən ideal yerdir. İnsan bu sistemdən keçən əsrə qədər yararlanıb.
100 min il belə yaşadıq, son yüz ildə birdən-birə köçdük dinc həyata. Atdan düşüb maşına mindik.
Oturmuşuq ofisdə; müdir maaşımızı kəsir, administrator kobud davranır, yolda polis saxlayır, qonşu səs salır, evdə problemlər, kredit, borc…
Biz əsəbləşirik, bədən də elə bilir qarşımızda mamont dayanıb, tez şəkəri qana buraxır. Qanda şəkər artır, amma biz qaçmırıq, sadəcə oturduğumuz yerdə əsəbiləşirik. İstifadə olunmayan bu şəkər dərhal piyə çevrilib yığılır qarına.
O üzdən, başda Azərbaycan olmaqla, qarınlı kişilər əsasən stresli, problemli ölkələrdə olur.
Yeganə həll yolu: “Vecsizliyi” artırmaq. Stresin yaratdığı o enerjini əritmək üçün fiziki hərəkəti çoxaltmaq. Təbiətlə tez-tez təmasda olmaq. Dediyim kimi, bu bədən oturmaq üçün yaradılmayıb. Gəzmək, qaçmaq, güləşmək, torpağa toxunmaq, üzmək istəyir.
